“Bu gün hamımızın ən çox sayğı göstərəcəyimiz peşə sahibi həkimlər, tibb bacıları, tibbi xidmət göstərən pesonallar və təcili yardım maşınlarının sürücüləri olmalıdır. Etiraf edək ki, maaşları elə də yüksək deyil, ancaq ən çox risk altında olan insanlardır. Bizlər otağımızda, evimizdə təcrid olunub öz sağlamlığımızı qorumaq üçün daha çox imkana sahibik, onlar isə təhlükənin içindədirlər”.
Bunu hafta.az-a açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa deyib. Millət vəkili bildirib ki,geyimindən tutmuş davranışlarına qədər hansısa ehtiyatsızlıq həyatları, sağlamlıqları üçün cidd fəsadlar yarada bilər. Bir az da bizim kimi gigiyenik və sağlıq intizamına əməl etməyən cəmiyyətdə bu peşə sahiblarinin əziyyəti ikiqat artmış olur: “Həkimlərin, tibb mütəxəssislərinin tövsiyələrinə, çağırışlarına hələ də ciddi yanaşan insanların sayı çox deyil, adamların bir qismi nə görüşmək rituallarını dəyişir, nə kütləvi toplanış adətlərini məhdudlaşdırmağı düşünürlər”.
BQP sədrinin sözlərinə görə, koronavirus təhlükəli bir pandemiyadır, bu yalnız əli spirtləməklə, maska taxmaqla yaxud gündə yüz dəfə sabunlamaqla çözülən məsələ deyil: “Bu ilk növbədə cəmiyyətin psixoloji yetkinliyi və intizamı ilə ortadan qaldırıla bilər. Çinin nümunəsinə baxın. Eləcə də Yaponiyanın. Qonşu İran da bizim kimi eyni mentallığa sahib olduğundan məişətlərinə bu xəstəliyi daha çox buraxdılar. İtalyanlar da təqribən Avropa intizamında axsadıqlarına görə daha çox hədəfə çevrildirlər”.
Millət vəkili bildirib ki, bu səbəbdən də cəmiyyətin müəyyən məhdudiyyətlər içində yaşamağa məcbur olduğu durumda həkimlərə və tibb bacı-qardaşlarına, tibbi xidmət personalına xüsusi diqqət göstərməliyik: “Onların təlimatlarına daha həssas yanaşmalıyıq, üzməyə və yormağa çalışmamalıyıq. Bu minvalla tibb sahəsində çalışan aşağdan yuxarıyadək bütün vicdanlı, fədakar insanları salamlayıram və xüsusilə bu çətin gönlərdə onların zəhmətinin əvəzedilməz, möhtəşəm olduğunu bir daha vurğulayıram”.