Fələstini dəstəklədiyi üçün işdən qovulan Hollivud ulduzu yolu bağlayıb

11:01 23.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qəzza müharibəsi ilə bağlı paylaşımlarından sonra “Scream 7”dən qovulan Melissa Barrera İsrail əleyhinə etiraz aksiyasına qatılıb.

Hafta.az-ın yazdığına görə, nüfuzlu Sundance Film Festivalının keçirildiyi Yuta ştatının Solt Leyk şəhərində bazar günü keçirilən etiraz aksiyasında fəallar şəhərin əsas küçəsini bağlayıblar.

“Qəzzə yaşasın” adlı qrupun festivalın keçirildiyi yerə yaxın nöqtədə təşkil etdiyi etiraza 100-ə yaxın adam qatılıb.

“New York Post”un məlumatına görə, etirazçılardan bəziləri prezident Co Baydeni “Qəssab Bayden” adlandırıb, digərləri isə “İsrail özündən utanır” və “Hər yerdə İntifada” kimi şüarlar səsləndirib.

“Deadline” jurnalı və mədəniyyət saytının etiraz aksiyası ilə bağlı yayımladığı videoda Barrera uzun kapüşonlu palto və günəş eynəyi taxdığını görmək olar.

33 yaşlı aktrisa “Minlərlə, milyonlarla insan, hamımız fələstinliyik” şüarını səsləndirir. “Deadline”a görə, Barrera aksiya ilə bağlı açıqlama vermək istəmədiyini bildirsə də, videonun çəkilməsinə razılaşıb.

Etirazda Cənubi Afrika Respublikasının İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) qaldırdığı soyqırım iddiasına dəstək verən aktrisa İndia Mur da iştirak edib.

Məşhur qorxu serialının son iki filmində rol alan Barrera noyabrda Fələstini dəstəkləyən yazılarından sonra layihədən qovulmuşdu.

Aktrisa Qəzzadakı hadisələri "soyqırım" kimi xarakterizə edib və prodüser şirkəti Spyglass Media Group bu yazıların antisemitizm təşkil etdiyini bildirib.