Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu hafta.az-a budəfəki müsahibəsində İrəvanda Azərbaycan bayrağı ilə bağlı son təxribatın hansı ölkə xüsusi xidmət orqanları tərəfindən təşkil olunması ehtimalı, ABŞ Dövlət Katibliyinin müxtəlifranqlı rəsmilərinin İrəvana və Bakıya ardıcıl səfərlərinin əsas məqsəd və mahiyyəti, bu günlərdə İsraildə səfərdə olmuş sonuncu İran şahının böyük oğlu Rza Pəhləvinin hakimiyyətə gətirilməsinin mümkün olub-ola bilməyəcəyi və s. haqda danışdı.
– Ərəstun bəy, necə hesab edirsiniz, Ermənistanda ələ keçirilmiş hərbçilərimizə qarşı amansız münasibətdən və onların həbsdə saxlanmasından sonra beynəlxalqsəviyyəli idman tədbirində Azərbaycan bayrağının yandırılması bu əməli törədənin öz təşəbbüsü idi, yoxsa daxildən hansısa qruplaşma, yaxud xarici kəşfiyyat tərəfindən təşkil olunub? Burada Rusiya kəşfiyyatının daha çox rol oynaması ehtimalı nə qədərdir? O mənada ki, Moskva bu cür təxribatlarla azı üç məqsəd güdür: birincisi, Azərbaycanla Ermənistan arasında daha çox qarşılıqlı nifrət yaratmaqla sülh prosesini daha da uzatmaq, ikincisi, Azərbaycanı Zəngəzur istiqamətində genişmiqyaslı hücuma təhrik etmək və üçüncüsü, Ermənistanı onun barbar ölkə obrazını gücləndirməklə Qərbin gözündən salmaq, yəni onun Qərbə inteqrasiyasının qarşısını almaq...
– İrəvanda Azərbaycan bayrağı və idmançılarımızla bağlı təxribatın kim tərəfindən hazırlandığını birmənalı olaraq deyə bilmərəm. Onu deyə bilərəm ki, bu cür olayların bir qayda olaraq Azərbaycan-Ermənistan münasibətlərində müəyyən dinamika, hətta dinamikaya yaxın bir hadisələr, addımlar olanda meydana çıxması təsadüf sayılmamalıdır. Bunun hansısa xarici güc tərəfindən təşkil və ya təhrik edilməsini araşdırmaq isə ilk növbədə, əlbəttə ki, Ermənistan dövlət orqanlarının, təhlükəsizlik və hüquq-mühafizə qurumlarının və siyasi hakimiyyətinin marağında olmalıdır və bu, onların səlahiyyətindədir. Buyursunlar, araşdırsınlar, aşkarlasınlar və bildirsinlər ki, həmin təxribat kimin, hansı ölkənin sifarişi ilə həyata keçirilib. Bəli, onda bilinəcəkdir ki, həm siz deyən kimi Ermənistanı Qərb dünyasında gözdən salmaq, barbar dövlət kimi təqdim etmək, həm sülh prosesinə mane olmaq, həm də Azərbaycan və Ermənistan xalqları arasında qarşılıqlı nifrət yaratmaq və s. kimə lazımdır. O zaman, necə deyərlər, səbəbkarın adı və özü bəlli olacaq. Niyyəti isə öncədən bəllidir. Niyyət birmənalı şəkildə sizin sadaladığınız amillərdir. Bundan başqa da məqsəd həm də gündəmi dəyişməkdir. İstər Azərbaycandan, istər Ermənistandan gələn bütün müsbət tendensiyalar, müsbət mesajlar, özü də yalnız dövlətlər, hakimiyyətlər səviyyəsində deyil, həm də vətəndaş cəmiyyəti, sadə insanlar səviyyəsində yarananda təxribatçı güclər mütləq nəsə törədib gündəmi dəyişdirirlər. Özü də ilk baxışdan xırda, amma kifayət qədər effektiv bir nəticə ilə... Bax, bu hadisə də o seriyadan olan olaylardandır. Təəssüflə deyirəm ki, bu proses hələ davam edəcək, durmadan yeni-yeni təxribatlar törədiləcək, yeni-yeni oxşar aksiyalar təhrik olunacaq və nəhayət, belə addımlar o zamanadək davam edəcəkdir, bu cür təxribatların təhrikçisi, təşkilatçısı aşkarlanıb faktla, sübutla və açıq mətnlə ortaya qoyulmayacaq. Hələlik bu davam edir. Bu, Ermənistanın özünə də ziyandır. Bu, Azərbaycan- Ermənistan münasibətlərinin inkişafına da ziyandır. Bu, iki xalq arasında qarşılıqlı nifrəti daha da çoxaltmaqla yeni müharibə riskini artırmaq mənasında həm Azərbaycan, həm də Ermənistan üçün zərərlidir...
