Estoniya parlamentində “Krım üçün” sərgisi açılıb

09:45 11.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Estoniya parlamentində (Riigikogu) “Krım üçün” adlı sərgi açılıb. Sərgi Krım tatar sürgününün və soyqırımının 80-ci ildönümü münasibətilə Estoniya parlamentinə Krım tatar sürgününün soyqırım kimi tanınması ilə bağlı qətnamə layihəsinin təqdim edilməsi kontekstində keçirilir.

Hafta.az-ın yazdığına görə, Ukrayna Prezidentinin Krım Muxtar Respublikasındakı Nümayəndəliyindən verilən açıqlamada bildirilib ki, sərgi Estoniya parlamentinin sədri Lauri Hussar, Xarici Əlaqələr Komissiyasının sədri Marko Mihkelson və Ukraynanın Estoniyadakı səfir Maksim Kononenkonun iştirakı ilə açılıb.

Ukrayna Prezidentinin Krımdakı daimi nümayəndəsi Tamila Taşeva iştirakçılara onlayn müraciət edərək Krım tatar sürgününün soyqırım kimi qəbul edilməli olduğuna diqqət çəkərək, “Sizin xalqınız öz təcrübəsindən bilir ki, ruslar onların cinayətlərini heç vaxt qəbul etməyəcəklər. Necə ki, 1940-cı illərdə Baltikyanı ölkələrin işğalını, Krım tatarlarının kütləvi surətdə deportasiyasını soyqırım kimi tanımayıblar... Bu gün ruslar Ukraynanın işğal olunmuş ərazilərində törətdikləri cinayətləri qəbul etmirlər. Əgər beynəlxalq ictimaiyyət bu dəhşətli cinayətlər barədə danışmasa, onları əsl adları ilə çağırmasa, bağışlasa və rusların keçmiş özbaşınalıqlarına göz yumsa, bu cinayətlər dönə-dönə təkrarlanacaq”, o deyib.

Krım tatar xalqının faciəli keçmişinə diqqət çəkmək və Rusiyanın Ukraynanın yerli xalqlarına qarşı törətdiyi cinayətləri gündəmə gətirmək məqsədilə təşkil edilən sərgidə Krım tatar keramika ustası Rüstəm Skibin, Krım tatar rəssamları Rustəm Eminovun, Asan Baraş və ukraynalı rəssam Anton Logunovun əsərləri sərgilənir.

Sərgidə sənət əsərlərindən başqa Krımdan gətirilən Krım tatarlarına məxsus ənənəvi məişət əşyaları və geyimlər, XVIII əsrə aid Qurani-Kərim də nümayiş etdirilir. Bununla yanaşı, sərgi çərçivəsində müharibə mövzulu instalyasiya, Krım tatar əsgərlərinin portretləri və onların hekayələri də ziyarətçilərə təqdim olunur.

Estoniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin (Riigikogu) sədri Marko Mihkelson 1944-cü il mayın 18-də Krım tatar sürgününün soyqırım kimi tanınması ilə bağlı 54 deputat adından qərar layihəsini 8 oktyabr 2024-cü ildə parlamentə təqdim edib.