Əsas məsələlər reklam bazarının, rəqabətin vəziyyətindən asılıdır - Ekspert

10:52 10.02.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

 “Media haqqında” qanunun 76-cı maddəsində media reyestrinə daxil edilmiş şəxslər üçün güzəştlər və imtiyazlar müəyyənləşib. Güzəştlərin olunması əsasən bir neçə istiqamətdə nəzərdə tutulub.

Bu fikirləri hafta.az-a iqtisadçı ekspert Xalid Kərimli deyib:  

“İlk növbədə, media orqanlarının maddi vəziyyətini yaxşılaşdırmaq üçün onlara sifarişlərin verilməsidir. Media orqanının gəlirlərini artırmaq məqsədilə onlara elanların, reklamların verilməsi nəzərdə tutulur. Həmçinin ölkədə təşkil olunan təlimlərdə media nümayəndələrinin güzəştli, ödənişsiz iştirakının təmin edilməsi məsələləri qanunda öz əksini tapır. Dövlət tərəfindən həyata keçirilən layihələrdə media qurumlarının və yaxud da jurnalistlərin iştirakının təmin edilməsi də qanunda göstərilib. Qanunda diqqət çəkən ən əsas məqamlardan biri güzəştli kreditlərlə bağlıdır. Burada media haqqında qanunun qəbulu ilə paralel olaraq İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditinin qaydalarında güzəştli şəxslər siyahısına daxil edilən şəxslərin siyahısında düzəlişlər olunub. Yeniliyə əsasən media sahəsində fəaliyyət göstərən jurnalistlər güzəştli kredit alma kateqoriyasına şamil edilir. Bunun üçün şərt nədir? Əgər gənc (35 yaşa qədər) ailənin üzvü ya ər, ya da arvad media sahəsində işləyirsə, həmin ailə güzəştli kredit almaq imkanına sahib olur. Şəxsdən minimum 5 illik iş təcrübəsi tələb olunur. Burada media reyestrinə daxil olanlardan söhbət gedir. Jurnalist kimi fəaliyyət göstərib reyestrə daxil olmayanlar güzəştlərdən yararlana bilməyəcəklər. Gənc olmayan, buna baxmayaraq, azı, 15 il media sahəsində təcrübəyə sahib, reyestrə daxil şəxs də güzəştli kredit götürmək imkanına malikdir. Güzəştli ipoteka krediti mənzil şəraitinin yaxşılaşdırılması üçündür. Güzəştli ipoteka kreditinin adidən fərqi nədir?  Adi kreditdə faiz 8 olursa, güzəştlidə bu, iki dəfə azdır. Həmçinin güzəştli ipoteka krediti zamanı  minimal ilkin ödəniş 10%, adidə isə 15%-dir. İpoteka krediti zamanı müddətdə də güzəşt tətbiq olunur.  Belə ki, güzəştli kreditlərdə adidən fərqli olaraq maksimal müddət 30 ildir. Məbləğ məhdudiyyəti isə 100000 manatdır. Mediada işləyən insanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün dövlət imkanlar yaratsa da, burada əsas amillər media orqanından asılıdır. Əvvəllər güzəştlərdən yararlana bilənlər şəhid ailələri, məcburi köçkünlər, dövlət qulluğunda işləyənlər, alimlər idi, indi isə bu kateqoriyaya jurnalistlər də aid edilir. Ümumiyyətlə, mediada işləyən insanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün dövlət imkanlar yaradır. Lakin əsas məsələlər reklam bazarının, rəqabətin vəziyyətindən asılıdır. Ümumi bazar yaxşı olanda media sahəsində vəziyyət də yaxşı olur”.