“Ermənistanı qızışdıran, kömək edən də ATƏT-in Minsk Qrupudur”- Hafiz Hacıyev

15:21 03.11.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün xalq, ordu, dövlət başçısının birliyi millətin, artıq 30 ildir ürəyində qalan Vətənin azadlığı arzusunu reallaşdırır. Bu fikirləri hafta.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. Partiya sədri daha sonra qeyd edir ki,  bu, çox böyük qələbədir və Şanlı Ordumuz hər gün cəsarətlə irəliləyir:

“Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə böyük xariqələr yaradır, Azərbaycan tarixini yazır. Bu baxımdan, bu günədək Azərbaycan xalqına öz torpaqlarını işğaldan azad etməyə imkan verməyənlər çox məyus olublar. İstər xaricdə, istərsə də daxildə dostla-düşmənimiz tanındı. Gördük ki, Azərbaycan öz torpaqlarını terrorçulardan azad edən zaman ATƏT-in Minsk qrupunda olan dövlətlər BMT-də bizə qarşı qətnamə qəbul etməyə cəhdlər göstərdilər. Qoşulmama Hərəkatında olan dövlətlərin imzası ilə Azərbaycanın haqq səsi yenə də eşidildi.  Prezident vaxtilə Qoşulmama Hərəkatına qoşulmaqla bağlı qərar verəndə Azərbaycanda bəzi ağzıgöyçək müxalif siyasətçilər buna qarşı çıxış edir və Prezidentin əməyini aşağılamağa çalışırdılar. Zaman göstərdi ki, cənab Prezident uzaqgörən siyasətçidir və vaxtında doğru qərarlar verməyi bacarır”.

H.Hacıyev vurğulayır ki, atəşkəsin əldə olunması ilə bağlı imitasiya edən ATƏT-in Minsk qrupu, beynəlxalq təşkilatlar Ermənistana sanksiyalar tətbiq edərək, işğalçıların Azərbaycan ərazilərindən çıxmasını tələb etməlidir:

“Ermənistanda hakimiyyət davası gedir və ortada əziyyət çəkənlər bizim vətəndaşlardır. Gözü kor, qulağı kar dünya dövlətləri görmür ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün səy göstərir?! O zaman niyə susurlar? Düşünürəm ki, Ermənistanı qızışdıran, kömək edən də ATƏT-in Minsk qrupudur. Onlar 30 ildir bizim başımızın altına yastıq qoyurlar”.

MMP sədri bildirir ki, beynəlxalq təşkilatların ikili mövqedən əl çəkmədiyi, bu günlərdə alman jurnalistin Prezidentlə müsahibəsində səsləndirdiyi suallarla da özünü büruzə verdi. Partiya sədri qeyd edir ki, artıq kimin nə deməsinin, yaxud hansı sualla müraciət etməsinin heç bir mənası yoxdur. Azərbaycanın qəti mövqeyi var və o həm hərbi, həm də diplomatik sahədə çox qətiyyətli şəkildə addımlayır.

H.Hacıyev hesab edir ki, bu gün Azərbaycan sərhədlərində heç bir sülhməramlıdan söz gedə bilməz. Öz ordumuz var və o da sərhədlərimizi qorumalıdır: “Niyə erməni mənim torpağımda qalmalıdır? Erməni burada qalmaq istəyəcəksə, o zaman İrəvandan, Göyçədən, Zəngəzurdan deportasiya olunan xalqımız da öz evlərinə qayıtmalıdır və orada onlara muxtariyyat verilməlidir”.