Ermənistanda vətəndaş müharibəsi təhlükəsi realdır - Tahir Cəfərli

12:02 30.11.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Siyasi analitik Tahir Cəfərli ilə hafta.az üçün bu dəfəki söhbətimizdə Milli Ordumuzun Qarabağın dağlıq hissəsində cəmi 23 saatlıq lokal əməliyyatından sonra ermənilərin qısa müddətdə Ermənistana kütləvi köçünün hansı qüvvələr tərəfindən təşkil olunması, Moskvanın həmin guya 100 minlik erməni köçündən İrəvanda Paşinyan hakimiyyətini devirməsinin mümkün mexanizmi,  Qarabağ klanının, yəni Ermənistanın eks-prezidentləri R.Köçəryan və S.Sərkisyanın təsiri altında olan qarabağlı erməni mafiyalarının yenidən iqtidara qayıtmaları ehtimalı, Azərbaycanla Ermənistan arasında sülh sazişinin Rusiyanın, yoxsa Qərbin moderatorluğuyla imzalanmasının məqsədəuyğun olması və s. haqda danışdıq.

- Tahir müəllim, sizcə, ermənilərin qısa müddətdə Azərbaycan ərazisindən kütləvi köçünü kimlərsə təşkil etdi, yoxsa bu, sadəcə kortəbii şəkildə baş vermiş bir proses oldu?

-Azərbaycan və ya Rusiya Qarabağda etnik təmizləmə aparmayıb. Kənd təsərrüfatında, mədənlərdə, zavod və fabriklərdə işləyən vətəndaşların ölkəni tərk etməsi ilə hər hansı bir ağıllı ölkə razılaşmaz. Bizim ölkə başçısı isə bu məsələdə çox müdrikdir. O istəyirdi ki, ermənilər Qarabağda qalsınlar, yaşayıb işləməyə davam etsinlər, bir şərtlə - Azərbaycan vətəndaşlığını qəbul edib, Konstitusiyamızı, qanunlarımızı tanısınlar. Ona görə də erməniləri Qarabağdan guya azərbaycanlıların, xüsusən də Rusiya sülhməramlı qüvvələrinin qovduğunu düşünmək doğru deyil...

Ermənilərin Qarabağdan köçünü yalnız onunla izah etmək olar ki, bunda nə Azərbaycanın, nə də Rusiyanın günahı var. Çünki bu, hər iki dövlətin milli maraqlarına uyğun deyil. Buradan məntiqi sual-nəticə çıxır: bu köç kimin hakimiyyət maraqlarına uyğun idi və ya həmin köçü hansı qüvvə təşkil edib? Təbii ki, ermənilərin Qarabağdan köçməsinin təşkili bu ölkədə hakimiyyəti itirmiş şurtvatsları (Ermənistanda Qarabağda yaşamış ermənilər belə adlanır-S.L.) təmsil edən Ermənistanın keçmiş başçılarının işidir. Onlar siyasi hakimiyyəti öz əllərinə almaqdan ötrü haylara (Ermənistan erməniləri-S.L.) təzyiq etmək və N.Paşinyanı vəzifədən uzaqlaşdırmaq üçün bütün iqtisadi, maliyyə və siyasi rıçaqlara malikdirlər...

 Bu mənzərəni təsəvvür edin: gedən şurtvatslar arasında hakimiyyət uğrunda mübarizədə Robert Köçəryanı və Serj Sarkisyanı dəstəkləmək üçün Ermənistana köçmüş 15 mindən çox hərbiləşdirilmiş gənc var. Qarabağdan köç Ermənistanın bu iki keçmiş prezidentinə yenidən hakimiyyətə gəlmək şansı verir. Şurtvatsların Qarabağdan köçündən sonra Ermənistanda haylarla şurtvatslar arasında qüvvələr nisbəti nəinki bərabərləşib, hətta İrəvanda indi haylardan daha çox şurtvatslar üstünlük təşkil edir. Buna Qarabağ ordusunda yaxşı təlim keçmiş qeyd etdiyimiz 15 min gənci də əlavə edin ki, onlar da lazımi anda Paşinyan və onun haylarına qarşı üsyan edəcəklər. Beləliklə, Ermənistan tezliklə vətəndaş müharibəsi ilə üzləşəcək. Onda Rusiya Ermənistanla Rusiya arasında bağlanmış Hərbi Müqaviləni əsas götürəcək və bu, vətəndaş müharibəsinə son qoyacaq...