Bu məsələdə maraqlı olması ehtimal edilən tərəflərdən biri və birincisi, əlbəttə ki, Rusiyadır. Bu, çox birmənalıdır. Biz gördük ki, Qərbdən, Vaşinqtondan görüş təklifi gələn kimi cəbhə xəttində bir təxribat törədildi. Özü də məhz Azərbaycan-Ermənistan sərhədində...
2022-ci ilin sentyabrında da həmin o Brüssel prosesini pozmaq üçün yenə də sərhəddə eyni addım atıldı və daha böyük miqyasda... Artıq bu təxribatların müəlliflərini açıqlamağın zamanıdır. Bu da maraqlıdır ki, hər dəfə belə təxribatlar baş verən kimi onun ardınca Azərbaycan və Ermənistan rəhbərlərinə Moskvada görüşüb sülh danışıqları aparmaq dəvəti gəlir. Əslində, sülh danışıqları Rusiya üçün maraqlı deyil, Kremlə maraqlı olan bu iki ölkə arasında idealda müharibə baş verməsidir ki, bundan istifadə edib bölgəyə hərbi müdaxilə etsin. Ən azı, yəni minimal vəzifə isə Azərbaycan-Ermənistan sülh prosesinin davam etməsinə yol verməməkdir. Odur ki, bu davamlı təxribat seriyalarının qarşısını almaq üçün, öncə dediyim kimi, səbəbkar, təhrikçi, təxribatçı aşkarlanmalı, onun fəaliyyəti faktlarla, sübutlarla ortaya qoyulmalı və o, ifşa olunmalıdır. Bu, baş verməyincə sərhədlərimizdə, Qarabağda və yaxud İrəvanda belə təxribat və aksiyalar davam etdiriləcək...
– Son günlər ABŞ Dövlət Katibliyinin müxtəlifranqlı rəsmilərinin İrəvana və Bakıya ardıcıl səfərlərinin əsas məqsəd və mahiyyəti nədən ibarət idi?
– Düşünürəm ki, ABŞ rəsmilərinin İrəvana və Bakıya son səfərləri Vaşinqtondan gələn görüş və sülh təşəbbüsləri ilə bağlıdır. Birləşmiş Ştatlarda çox gözəl anlayırlar ki, Azərbaycanla Ermənistan arasında sülh prosesində maraqlı olmayan kimdir. Həmin maraqlı olmayan tərəfin əlində nə qədər təxribatçı, pozucu resurslar var. Ona görə də Amerikada deyilənləri yaxşı anladıqlarından çalışırlar ki, Bakı-Vaşinqton-İrəvan üçbucağı daim aktiv olsun, danışıqlar mümkün qədər davam etsin və tərəflər bütün mümkün təxribatların qarşısını alsınlar. Təxribatlarsa, təəssüf ki, davam edəcək və istər Brüsseldə, istər Vaşinqtonda, istərsə də üçüncü başqa bir yerdə olsun, heç bir danışıq alınmayacaq. Ona görə də belə anlayıram ki, bu səfərlərin mahiyyəti, sadəcə, sülh prosesinin şərtlərini müzakirə etməkdir. Eyni zamanda, prosesin özünün texniki detalları, yəni görüş, onun formatı, onun gündəliyi və s. bu kimi məsələlərin müzakirəsi ilə bağlıdır...
– Sonuncu İran şahının böyük oğlu Rza Pəhləvi bu günlərdə Holokostu Anma Günü ilə bağlı İsraildə səfərdə oldu, baş nazir Netanyahu, Prezident İshaq Hersoq və digər tanınmış şəxslərlə görüşlər keçirdi. Nə baş verir? Şah oğlunun İranda hakimiyyətə gətirilməsinə hazırlıq gedirmi?..
– İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvininin oğlu və Pəhləvilər sülaləsi tərəfindən vəliəhd kimi tanınan Rza Pəhləvinin hakimiyyətə gətirilməsi müəyyən dairələr tərəfindən dəstəklənir. Vaşinqtonda da buna səy göstərənlər var. Avropada bu niyyət bir o qədər açıq görünmür. İsrail təbii ki, bunda daha çox maraqlıdır. Ən azı İranda daxili sabitliyə təsir göstərmək məqsədilə... Bu mənada, Rza Pəhləvinin özü də daim gündəm olmaq, diqqət çəkmək, siyasi və diplomatik dairələrlə görüş keçirməyə çalışır və bunlardan istifadə edərək hakimiyyətə mümkün yolunu açmaq üçün əlindən gələni edir. Bunun nə dərəcədə effektiv və uğurlu olacağını söyləmək hələ çox tezdir. Onu da unutmamalıyıq ki, İranda neçə nəsillər dəyişsə də, insanlar çox yaxşı xatırlayırlar ki, Pəhləvilər dönəmində İslam inqilabınadək hansı sosial qütbləşmə olub, hansı zorakılıqlar, qətllər, siyasi repressiyalar olub, milli azlıqlara qarşı necə amansız məhdudiyyətlər olub. Bu gün Pəhləvi rejimini molla rejimi ilə müqayisədə mələk kimi təqdim etmək özü yanlış yanaşmadır. Hər ikisi elə bir-birinin tayıdır. İnsanlar bir də onu bilirlər ki, İranda molla rejiminin hakimiyyətə gəlməsinin başlıca səbəbi elə həmin Pəhləvi hökumətinin, yəni şah rejiminin keçirdiyi həmin o qeyri-rasional və uğursuz siyasət olub. Ona görə də kimlərinsə onu hakimiyyətə gətirilməsinə hazırlıq görməsi hələ o demək deyil ki, Rza Pəhləvi doğrudan da hakimiyyətə gələ bilər. Bu gün Pəhləvilərin İranda sosial dayaqlarının nə dərəcədə ciddi olduğunu söyləmək çətindir. Bir şey bəllidir ki, onların molla rejimi ilə müqayisədə əllərində olan digər resursları, o cümlədən maliyyə, iqtisadi, inzibati, media və s. resursları müqayisəolunmaz dərəcədə azdır. Əlbəttə, Rza Pəhləvinin hakimiyyətə gətirilməsi haqda qərar verilərsə, o, Qərb tərəfindən media vasitələri ilə təmin olunacaq. Qərb mediasının İrana təsiri nə dərəcədə olacağını da söyləmək çətindir. Hər bir halda hesab etmirəm ki, Pəhləvilər İrandakı mövcud rejimə alternativdir. Bugünkü molla rejimi nə qədər çirkin idisə, Pəhləvi rejimi də o dərəcədə çirkin olub. Və hakimiyyətə gələcəyi halda anası tərəfindən idarə olunan Rza Pəhləvi heç bir uğur qazana bilməyəcəkdir. Unutmayaq ki, Pəhləvi sülaləsi məhz o xanımın siyasətə müdaxiləsi, özü də dərin müdaxiləsi sayəsində süquta uğramışdır...
– İrandan söz düşmüşkən, son aylar Azərbaycanda bu ölkənin casus şəbəkəsinə qarşı mütəşəkkil mübarizə aparıldığı görünür, çoxsaylı həbslər həyata keçirilir. Maraqlıdır, dünya təcrübəsində xarici ölkə agentura şəbəkələrinin ifşası necə, hansı mərhələlərdə aparılır?
– Casusluqla mübarizə çox mürəkkəb və kompleks bir sistemdir. Dünya təcrübəsində xarici ölkələrin agentura şəbəkələrinə qarşı mübarizə əsasən casusların nəzarətə götürülməsi, onların şəbəkəsinin açılması, onların izlənməsi, əhatə dairəsinin öyrənilməsi və onların fəaliyyətinə, qarşılarına qoyulan vəzifələrə adekvat olaraq əks addımların atılması mərhələlərində aparılır. Casuslardan dezinformasiya mənbəyi kimi istifadə olunur, onlar əməkdaşlığa cəlb edilərək ikili casus kimi işlədilir. Yəni bu sahədə müxtəlif metod və praktikalar var...
