Əsas məqsədləri “erməni abidələri” ilə bağlı Azərbaycanın qarşısında tələb qoymaqdır - Faiq İsmayılov

14:59 27.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

YUNESKO nümayəndələrinin Azərbaycana və Qarabağın işğaldan azad olunmuş ərazilərdəki abidələrin monitorinqi ilə bağlı səfəri birmənalı qarşılanmır. Azərbaycan abidələrinin monitorinqini aparan yerli ekspertlərin bu səfərlə bağlı gözləntiləri fərqlidir.

Bu barədə hafta.az-a açıqlama verən AMEA-nın tarix İnstitunun əməkdaşı Faiq İsmayılov bildirib ki, YUNESKO-nun abidələrin monitorinqi ilə səfəri növbəti oyunlardan biridir.

“İndi özləri guya gəlib burda monitorinq aparmaq istəyirlər. Əsas məqsədləri Ermənistanın onlara təqdim elədiyi Qarabağda “erməni abidələri”  deyilən siyahılar üzrə baxışlar keçirib Azərbaycanın qarşısında tələb qoymaqdır. Bu səfər Azərbaycana qarşı növbəti təxribatın hazırlanmasından başqa bir şey deyil”.

F.İsmayılov bildirib ki, Azərbaycanın Bakıdan başqa heç bir yerində erməni kilsələri olmayıb.  Azərbaycanda erməni mədəni irsinə aid heç nə olmayıb. 

“YUNESKO-nun Azərbaycana abidələrin monitorinqi ilə bağlı səfəri məhz Azərbaycan abidələrinin erməni vandalları tərəfindən necə dağıdılması və araşdırılması məqsədini daşımır. O məqsədi daşısaydı, 44 günlük müharibədən sonra mütləq şəkildə bura öz nümayəndələrini göndərərdilər. Azərbaycanın Prezidenti dəfələrlə təklif edib ki, buyursunlar gəlsinlər. Amma indiyə kimi heç kim gəlməyib. Bunların birdən birə ortaya çıxmasını süzgəcdən keçirəndə isə görürsən ki, Azərbaycana xeyirxaq məqsədlərlə gəlmirlər”.

F.İsmayılov hesab edir ki, bu səfərdən istifadə edərək mütləq şəkildə Azərbaycanın işğal olunmuş ərazilərindəki 2645 tarixi mədəniyyət abidələrinin siyahısını onlara təqdim eləməliyik.

“Bu abidələrin Azərbaycanın mədəni irsinə aid olduğunu onlara faktlarla göstərməli, deməliyik.  Və xüsusən də xristian dövrü abidələrin ermənilər tərəfindən necə orginal görkəminin dəyişdirildiyini  şəkilləri ilə müqayisəli şəkildə göstərmliyik”.