Azərbaycanın keçmiş vətəndaşları Ermənistanda yenidən hakimiyyəti ələ keçirəcək və bu ölkəni ayı ilə müqayisə edilən Rusiyanın ayıq nəzarəti altında idarə edəcəklər. Ayının isə belə vərdişləri var. O, ovunu öldürür, ancaq onu dərhal yemir, qoxumasını gözləyir. Digər heyvanlar iylənmiş ətə yaxın getmirlər. Müqayisənin mahiyyəti ondan ibarətdir ki, Qərb ölkələri qoxumuş ətə yaxın getməyəcəklər...

- Deyirsiz ki, Qarabağdan ermənilərin son kütləvi köçündə Rusiyanın, “sülhməramlı”ların heç bir təsiri olmayıb, bunu keçmiş Ermənistan prezidentlərinin mafiyası, yəni Qarabağ klanı təşkil edib. Bəs  həmin terrorçu eks-prezidentlər, yəni Köçəryan, Sərkisyan və s. elə sovet dövründən bəri “KQB”-nin, “FSB”-nin agentləri kimi Moskvanın, Rusiyanın adamları deyillərmi?

-Qarabağdan şurtvatsların  köçürülməsində Rusiya  sülhməramlılarının heç bir rolu olmayıb. Hər şeydən əvvəl onu qeyd etməliyik ki, bu, Rusiyanın geosiyasi marağında deyil. 44 günlük müharibəni dayandıran Rusiyanın məqsədi, əksinə, oradakı  erməniləri qorumaq idi. Odur ki, sülhməramlıları Qarabağa yeritmişdilər...

 Şurtvatsların 19 sentyabrdan sonra Qarabağı  tərk etmələri ilk növbədə elə Rusiya üçün gözlənilməz oldu. Yəni Rusiyanın Qarabağla bağlı  bütün planlarına son qoydu.

Rusiya sülhməramlıları bu saat heç kimi qorumur. Odur ki, Azərbaycan Prezidentinin bir tələbi ilə oradan çıxarıla bilər. Ancaq  hələlik onların Qarabağda qalması Azərbaycanı ABŞ və Fransa təcavüzündən qoruyur. Bundan əlavə,  Rusiya qüvvələrinin çıxarılması Qarabağda yerləşdirilmiş Türkiyənin hərbi nəzarətçilərinin də çıxarılmasına səbəb ola bilər. Çoxları indiyə qədər anlamır ki, Türkiyə hərbiçilərinin  Qarabağda olması istər Rusiya, istərsə NATO-nun Qarabağa girməsinin qarşısını alır...

 Bir sözlə, hesab edirəm ki,  Ermənistanla Sülh sazişi imzalanana qədər sülhməramlıların orada qalması indiki dövrdə Azərbaycanın marağındadır...

200 il ərzində Azərbaycana qarşı Rusiyanın etdikləri əsasında bizdə mənfi stereotiplər yarandığından bu günə qədər ölkəmizdə çoxları bu ölkəyə qarşıdır. Ona görə Qarabağda baş verən hadisələrin birbaşa Rusiya ilə əlaqəli olduğunu anlamaq istəmirlər. 44 günlük  müharibədə Rusiyanın kənarda qalması, elə Kremlin erməniləri satqınlığına görə onları yerində oturtmaq üçün ən düzgün addımı idi. Heç bir təzyiq olmadan şurtvastların Ermənistana köç etmələrinin bir siyasi davamı var: şurtvastlar Nikol Paşinyana qarşı inqilab edə bilərlər. Əlbəttə ki, bu, Rusiyanın xeyrinədir. Bununla belə, birbaşa Kremlin oyunu olmadığı da göz qabağındadır...

O ki, qaldı Köçəryanın, yaxud Sərkisyanın  yenidən hakimiyyətə gətiriləcəyinə bu, qeyri-mümkündür. Çünki ilk növbədə bunların hər ikisinin ikibaşlı agentlər olduğu üzə çıxıb. Köçəryan da, Sərkisyan da həm  Rusiya, həm də Qərbə işləyiblər. Bunların satqınlığına görə də Rusiya erməniləri cəzalandırır. Bununla belə,  şurtvatslar yenə də Rusiyaya işləyirlər. Moskva onların arasındakı fəal fiqurlardan birinə stavka edə bilər. Bu, “arsax” deyilən qondarma dövlətin sonuncu “prezidenti” də ola bilər...

 -Qarabağdan getmiş 15 mindən çox hərbiləşdirilmiş erməni gəncinin Paşinyana qarşı üsyan qaldıracağını deyirsiz. Yəni bu halda Rusiya Ermənistanla Hərbi Müqavilədən istifadə edib bu ölkəyə əlavə qoşun yeridərək “sabitlik” yaratmaq adıyla yenidən Qarabağ klanını hakimiyyətə gətirəcək?

