Fəlakətin fəsadları: 1500 nəfər öldü, 33 milyon insan evsiz qaldı...

12:30 15.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanda yaşanan təbii fəlakət hər birimizi üzməkdədir. Musson yağışlarının artması və qlobal istiləşmə ilə bağlı dağlarda buzlaqların əriməsi səbəbindən qardaş ölkə tarixinin ən dağıdıcı və genişmiqyaslı daşqınları ilə üz-üzə qalıb. İş o həddə çatıb ki, hökumətin avqustun 25-də ölkədə fövqəladə vəziyyət elan etməsi də Pakistanı can və mülk itkisindən xilas edə bilməyib. Məlumata əsasən, Pakistan ərazisinin üçdə biri su altında qalıb və təbii ki, kənd təsərrüfatı məhsulları zay olub, 1500 insan həlak olub, 33 milyon insan evsiz qalıb və sair.

Hesablamalara görə, təbii fəlakət nəticəsində Pakistana milyardlarla dollar həcmində ziyan dəyib və 230 milyonluq bu böyük ölkə hətta ərzaq böhranı ilə üz-üzə qalıb. Heç kimə sirr deyil ki, Pakistan dünyanın ən böyük pambıq istehsalçılarındandır. İllik normadan ən azı beş dəfə çox yağan yağışlar isə sel yaradaraq ucsuz-bucaqsız pambıq plantasiyalarını su altında qoyub. Bu da nəticə etibarilə ölkənin ÜDM-də 10 faiz çəkiyə malik toxuculuq sektorunu iflic duruma sala bilər. Hətta bəzi ekspertlər deyirlər ki, məhz builki fəlakətin acı nəticələrini pakistanlılar irəlidəki illərdə hiss edəcəklər. Çünki FAO-nun da hesabatında qeyd edildiyi kimi, Pakistanda, xüsusən də  aqrar sənayenin inkişaf etdiyi Sindh vilayətində kənd təsərrüfatının 50 faizi ziyanla üzləşib. Üstəlik, builki əkin dövründə tarlaların əkilməməsi böhranın həcmini gələn ilki yığım dövründə özünü daha aydın hiss etdirəcək.

Pakistanın İstanbuldakı baş konsulu Daniş Mehmud təbii fəlakətdən söz açarkən qeyd edib ki, ölkəsində iyul və avqust aylarında son 30 illik orta yağıntıdan təxminən 190 faiz çox yağış yağıb. Daşqından ən çox zərər görən Sindh əyalətinə isə normadan 466 faiz çox yağıntı düşüb.

“Bu, Pakistanda geniş şəkildə can, əmlak, infrastruktur və yaşayış vasitələrinin itkisi ilə nəticələnib, təxminən 1500 ölüm halı qeydə alınıb. Pakistan qlobal miqyasda atmosferə atılan karbon qazının cəmi 1 faizdən azına görə məsuliyyət daşısa da, iqlim böhranına ən həssas 8-ci ölkə mövqeyindədir. Nəticələrə baxın: Bayaq qeyd etdiyim kimi, 1500 insan həyatını itirib, təxminən 1,7 milyon ev dağılıb, 751 minədək kənd təsərrüfatı heyvanı tələf olub, təxminən 810 min hektar əkin sahəsi yararsız hala düşüb, sular 5735 kilometr yolu və 246 körpünü yuyub-dağıdıb, ümumilikdə, daşqın 33 milyon insanı evsiz qoyub və Pakistanın üçdə biri su altında qalıb. Ölkədəki 160 rayondan 81-i daşqından birbaşa zərər çəkib və onlar hökumət tərəfindən fəlakət zonası elan ediliblər. Daşqınlar nəticəsində kənd təsərrüfatı məhsulları yarıbayarı azalacaq”, - deyib pakistanlı Baş konsul.

Diplomat qeyd edib ki, hazırda Pakistanda zərər çəkmiş ərazilərin bərpası və qurbanların reabilitasiyası üçün 10 milyard dollara ehtiyac var.

Bu arada, fəlakətlə üzləşmiş Pakistana dünyanın fərqli ölkələrindən humanitar dəstək verilməkdədir. Konsul Mehmud deyir ki, dəstək verən ölkələrin siyahısına Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ kimi dost dövlətlər başçılıq edir. O, hazırda ölkəsində ən çox ehtiyac duyulan məhsulların quru qida, konservlər, dərmanlar, çadırlar və epidemiyalarla mübarizə üçün avadanlıq olduğunu qeyd edib.

Sonda qeyd edək ki, Azərbaycan da Pakistan xalqına bu çətin vaxtında dəstək verən ölkələrdəndir. Dövlət başçısı İlham Əliyevin sərəncamıyla zərərçəkmişlərə dəstək məqsədilə Pakistan dövlətinə 2 milyon dollar maddi yardım ayrılıb.