Həbs məsələsinə gəldikdə, təbii ki, casuslar yalnız dövlət əhəmiyyətli məlumatları əldə etdikdə və yaxud dövlətin maraqlarına ziyan vurmağa başladıqda ifşa olunur və zərərsizləşdirilir. Dünya ölkələrində casusluqla mübarizə metodları və təcrübəsi olduqca müxtəlifdir. Hər bir halda biz hansısa ölkədə kütləvi casus ifşasına çox az rast gəlirik. Məsələn, bir müddət öncə ABŞ-da Rusiya casuslarının ifşa olunması çox nadir hadisədir. Belə hallar, adətən, avtoritar, totalitar dövlətlərdə baş verir ki, bunun da arxasında əksər hallarda hansısa siyasi kontekst dayanır. Bir çox hallarda casusun həbs olunması strateji baxımdan uğurlu əməliyyat sayılmır. Hər hansı bir ölkə kəşfiyyatı öz casusunun ifşa olunduğunu öyrəndikdə o, agentura şəbəkəsinin daha da dərinlərdə gizlədilməsinə və meydana yeni casusların atılmasına çalışır. Təbii ki, qarşı dövlət üçün həmin yeni casusları axtarıb tapmaq zaman, resurslar, səylər, enerji və s. tələb edir. Bir sözlə, dünya təcrübəsində casuslar daha çox nəzarətdə saxlanılır və onların fəaliyyəti üzərində əks-fəaliyyət, yəni əks-kəşfiyyat fəaliyyəti qurulur. Casusların həbsi isə yalnız onların dövləti maraqlar və təhlükəsizlik üçün ciddi təhdidlər yarandıqda həyata keçirilir. Yəni casusların həbsi yox, onların fəaliyyəti üzərində əks-fəaliyyət uğurlu əməliyyat sayılır...
– Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin “Xüsusi əməliyyatı bitirmək lazımdır” bəyanatından sonra prezident Vladimir Putinin Ukraynanın Donbas və Xerson ərazilərinə səfəri haqda məlumat yayıldı. Bu, nə deməkdir?
– Hər kəsə bəllidir ki, Priqojin özbaşına belə bəyanat verə bilməz. Bunun ardınca Putinin Ukraynanın işğal altındakı ərazilərinə səfəri haqda məlumat yayılması da onu göstərir ki, Moskvada artıq ikitirəlik yaranıb. Bu ikitirəliyin yaranmasının da səbəbi, çox güman ki, hərbçilərin, Rusiya ordusunun, daha dəqiq desək, Baş Qərargahın təşəbbüsünün və təsirinin artmasıdır. İndi Kremldə narahatdırlar ki, əgər ordu Ukraynada hər hansı bir uğur qazanarsa, əlbəttə ki, çox ciddi daxili-siyasi opponentə çevrilə bilər. Hər zaman demişəm ki, Rusiyada hakimiyyət uğrunda mübarizə bu gün Kremlə nəzarət edən xüsusi xidmət orqanlarıyla ordu generalları arasında gedir. Görünür, Priqojin yenə də Kremlin missiyasını, tapşırıqlarını yerinə yetirməkdədir. Və çalışırlar ki, Ukraynadakı savaşı heç olmasa bu səviyyədə dondurub münaqişədən uzaqlaşsınlar. Dediyim kimi, hərbçilər hansısa kiçik uğurlar əldə edərsə (böyük uğurlardan söhbət gedə bilməz), Rusiya ordusunun cəmiyyətdə nüfuzu və siyasətə təsir imkanı artacaq. Bu isə opponentlərin hakimiyyətə gəlişi deməkdir. Unutmayaq ki, Putin komandası Rusiya ordusunun yüzlərlə generalını haqsız şəkildə qovub, xidmətdən kənarlaşdırıb, orduya qarşı açıq diskriminasiya siyasəti yürüdüb. Putinin prezidentliyi dövründə ordunun başında durmuş üç şəxsdən(Şoyqu üçüncüsüdür) heç biri orduya aidiyyəti olan şəxslər olmayıb. Düşünmürəm ki, bu kimi hallara görə Rusiya ordusunda Putinə minnətdarlıq etməyə hazır olan şəxslərin sayı çoxdur. Əksinə, Putin hakimiyyəti itirəcəyi halda həmin hakimiyyət ordunun təsiri altında olan siyasətçilərin və ya elə birbaşa ordunun əlinə keçəndə, əlbəttə ki, bunların hamısının haqq-hesabı sorulacaq. Ona görə də hazırda Rusiyada faktiki olaraq Ukraynadakı əməliyyatların sabotajı gedir. İndiyədək ordu sabotaj edirdi, çünki məsuliyyət Putinin üzərində idi. İndi isə Putinin komandası sabotaj edir. Ona görə ki, əməliyyata rəhbərliyi birbaşa Baş Qərargah rəisi öz üzərinə götürüb və sabotaj edirlər ki, ordu hər hansı uğur qazanmasın. Bu da son nəticədə Ukraynanın uğur qazanmasına aparan bir çəkişmədir...