Son günlər Azərbaycanda əti qiymətində kəskin bahalaşma müşahidə edilir. Bakıda dana və quzu əti bahalaşıb. Bəzi kəsim və satış məntəqələrində sümüklü dana ətinin bir kiloqramının qiyməti 12 manatdan 13-14 manata, sümüksüz dana ətinin qiyməti isə 13 manatdan 14-15 manata qalxıb.
Çəkisi 12 kiloqrama qədər olan quzuların ətinin bir kiloqramı 16 manata, daha çox çəkililərinki isə 15 manata satılır. Bu isə əvvəlki qiymətlərə nisbətdə 1,50 qəpik çoxdur. Ət satışı ilə məşğul olan şəxslərin sözlərinə görə, qiymət artımının əsas səbəbi yemin bahalaşmasıdır.
Bəs, görəsən, ətin bahalaşmasına səbəb nədir? Bahalaşma davam edəcəkmi? Azərbaycanda ətə olan tələbatın neçə faizi yerli istehsal hesabına ödənilir?
Qeyd edək ki, statistik rəqəmlərə görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda ət istehsalı 364,2 min ton olub, bu isə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz çoxdur. Ümumiyyətlə, 2021-ci ildə diri çəkidə ət istehsalı 610 min ton təşkil edib. Bu ilin yanvar-avqust aylarında Azərbaycana 26 min 149 ton ət idxal edilib. Bu isə illik müqayisədə 1,8 faiz çoxdur. 2021-ci ildə isə ölkəyə 41 min 038 ton ət idxal edilib.
Ötən illə müqayisədə ölkədə iribuynuzlu mal-qaranın sayında azalma müşahidə olunur. Belə ki, 2022-ci il iyul ayının 1-i vəziyyətinə ölkədə iribuynuzlu mal-qaranın sayı 2 milyon 654 min 474 baş olub. Keçən ilin müvafiq dövründə bu rəqəm 2 milyon 663 min 658 baş olmuşdu. Beləliklə, ölkəmizdə bu il ötən ilə nisbətən iribuynuzlu mal-qaranın sayı 0,3 faiz azalıb. Hesablamalara görə, Azərbaycanda 450 min baş cins mal-qara olmalıdır ki, ölkənin bütün ət və ət, süd və süd məhsullarına olan tələbatı tam ödənilsin. Bu gün ölkədə cəmi 40 min baş damazlıq mal-qara var.
Məsələni hafta.az şərh edən iqtisadçı-ekspert Akif Nəsirli bildirir ki, Azərbaycanda ətin qiymətinin bahalaşması maya dəyərinin bahalaşması ilə bağlıdır: “Bu mövsümdə otun birinci bicini həşəratların hücumuna məruz qaldı. Nəticədə məhsuldarlıq 30 faiz civarında oldu. Ona görə də bu il ot qıtlığı müşahidə olunur. Eyni zamanda, mal-qaranı yemləmək üçün istifadə olunan məhsulların qiymətində də ciddi artım var. Bilirik ki, dənli bitkilərin də qiyməti əhəmiyyətli dərəcədə bahalaşıb. Məsələn, ötən il bazarda arpanın 1 kiloqramının qiyməti 30-35 qəpik idi, amma bu il 50 qəpiyə təklif olunur. Buğdanın qiyməti ötən il 50 qəpiyə idi, bu il 70 qəpikdir. Yəni, ət istehsalında istifadə olunan komponentlər bahalaşdığına görə ətin də qiyməti artıb”.
İqtisadçı həmçinin bildirib ki, Azərbaycanda ətə olan tələbatın cəmi 40 faizini yerli istehsal təmin edir: “Ət istehsalının artırılması üçün fermerlərin fəaliyyətlərinin stimullaşdırılmalı, həm də onların bazara çıxış imkanları genişləndirilməlidir. Fermerlər dövlət tərəfindən ətlik cins heyvanlarla təmin oluna bilər. Əvvəlki illərdə bu istiqamətdə bir sıra addımlar atılıb, amma bu işlər səmərə verməyib. Bu məsələ bir sıra amillərə diqqət verilməlidir – həm Azərbaycanın iqliminə uyğun iqlimi olan ölkələrdən heyvanlar gətirilməlidir, həm də onların saxlanma qaydaları fermerlərə izah olunmalıdır. Bu sahə inhisarlaşmayan sahələrdən idi. Biz artıq müşahidə edirik ki, ət bazarı sahəsi də inhisarlaşmağa doğru gedir. Təbii ki, bu amillər də qiymətlərə təsir göstərir”.
A.Nəsirli ət bazarında bahalaşmanın davam edəcəyini də vurğulayıb: “Qış aylarına doğru bahalaşma davam edəcək. Amma qiymətlərin nə qədər bahalaşacağını indidən demək çətindir. Proqnoz edilir ki, ətin qiymətində yenidən, təxminən, 20 faiz civarında bahalaşma olsun”.
Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov isə hesab edir ki, pandemiyadan sonra dünyada və ölkədə ətə olan tələbat artıb: “Xüsusilə, son bir il ərzində ət ölkə vətəndaşlarının istehlak səbətində mühüm yer tutmağa başlayıb. Son dönəmdə Rusiya-Ukrayna münaqişəsi dünyada ərzaq tədarükündə zəncirin pozulmasına səbəb olub. Tədarük zəncirinin pozulması bütün məhsulların qiymət artımına gətirib çıxarıb”.
Ekspert bildirir ki, Azərbaycan MDB məkanında ət istehsalı üzrə yüksək yerlərdə deyil: “Ümumiyyətlə, ölkədə ət istehsalı digər MDB ölkələri ilə müqayisədə azdır. Ölkədə ətin bahalaşmasının əsas səbəblərindən biri mal-qaraya verilən yemlə bağlıdır. Heyvandarlıqda istifadə edilən yemin qiyməti dünyada çox yüksəkdir və artmaqda da davam edir”
Məhərrəmovun sözlərinə görə, xüsusən, heyvanların kökəltməsində istifadə edilən gündəlik yemin, apranın, buğdanın qiyməti 2 dəfə artıb: “Fermerlər heyvanlar üçün istifadə edilən buğda və arpanın bir qismini yerli tələbat hesabına, digər hissəsini isə idxal hesabına ödəyirlər. Bu isə ətin maya dəyərinin artmasına səbəb olub”.
Mütəxəssis hesab edir ki, heyvanların intensiv yemlənməsi üçün ölkədə kifayət qədər yem bazası olmalıdır: “Azərbaycanda yemçilik çox zəifdir, biz qüvvəli yemdən kifayət qədər istifadə edə bilmirik. Azərbaycanın qüvvəli yemə olan illik tələbatı 2,5 milyon ton təşkil edir, lakin son zamanlar ölkədə bu məhsulun istehsal həcmi 100 min ton civarındadır. Bu səbəbdən də bizdə yemləmə səviyyəsi aşağıdır”.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, Azərbaycanda ərzaq məhsullarının, o cümlədən ətin qiyməti Dövlət tərəfindən tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb-təklif əsasında formalaşır.
“Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər. Bununla belə, məhsullarının qiymətində manipulyasiyalara yol verilməməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunamüvafiq tədbirlər həyata keçirir.