Facebook, yoxsa “Meta” – Ekspert açıqladı

16:32 29.10.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Son günlər dünya gündəminə “Meta” adlı yeni termin oturub ki, ölkəmizdə də bu söz “feysbukun yeni adı” kimi təqdim edilir.  Nəzərinizə çatdıraq ki, feysbuq sosial şəbəkəsi həm Azərbaycanda, həm də dünyada ən çox istifadə olunan sosial platformalardan biridir.

Bəs görəsən “Meta” adlı qurumun yaradılması hansı yeniliklərə səbəb olacaq?

Məsələ ilə bağlı açıqlama verən “Technogen Azerbaijan” şirkətinin rəhbəri Fərrux Rəcəbli Hafta.az-a bildirdi ki, hazırda heç bir ölkə gündəmində feysbukun adının dəyuişdirilməsi kimi mövzular müzakirə olunmur. Təəssüf ki, bu hal tək bizdədir:

“2 gündür sosial şəbəkələrdə və saytlarda belə başlıqda xəbərlərlə qarşılaşıram ki, “feysbukun adı dəyişdirilir yaxud da dəyişdirildi”. Bütün kütləvi informasiya vasitələri əməkdaşlarına məsləhət görərdim ki, xəbər olaraq doğru məlumatlar paylaşsalar daha yaxşı olar. Çox bəsit bi məntiq var. Hansısa bir ad brend statusu alıbsa onun dəyişdirilmə ehtimalı 0.01 faizdir. Bildiyiniz kimi, “Facebook”, “Instagram” və “WhatsApp” hər biri eyni mərkəzdə cəmlənib və idarə olunur”.

O ki qaldı “Meta nədir?” sualına mütəxəssis bildirdi ki, bu instaqram və feysbukun birgə idarə olunduğu qurumun adıdır:

“İnanıram ki, yaxın 10 ildə sözügedən sosial şəbəkələrdə ad dəyişikliyi olmayacaq. Halhazırda meydana “Meta” adı altında bir qurum çıxıb. Hansı ki, yerli media insanlara belə təbliğ edir ki, feysbuk adını dəyişib Meta qoyub.  “Facebook.com” yazıb axtarış vermək kifayət edir ki, ad dəyişikliyinin olmadığını görə biləsiniz”.

Qeyd edək ki, 2004-cü il fevralın 4-də Harvard Universitetinin tələbəsi Mark Zukerberq “The Facebook” sosial şəbəkəsini istifadəyə verib. 2012-ci ilin mayında “Facebook” texnologiya sənayesi tarixində ən böyük “IPO” keçirərək 16 milyarddan çox dollar cəlb etməyə nail olmuşdu.