-Bu, həqiqətən, belə qurtaracaq. Şurtvastların hərbi dəstələrinin Ermənistana keçməsi Paşinyan üçün böyük təhlükədir və Qarabağ ermənilərinin itirdiyi hakimiyyəti geri qaytarmaq üçün yeganə vasitədir. Nəzərə alsaq ki, haylar şurtvatsların bir nömrəli düşmənləridir, belə nəticə çıxartmağa daha çox əsas əldə etmiş oluruq...

Şurtvastların imza atdıqları Rusiya-Ermənistan Sazişi əsasında ruslar onsuz da  bütün Ermənistanı ermənilərin əlindən alıblar. Ermənistan sərhədlərini də onlar qoruyur. Vəziyyət elədir ki, ermənilər bir balaca da atılıb-düşsələr, Ermənistanı Belarus kimi İttifaq dövlətinə çevirəcəklər. Dərinə gedəndə görürük ki, Paşinyan özü də bilmədən ölkəsini bu İttifaqa yuvarlayır. Qərbin ona kömək olacağı isə demaqogiyadan başqa heç nə deyil...

Rusiya-Azərbaycan münasibətlərində əsas məsələ  tranzit yollarının, o cümlədən  Zəngəzurun işləməsidir. Bu, Türkiyə-Rusiya münasibətlərinin də iqtisadi əsasını yaradır. Bundan əlavə, tranzit yollarının dollarla işləməsi ABŞ-nin iqtisadi  marağındadır. Təsəvvür edirsinız,  Zəngəzur yolunun açılmasından sonra ABŞ-nin nə qədər dolları  dövriyyədə olacaq və bu, ona nə qədər gəlir gətirəcək. Bizlər bilməliyik ki, dünyada gedən bütün proseslərin əsasında iqtisadi maraqlar durur. Bu maraqları təhlil etdikdən sonra, yaxın gələcəkdə  ABŞ-nin Azərbaycana qarşı münasibətinin müsbət olacağını  əvvəlcədən qeyd etmək olar.  

-Ermənilər iddia edir ki, guya Azərbaycan-Ermənistan sərhədindən 100 mindən çox erməni keçib. Azərbaycan dövləti isə rəsmi rəqəm açıqlamayıb. Sizcə, Qarabağdan köçmüş ermənilərin əsl sayı təxminən nə qədərdir?

-Qarabağdakı ermənilərin sayını üç il bundan əvvəl V.Putin demişdi: 48 min nəfər. Ermənilərin köçənlərin sayını 100 min deməsinin Azərbaycana heç bir siyasi zərbəsi yoxdur, əksinə, Azərbaycan ordusunun 23 saata həyata keçirdiyi  əməliyyatının dolayısıyla ermənilər tərəfindən reklamıdır. Elə Rusiya hərbçilərinin əliylə yaxşı silahlandırılmış 15 minlik erməni ordusunun məğlubiyyətinin etirafıdır... Bu rəqəmlə Ermənistan Qərbi aldadır və oradan pul qoparır...

-Hesab etmirsiz ki, nə qədər ki, sülh müqaviləsi imzalanmayıb, Qarabağdan əksəriyyətinin qəlbində kin-kudurət potensialıyla getmiş bu şurtvats köçü (100 min olmasın, lap 40-50 min olsun) bu gün və gələcəkdə istər Rusiyanın, istərsə də Qərb dövlətlərinin əlində Azərbaycana qarşı təzyiq aləti olacaq?

-Heç bir təzyiq olmayacaq. Əksinə,  Ermənistandan qaçqın düşmüş  azərbaycanlıların gerçək sayı ortaya çıxır, ermənilərin isə göstərdiyi sayın yalan olduğu qeyd olunur. Bunu Qərb ölkələrinin mediasında da görmək olar. Azərbaycana 1918-ci ildə Fransada çap olunmuş xəritədəki Azərbaycan əraziləri lazımdır, çünki Azərbaycan  Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin sələfidir. Azərbaycana qarşı ABŞ sanksiya təzyiqi onunla qurtardı ki, ABŞ Dövlət katibi Azərbaycan Prezidentinə zəng vurdu və xahişlər etdi. Nəticəsi o oldu ki, Azərbaycanın bütün tələblərini yerinə yetirəcəyinə söz verdi...

-Necə düşünürsüz, Qarabağdan köçmüş ermənilərin kütləvi şəkildə geri qayıtması ehtimalı varmı?

