Fələstin siyasəti Baydenə baha başa gəldi: "Müsəlmanlardan sizə səs yoxdur"

09:50 04.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın isti ştatlarının müsəlman liderləri Detroitdə mətbuat konfransı keçirərək 2024-cü il seçkilərində Co Baydeni dəstəkləməyəcəklərini açıqlayıblar.

Hafta.az-ın yazdığına görə, ABŞ-ın ən çox ərəb əhalisinin yaşadığı Detroit şəhərində toplaşan müsəlman liderlər “Baydeni buraxın, atəşkəs olmalıdır” yazılı pankart arxasında mətbuat konfransı keçirib. Görüşdə Miçiqan, Minnesota, Arizona, Viskonsin, Florida, Corciya, Nevada və Pensilvaniya ştatlarından nümayəndələr iştirak ediblər.

Minneapolis şəhərindən olan müsəlman vətəndaş cəmiyyəti lideri Ceylani Hüseyn deyib ki, Baydenin Qəzzada atəşkəs çağırmaq istəməməsi onun müsəlman amerikalılarla münasibətlərinə düzəlməz ziyan vurub. Hüseyn, "Vergilərimizlə ailələr, uşaqlar məhv edilir. Faciənin ardınca faciənin şahidi oluruq" deyib.

Qəzzada İsrailin minlərlə mülki vətəndaşı qətlə yetirməsinə reaksiya verən Hüseyn mətbuat konfransında "Amerikalı müsəlmanlar zəif deyil. Biz güclüyük. Bizim təkcə pulumuz yox, həm də səs hüququmuz var. Bu milləti ondan xilas etmək üçün haqqımızdan istifadə edərək səs verəcəyik” deyib.

Baydeni dəstəkləməmələrinin Trampı dəstəkləyəcəkləri demək olmadığını ifadə edən Hüseyn, "Bizim iki yox, çox variantımız var və onlardan istifadə edəcəyik" deyə xəbərdarlıq edib.

Müsəlman liderlərinin Co Baydeni dəstəkləməməyə çağırdığı ştatlar arasında Miçiqan, Viskonsin və Pensilvaniya Demokratların 2020-ci ildə qələbə qazanmasına kömək edən “mavi divar”ın mühüm hissələri idi. Buna görə də, bu kritik əhəmiyyətli ştatlarda səsvermə üstünlüklərinin dəyişdirilməsi respublikaçı namizəd üçün Ağ Evə yolun açılması demək ola bilər.

Bundan əvvəl Miçiqandakı Demokratlar Ağ Evə xəbərdarlıq etmişdilər ki, Qəzzadakı müharibə 2024-cü il seçkilərinin nəticələrini dəyişə bilər. 2016-cı ildə Donald Trampın 10 min səs fərqi ilə qalib gəldiyi əyalətdə Co Bayden 2020-ci il seçkilərini 154 min səs fərqi ilə qabaqda bitirməyi bacarıb.

110 minlik əhalisinin yarısının ərəb olduğu Miçiqan ştatının Dirborn şəhərində Bayden Trampdan 3 dəfə çox səs toplayıb.

ABŞ-da ümumi əhalinin 1,1 faizini təşkil edən müsəlmanlar əsasən demokratlara səs verirlər. AP-nin məlumatına görə, müsəlman seçicilərin 64 faizi 2020-ci il seçkilərində Co Baydeni dəstəkləyib.