Son zamanlar gənc və uşaqlı qadınların evdən qaçması halları artıb. Bununla bağlı mətbuatda da söz-söhbət səngimək bilmir. Elə bir gün öncə İsmayıllı rayon sakini də 5 yaşlı uşağını götürüb evdən qaçıb. Ailələrdə bu kimi forsmajor halların artmasının səbəbi nədir?
Hafta.az-a mövzu ilə bağlı danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova dedi ki, bu hallarda bir neçə faktor var:
"Əsasən zorakılıq hallarının olmasıdır. Qadınlar kifayət qədər baş verən zorakılığa əvvəlki qaydada dözmək istəmirlər. Ailədə məsuliyyətsizlik, ailənin nümayəndələrinin onlara sayqı göstərməməsi və s. bu cür hallara gətirib çıxarır. Ailədə atanın uşağın təhsilində maraqlı olmamasının da təsirləri var. Bəzən isə xəyanət də bu vəziyyətə gətirib çıxara bilir. Amma psixoloji zorakılıq və məişət zorakılığın ər tərəfindən törədilməsi qadında inamsızlığı, ailəyə bağlılığı itirir. Elə də olur ki, kişi işləmir evdə oturur və yaxud heç biri işləmir ağır sosial vəziyyət yaranır. Çətinliklərə qadın dözə bilmədikdə, uşaqlarının problemini həll etmək üçün Bakıya qaçır. İstəyir ki, özü uşaqlarını istədiyi kimi saxlasın".
Qadınların psixoloji problemləri evdən qaçmağa səbəb ola bilərmi? -Sualına isə M. Zeynalova dedi ki, elə hazırda statistika onu göstərir ki, problemlərin çoxluğu qadınlarda psixoloji problemlərə yol açır:
“Bəli, bu gün qadınlarımızın əksəriyyətində psixoloji problemlər var. Qadınlarda ümümi gərginlik, stress halları müşahidə olunur. Bu da zorakılıq hallarından sonra əsasən ortaya çıxır. Məsələn, bu kimi ailələrdə doğulub-böyüyən uşaqlarda da psixoloji travma olur”.

Psixoloq İlahə Dəmirbəy isə dedi ki, cəmiyyətimizdə bəzən nə qədər də inkar etsək qadin kişi bərabərliyi hələ də tam bərqarar olmayib:
“Hər bir sahədə problemdə olduğu kimi, ailə probləmlərində də bu öz əksini tapır. Kişilərin tərk etdiyi qadınlar, kişilərin tərk etdiyi ailələr olduqca çoxdur, lakin bu durumda da yenə qadınlar qınaq obyektinə çevrilir. "Yaxşi qadın" olsaydı və yaxud bir çox əsassız şubhəli suallar insanların düşüncəsini məhv edir. Lakin bir qadin evi tərk edirsə bu qloballaşır, problem böyüyür, nəsillər arasına, hətta son dövrlərdə artıq sosial şəbəkələrə qədər gəlib çıxır. Bu bizim situasiyanın fiqurasıdır: "Qadın evi tərk etdi". Bəs bu vəziyyətin fonu nədir? Pərdə arxasında nələr var? Əksər xanımlar çox vaxt ailələrinin dağılmağını istəmirlər. Ən son nöqtəyə kimi mübarizə aparırlar. Çox vaxt bu mübarizədə əzab-əziyyətə dözmək olur. Lakin müəyyən bir nöqtəyə gəlinir, müəyyən bir həddə çatılır ki, artıq hadisələri nəzarətdə saxlamaq mümkünsüz olduğu kimi, onlara çözüm tapmaq da olmur. Son çarə övladını bağrına basıb vəziyyətdən uzaqlaşmaq olur. Bəziləri isə hətta bunu planlı şəkildə yox, ani verilmiş bir qərarla edir. Təbii ki öncə qeyd etdiyim kimi bu qərara təşfiq edilən səbəblər üst-üstə yığılır. Bir sözlə ailədə istənilən fərd tərəfindən tərk edilmə varsa, deməli, bu ailədə artıq ailə bağları, hörmət, sevgi, normal münasibətlərdən söz gedə bilməz. Hər iki halda nəticə eyni olur "travmalı uşaqlar"... travmalı həyat...”

Psixoloq Fərqanə Mehmanqızına görə, son illər insanlar arasında daxili aqressiya əmələ gəlib: “Ailədaxili aqressiyanın səbəblərindən biri eqonun olmasıdır. Bu gün eqoya insanlar tez təslim olurlar. Belə olan halda ətrafa qarşı kor olurlar. Nə istədiklərini, nə qədər yük götürə biləcəklərini bilmədən insanların üzərinə məsuliyyət hissi qoyurlar. Şiddətin qarşısını almaq üçün uşaqlar və qadınlar baş götürüb qaçmaq yolunu seçirlər. İlk əvvəl insanlarda bu bezmə həddinə çatdırmaq ailələrinin işidir. İnsanlarda güvənsizliyi itirmək olmaz. Güvənsizlik itəndə faciə baş verir. 10-20 il sonra bu kimi ailələrdə doğulan uşaqların taleyi bəlli deyil. Çünki psixoloji travmanın onlarda da üzə çıxacağı qaçılmaz məsələdir. Hətta psixoloji şiddətə məruz qalan gənclər də ailədən qaçır. Bu gün bu kim i problemlər ən çox bölgələrdə baş verir. Bölgələrdə maarifləndirmə işləri yoxdur. QHT-lər bölgələrdə layihələr hazırlasa da yetmir. Qadına, uşağa qarşı şiddət ölkədə səngimək bilmir, davam edir. Bu şiddət davam etdikcə problemlər də çoxalacaq. Kütlə də həmrəylik psixologiyası deyilən bir anlayış var. Ölümü, intiharı, ailədən qaçışı insanlar çıxış yolu kimi görür. Ailədaxili müdaxilələr araşdırılmalıdır. Dövlət də bu işdə maraq göstərməlidir. Xaricdə bu praktika var”.