Ermənistanın ənənəvi müttəfiqləri belə ondan üz döndərirlər – müsahibə

16:59 02.11.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Azərbaycana qarşı hərbi cinayətləri davam edir. Belə bir vaxtda atılan təxirəsalınmaz addımlar, müharibənin ədalətli həlli ilə bağlı beynəlxalq təşkilatların sərgilədiyi mövqe xüsusilə müzakirə olunur. Belə bir ərəfədə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələr sırasında 1-ci yerdə Türkiyə dayanır.

Hafta.az-a müsahibə verən millət vəkili Elman Nəsirov son günlərdə Türkiyədən Azərbaycana edilən səfərlər və verilən bəyanatlarla bağlı maraqlı nüanslara diqət çəkib.

-Elman müəllim, bu gün Türkiyənin vəzifəli şəxslərinin ölkəmizə səfərləri rəsmi müstəvidə davam edir. Münaqişənin-müharibənin  nizamlanma prosesində Türkiyənin regiondakı hazırki rolunu və mövqeyini necə dəyərləndirərdiz?

-Bu gün Ermənistan-Azərbaycan müharibəsi davam edir.  Bu müharibədə Azərbaycan silahlı qüvvləri Ali Baş Komandanın rəhbərliyi altında tarix yazır. Tarixi həqiqətləri bərpa edir, torpaqlarımzı işğaldan azad edir və müqəddəs bir missiyanı həyata keçirir. Bu işdə Azərbaycanı birmənalı müdafiə edən dövlətlər sırasında Türkiyə birinci yerdə dayanır. Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sərhədləri var. Hazırda Türkiyə təkcə regional problemlərlə bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həlledici söz sahibidir. Qardaş Türkiyə dövləti, onun ali siyasi rəhbərliyi başda hörmətli Rəcəb Tayyib Ərdoğan olmaqala bütün mənalarda Azərbaycanın yanındadır. Biz Türkiyədən çox böyük mənəvi-siyasi dəstək görürük.  Eyni zamanda Türkiyənin F16 qırıcılarının  Azərbaycanda olması bizim üçün mənəvi dəstəkdir.  Prezident, Ali Baş Komandan da söylədi ki, 3-cü tərəf bu müharibəyə müdaxilə edəcəyi təqdirdə F16-lar yerdə deyil, göydə olacaq. Bütün bunlar hamısı çox böyük dəstəkdir və bu,  Türkiyənin yüksək rütbəli vəzifəli şəxslərinin Azərbaycana səfərlərində öz əksini tapır. Elə dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda oldu, Azərbaycan Prezidenti və xarici işlər naziri ilə görüşlər keçirdi.  Türkiyənin xarici

işlər naziri Prezidentlə görüşündə bildirdi ki, o, Bakıya cənab cumhurbaşqanı Ərdoğanın tapşırığı ilə gəlib. Türkiyə başçısı bildirib ki, indiki halda Azərbaycanı tək qoymayın, bu günlərdə hər zaman Azərbaycanın yanına gedin, mənəvi dəstək verin. M.Çavuşoğlu vurğuladı ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar da Azərbaycana səfər edəcək.

Eyni zamanda bilirsiz ki, Türkiyənin Ədalət və İnkişaf Partiyasının əsas simalarından olan Binəli Yıldırım da Bakıya gəlib. Türkiyə bu addımları ilə bütün dünyaya mesaj verir ki, qardaş Azərbaycan dövlətini sonadək müdafiə edəcək. Bu ilk növbədə ondan qaynaqlanır ki, Azərbaycanın işi haqq işidir, Azərbaycanın mübarizəsi haqlı mübarizədir, Türkiyə də hər zaman haqqın, ədalətin yanındadır.

-Atəşkəs rejimi düz üç dəfə Ermənistan tərəfindən pozuldu. Niyə beynəlxalq təşkilatlar Ermənistana sanksiya tətbiq etmir?