 -Hesab edirəm ki, şurtvatslar, yəni Qarabağdan getmiş ermənilər heç vaxt  geri qayıtmayacaqlar. Çünki onların qayıtması birbaşa 1988-1989-cu illərdə tarixi Qərbi Azərbaycandan zorla qovulmuş soydaşlarımızın  Ermənistana qayıtmaları ilə bağlıdır. Yəni Qarabağa ermənilərin qayıtmasının qarşısını azərbaycanlıların Ermənistana qayıtması planı alır. Azərbaycan tərəfinin Ermənistana qarşı haqlı iddialarından biri də budur. Bunu Rusiya tərəfi də istəyir. Odur ki, Azərbaycan üçün ən düzgün seçim, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsaslanmaqdır. Ona görə ki, Azərbaycan artıq ABŞ və Avropa İttifaqının  təkliflərini qəbul etmir və  Ermənistanla sülh müqaviləsinin onların məkanında imzalanmasını müzakirə etmir....

İkincisi də, artıq Paşinyan 49 min qaçqın ailəsi üçün İrəvan ətrafında  göydələnlər tikdirir. Belə olduğu halda, hansı başında azca ağıl olan erməni donuz otarmaq üçün Qarabağa qayıdar?.. Şurtvastların Ermənistanda məskunlaşması Azərbaycanın  siyasi marağındadır, odur ki, bu məsələni hallandırmır...

-Sizcə, Azərbaycan üçün Ermənistanla sülh sazişinin Rusiyanın, yoxsa Qərbin moderatorluğuyla imzalanması daha məqbul, daha zəmanətli olar? Bəlkə vasitəçisiz imzalayaq sülh sazişini?

-Azərbaycan üçün sülh müqaviləsinin 10 noyabr razılaşması əsasında bağlanması daha məqsədəuyğundur. Çünki ancaq bu saziş vasitəsilə Azərbaycanın zəbt olunmuş və yaxud Sovet dövründə Ermənistana verilmiş torpaqlarını, o cümlədən, Zəngəzuru  qaytarmaq olar. Fərqi yoxdur, harada və kimin iştirakı ilə. Qərb isə bizdən Sovet dövrünün 1975-ci il xəritəsi əsasında sülh müqaviləsinin bağlanmasını istəyir. Bu cür müqavilə Azərbaycanın marağında olmadığından hörmətli Prezidentimiz  Avropaya və ABŞ-a müzakirələrə getmir və Ermənistanın 10 noyabr sazişinin şərtlərinə əməl etməsini tələb edir. Haqlı tələbdir...

-XIX əsrin əvvəllərindən bəri Azərbaycana qarşı erməni məsələsini, erməni separatizmini, erməni işğalını Rusiya təşkil edibsə, onun himayəsi altında imzalanacaq sülhə necə etibar etmək olar? Kim zəmanət verir ki, 20-30 ildən sonra geosiyasi durum dəyişərsə, həmin vaxtadək varlığını qoruyub saxlayacaq Rusiya imperiyasının Türkiyə ilə münasibətləri korlanarsa, Moskva yenidən Ermənistanı Azərbaycan torpaqlarının işğalına təhrik etməyəcək?

-Hər dövrün öz tələbləri var. Son 30 il göstərdi ki, Azərbaycan öz suverenliyini qorumaq üçün daim silahlanmalı və ancaq özünə arxalanmalıdır. Belə olduqda, geosiyasi vəziyyət dəyişsə də, ölkənin özünü müdafiə mexanizmi olduğundan heç bir ölkə onun işinə qarışa bilməz. Prezident İlham Əliyevin yaratdığı müdafiə mexanizmi qüsursuz işləyir və geosiyasi balansı saxlamağa şərait yaradır.

Rusiya-Türkiyə münasibətlərinin davamı və ya korlanması isə bu işlək mexanizmə heç bir mənfi təsir göstərə bilməz. Biz anlamalıyıq ki, həqiqətən müstəqil dövlətik və müstəqilliyini qoruyan xalq elə özümüzük:  qüdrətli Azərbaycan ordusu və əsgəridir.

Türkiyə-Rusiya münasibətlərinə gəlincə, onlar Atatürk-Lenin doktrinasını həyata keçirirlər. Tamlığı ilə buna nail olsalar, daha Ermənistan tərəfdən Azərbaycana qarşı heç bir təhlükə yarana bilməyəcək. Bütün hallarda Azərbaycan istər Türkiyədən, istərsə də Rusiyadan asılı vəziyyətdə olmayacaq...