Azərbaycan ordusunun 44 günlük əks-hücum əməliyyatı ilə 30 ildir Ermənistan tərəfindən işğal edilmiş torpaqları azad etməsindən sonra, Güney Qafqazda və əslində bütün regionda yeni siyasi ab-hava yaranıb. Azərbaycanın şanlı qələbəsi sonrası, Ermənistana işğal siyasətindən birdəfəlik əl çəkərək, regionun sürətli inkişafı üçün hazırlanan altıtərəfli platformada təmsil olunma fürsəti verilib. Əgər Ermənistan şərtlər daxilində bu platformada təmsil olunarsa, Rusiyanın və Qərb dünyasının təsirindən çıxacaq, iflic olmuş iqtisadiyyatını dirçəldəcək, insanlarının sosial imkanları genişlənəcək və sair.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycanın dövlət başçısı İlham Əliyevin Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və qəbul edəcəyi təqdirdə Ermənistandan ibarət yaradılması nəzərdə tutulan "6 tərəfli platforma" çağırışına bölgə ölkələrindən dəstək gəlməkdədir.
Xüsusilə də, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, "Üzərində çalışdığımız 6 tərəfli platforma hər kəsə qazan-qazan imkanı yaradacaq bir təşəbbüsdür. Ermənistan da bu prosesə qatılarsa və əlbəttə ki, sülhməramlı səylərini artırarsa, Türkiyə - Ermənistan əlaqələrində də yeni səhifə açılar. Yeni imkanlar yarandığı təqdirdə, şübhəsiz ki, Ermənistanın qazancı da ciddi şəkildə artacaq" sözləri regional diplomatik səyləri artırıb.

Ankara Sosial Elmlər Universitetinin professoru Mühittin Ataman bildirib ki, coğrafi mövqeyinə görə mərkəzdə yerləşən Türkiyə və Azərbaycanın Dağlıq Qarabağ zəfərindən sonra Qafqaz bölgəsində rolları da artıb.
"Türkiyə və Azərbaycan, Gürcüstan və İranıın da daxil olduğu bəzi mexanizmlərqurub. Türkiyə ilə Azərbaycan arasında istər siyasi, istər təhlükəsizlik, istərsə də iqtisadi sahədə qardaş münasibətləri hökm sürür. Bölgədə dənizə çıxışı olmayan Ermənistanın da 6 tərəfli platformaya daxil olması lazımdır. Əks təqdirdə itirən yalnız özü olacaq", - deyir M.Ataman.
Dünyaya səpələnmiş varlı erməni diasporunun 30 ildir Ermənistanı zərər içində saxladığını bildirən professor qeyd edir ki, əslində diaspor Ermənistan dövlətini öz hədəfləri uğrunda siyasət yürütməyə məcbur etməkdədir. Qərbdəki erməni diasporu məhz Ermənistanın acıları üzərində özünə nüfuz və sərvət qazanır.
"Ermənistan daha çox İsrailə bənzəyir. Fikrimcə, ümumilikdə Qarabağı da Fələstin kimi işğal altındaydı. Ən vacibi isə, Ermənistan da İsrail kimi sərhədləri bəlli olmayan dövlətdir və üstəlik, bu məsələdə israrlarını davam etdirir. Yəni həm Azərbaycandan, həm də Türkiyədən torpaq tələb edirmiş kimi görüntü yaradır. Bu halda isə özünü de-fakto müharibə təhlükəsi altına salır və bu da regionun inkişafına maneə yaradacaq" deyən Atamanın fikrincə, Ermənistanın 6 tərəfli platformanın bir parçası olmasının iki şərti var: birincisi işğal etdiyi torpaqlardan çıxması, digəri isə sərhədlərin rəsmən tanıması.
Türkiyə və Azərbaycanın bölgədə üstün mövqedə olduğunu və Ermənistanın bu iki şərti qəbul etdiyi təqdirdə həm qərbində, həm də şərqindəki iki böyük qonşusu ilə əlaqələrini normallaşacağına diqqət çəkən Ataman fikirlərini belə əsaslandırıb: "Əgər Ermənistan 6 tərəfli platformaya qatılarsa, onsuz da sıx olan Azərbaycan-Türkiyə əlaqələrindən bəhərlənən bir dövlətə çevriləcək. Birmənalı şəkildə iqtisadi mənfəəti artacaq, insanların sosial rifahı yüksələcək. Eyni zamanda bütün regional layihələrdə iştirak edə biləcək. Türkiyə və Azərbaycanla əlaqələri düzələcəyi təqdirdə, Ermənistanın nəinki Qərbdən asılılığı azalacaq, hətta Rusiyanın alternativinin olduğunu da düşünə biləcək".
Ataman qeyd edib ki, indiyədək İrəvanı istismar edən Qərb, onu türkiyə, Rusiya, azərbaycan və sair bölgə ölkələrinə qarşı alət olaraq istifadə edir.

Egey Universiteti Beynəlxalq Münasibətlər fakültəsinin professoru Aydın İbrahimov da bu qənaətdədir ki, Qarabağ zəfərindən sonra Qafqazda yeni bir səhifə açılıb və bölgənin tarixi fərqli bir istiqamətə yönəlib. Ermənistanın 6 tərəfli platformaya qatılmaqdan başqa yolu qalmadığını deyən A.İbrahimova görə, bu layihəyə üzv olan dövlətlər qazan-qazan prinsipi üzrə özlərini inkişaf etdirmək imkanı əldə edəcəklər. Əgər Ermənistan bu layihəyə qatılarsa, Türkiyə və Azərbaycanla əlaqələrini inkişaf etdirərək, regionda və dünyada mövqeyini yaxşılaşdıra biləcək.
Rusiya Xarici İşlər Nazirliyində bu yaxınlarda üçtərəfli görüşün (Rusiya, Ermənistan və Azərbaycan) keçiriləcəyini xatırladan İbrahimova görə, əslində bu görüş Naxçıvan-Bakı və Rusiya-Ermənistan dəmir yolunun açılması ilə bağlı olacaq. “Ermənistanın Baş naziri Nikol Paşinyan bu görüşə isti yanaşsa da, erməni müxalifəti qarşı çıxır. Müxaliflər və təbii ki, xaricdəki erməni lobbisi Türkiyə ilə qurulan bütün anlaşmalara qarşı çıxır. Qərb ölkələri Ermənistanı həm Azərbaycana, həm Rusiyaya, həm də Türkiyəyə qarşı qaldırmağa çalışacaqlar" deyən professor A.İbrahimov əlavə edir ki, Ermənistanın sərhəd məsələsində geri addım atması, təcavüzkar siyasətindən vaz keçməməsi və Azərbaycanın ərazi bütövlüyünü tanımaması təqdirində, bu platformaya qatılması çətin görünür. Onun fikrincə, Türkiyə və Azərbaycan, təcavüzkar siyasətindən imtina etmədiyi müddətdə Ermənistanla münasibətləri yaxşılaşdırmayacaq.