-Beynəlxalq təşkilatlardan xüsusi obyektiv bir yanaşmanı gözləməyin heç bir mənası yoxdur. Gərək o dərəcədə sadəlöv olasan ki, 30 il ərzində münaqişəyə heç bir reaksiya verməyən beynəlxalq təşkilatlardan nəsə gözləyəsən. Beynəlxalq təşkilatlardan belə reaksiyaları gözləməyə də dəyməz. Cənab Prezidentin də qeyd etdiyi kimi Azərbaycanın şanlı ordusu BMT Təhlükəsizlik Şurasınımn indiyə qədər işləməyən 4 qətnaməsni işlək vəziyyətə gətirib. O cümlədən də ATƏT-in Minsk Qrupunun fəaliyyətini yerinə yetirir. Məşhur bir ifadə də var: “heç kəs qalibləri mühakimə etmir”. Azərbaycan qalib gəldikcə, düşmən diz çökdükcə, Ermənistanın ənənəvi müttəfiqləri belə ondan üz döndərirlər. Rusiyanın son məlum reaksiyasına fikir verin: prezident Putin  Paşinyanın məktubuna belə özü cavab vermədi. Paşinyana XİN sözçüsü vasitəsi ilə cavab verərək bildirdi ki, döyüşlər Ermənistan sərhədləri daxilində getmədiyindən ona heç bir dəstək verilməyəcək. Ermənistanı ənənəvi olaraq müdafiə edən Fransanın mövqeyi də Azərbaycan Prezidenti ilə, Makronun son danışığından sonra müsbət müstəfidə dəyişdi. Və cənab Prezident Fans 24 kanalına müsahibəsində qeyd etdi ki, bu prosesdə mövqelərimiz bir-birinə zidd deyil. Artıq sabah ABŞ-da seçkilərdir və bu dövlətdə siyasi fikir məhz bununla bağlıdır. Belə bir ərəfədə ABŞ-dan Azərbaycana qarşı hər hansı bir bəyanat verilsə də buna fikir vermək lazım deyil. Çünki erməni diasporunun, lobbisinin dəstəyini almaq üçün namizədlər istənilən bəyanatları verə bilərlər. Hər halda ABŞ müəyyən neytrallığı saxlayır. Ermənilər bu dəqiqə Con Bayderi müdafiə edirlər, amma Trampın qalib gəlmə şansı kifayət qədər böyükdür.  Tramp qalib gələcəyi təqdirdə Ermənistanla Trampın münasibətlərinin necə inkişaf edəcəyini proqnozlaşdırmaq elə də çətin deyil. Hesab edirəm ki, Trampın ermənilərin seçki kampaniyasına verəcəyi ianələrinə ehtiyacı yoxdur.  

Bütün bunlar o qənaqətə gəlməyə əsas verir ki, bu gün Azərbaycan hərbi və diplomatik cəbhədə  qələblər çalır.

- Ordumuz torpaqları öz qanı hesabına azad edirsə, niyə biz yenə də ermənilərlə birgə yaşayışı müzakirə etməliyik?

-Danışıqlar prosesində əsas baza prinsiplərinin son müddüəlarından biri  bu məsələlərə həsr olunub. Cənab Prezident də çoxsaylı müsahibələrində qeyd elədi ki, danışıqlar getməyib, razılaşma olmayıb, çoxsaylı sualların cavabı verilməyib. Ümumiyyətlə isə bu məsələ danışıqların son mərhələsinə saxlanmışdı. Amma hər halda bu gün ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsi ilə bağlı Rusiya prezidenti səviyyəsində müəyyən fikrilər səslənməkdədir. Region ölkələrinin bu prosesə  qatılması məsələsi diqqətdə saxlanılır. Cənab Prezident  xarici jurnalsitə müsahbəsində də  2+2 formatında olan danşıqlardan danşmışdı. Yəni Ermənistan –Azərbaycan, Türkiyə və Rusiya. Cənab Prezident bu formata müsbət reaksiyasını bildirmişdi.  Söyləmişdi ki, Rusiya onsuz da danışıqlar formatında var, amma Türkiyə yeganə dövlətdir ki, Cənubi Qafqazın hər üç dövləti ilə həmsərhəddir. Heç bir dövlətin belə unikal bir vəziyyəti yoxdur.  Türkiyə regionda və dünyada söz sahiblərindən biridir, güc mərkəzidir, beynəlxalq aləmdə problemlərin həllində öz yeri, öz çəkisi və rolu var.  Hesab edirəm ki,  Türkiyə regionda sabitləşdirici  rol oynayır. Bu reallıqlar fonunda gələcəkdə sülhməramlılar məsələsi müzakirə oluna bilər. Prezidentin də mövqeyi belədir ki, ordakı erməni icmasının nümayəndələri bizim vətəndaşlardır,  biznən yaşaya bilərlər. Əlbəttə, xüsusən də Xocalı soyqırımından, Ermənistanın Bərdədə, Gəncədə törətdiyi hərbi cinayət və vəhşiliklərdən, uşaqları, qocaları hədəfə almasından sonra bu çətin olacaq. Bütün bunlar müəyyən çətinliklər yaşadacaq, amma nə edək ki,  bizə bu cür qonşular nəsib olub.  Bu baxımdan cənab Prezident ermənilərin 200 il ərzində Azərbaycan ərazilərində yaşadığını söylədi.  Kimlər Aərbaycan qanunlarına tabe olacaq, Azərbaycan vətəndaşı olaraq  yaşamağı qəbul edəcəksə, onların təhlükəsizliyinin təmin olunması ilə bağlı müəyyən tədbirlər görüləcək və yaşayışı təmin ediləcək.  Amma hesab edirəm ki, bu məsələlər hələ müzakirə obyekti  deyil. Bu, ən son mərhələdə müzakirə olunacaq.