“Ermənistandan Qarabağa gələn bütün kommunikasiya xətləri KƏSİLMƏLİDİR”

14:20 24.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Artıq Vətən müharibəsinin başa çatmasının 1 ilinə sayılı günlər qalıb. Bu müddət ərzində Azərbaycan işğaldan azad olunmuş ərazilərin yenidənqurma və bərpası ilə bağlı ciddi işlər görüb və proses davam etməkdədir. Lakin, Xankəndi də daxil olmaqla rus sülhməramlılarının nəzarətində olan bölgələrdə kommunikasiya, kommunal xidmət və digər bu kimi məsələlər hələ də ya rus hərbiçiləri, ya separatçı rejimin qalıqları, ya da Ermənistan tərəfindən həll edilir.

Bəs görəsən nə vaxta qədər erməni əsilli Azərbaycan vətəndaşlarının kommunal xidmətləri bizim yox, Rusiya sülhməramlılarının və Ermənistanın vasitəçiliyi ilə təmin olunacaq?

İqtisadçı ekspert Natiq Cəfərli hafta.az-a açıqlamasında, xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərin kommunikasiyasının Azərbaycan tərəfindən təmin edilməsini həm də, həmin vətəndaşların ölkəmizə inteqrasiyası məsələsində ciddi addım olaraq gördüyünü bildirdi:

“Əslində Xankəndi və ətraf rayonlarda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəyə inteqrasiya olunmasa rus sülhməramlılarının orada qalması ilə həll olunmayacaq. Biz çalışmalıyıq ki, həmin şəxsləri Azərbaycan vətəndaşlığını qəbul etməkləri şərti ilə kommunikasiya və kommunal xidmətlərlə təmin edək və rus sülhməramlılarının bir neçə il sonra ərazilərimizdən çıxarılması baxımdan müsbət qərar ala bilək. Təəssüf ki, rus sülhməramlıları erməni icmasının gələcək taleyindən narahatlığını ifadə edərək orada uzunmüddətli qalmağı düşünür. Hətta sabah Azərbaycan və Ermənistan tərəfi sülh müaviləsi bağlasa belə, orada yaşayan ermənilərin hüquqlarının qorunması bəhanəsiylə qalmağa çalışacaqlar”.

N.Cəfərli bir məqamı xüsusi vurğulayır. Axı niyə görə bizim olan Xankəndiyə işıq, qaz, su və elektrik Ermənistandan gəlməlidir? Ekspertin fikrincə beynəlxalq hüquq bütün bu məsələlərdə bizi dəstəkləməlidir. Çünki, Azərbaycan qaydalardan kənara çıxmır:

“Azərbaycan öz vətəndaşlarının kommunal məsələlərini özü həll etməlidir. Bu bizim suverenliyimizin pozuntusudur. Qarşısını almaq üçün Ermənistan tərəfdən gələn kommunikasiya xəttləri kəsilməlidir. Bundan sonra Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilər kommunal xidmətlərlə bağlı məcbur olub Azərbaycan tərəfinə  müraciət edəcəklər. Ölkəmiz tərəfindən xidmətlərin bərpası orada yaşayan insanların ölkəmizə inteqrasiyasına müsbət təsir göstərəcək. Erməni əsilli vətəndaşlarımız sayğacların quraşdırılması üçün ölkə vətəndaşlığını qəbul edəcəklər. Bu olduqca strateji məsələdir və uzunvədəli düşünmək lazımdır. Nəzərinizə çatdırım ki, bütün bu proseslər beynəlxalq hüquq normaları çərçivəsindədir. Azərbaycan öz ərazisində heç bir müqavilə olmadan başqa ölkələrin kommunikasiya işlərində iştirakına icazə verməməlidir. Misal üçün deyim ki, biz bu dəqiqə Rusiyanın icazəsi olmadan Dağıstana işıq, su, qaz verə bilmərik. Ona görə də heç bir dövlət kommunikasiyanın təmini məsələsində Azərbaycanı qınaya bilməz. O zaman beynəlxalq hüquq pozulardı ki, ölkəmiz həm kommunikasiya xəttlərini kəsir, həm də tərəfimizdən təminini öhdəliyə götürmür. Ancaq vəziyyət heç də elə deyil”.

N.Cəfərli təəssüf hissi ilə qeyd etdi ki,  fikirlərini bəzi insanlar neqativ qarşılayır: “Məsələ ilə bağlı sosial şəbəkələrdə təəssüf doğuran şərhlər olundu. Belə ki, Azərbaycan vətəndaşlarına uzunvədəli düşünmək və strateji addım atmaq öyrədilmir. Nə hökumət, nə müxalifət nə də ictimai fəallar tərəfindən”.

Ekspertin rəyini aldıq. Müzakirələrdən də aydın oldu ki, erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəmizə inteqrasiyası üçün kommunal xidmətlərin ölkəmiz tərəfindən təmin edilməsi olduqca zəruri addımdır. Üçüncü tərəflər prosesi ləngitməkdən savayı bir iş görməyəcək. Bu yerdə isə bir sual yaranır. Görəsən sözügedən ərazilərin kommunal xidmətlərinin ölkəmiz tərəfindən təmini ilə bağlı işlər nə yerdədir.

Məsələ ilə məşğul olan müvafiq qurumlara sorğu ünvanladıq. “Azərişıq”, “Azəriqaz”, “Azərsu”, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məsələyə cavabı yekdil oldu. Qurumların hər biri yalnız icraçı orqan olduqlarını, məsələnin də dövlət səviyyəsində qəbul ediləcək qərar əsasında icra edilə biləcəyini qeyd etdilər.

Oxunma sayı 1537