İsrail məhkəməsi İordan çayının qərb sahilinin işğal altında olan Burqa kəndində fələstinli yeniyetməni öldürməkdə ittihamlanan iki yəhudi köçkündən biri olan ifrat sağçı fəal Elişa Yeredi ev dustaqlığına buraxıb.
Hafta.az-ın yazdığına görə, Qüds Sülh Cəza Məhkəməsi, 19 yaşlı fələstinli Qusay Camal Mətanın qətli ilə əlaqədar hakim qarşısına çıxarılan ifrat sağçı fəal yəhudi köçkün Yaredin saxlanması üçün kifayət qədər səbəb olmadığına qərar verib.
Ev dustaqlığına buraxılan Yaredin bir müddət sözçüsü olduğu ifrat sağçı Yəhudi Güc Partiyasından millət vəkili Limor Son Har-Meleç də məhkəmə zalına gəlib.
İsrail mətbuatında yer alan xəbərə görə, Daxili Təhlükəsizlik Təşkilatı Şin-Bet (Şabak) tərəfindən Yaredin "bölgədə hadisələri təhrik etdiyi və təxribat xarakterli hərəkətləri" səbəbilə inzibati həbs tələb edəcəyi bildirilib.
Eyni hadisə çərçivəsində qətl törətməkdə günahlandırılan Yehiel İndore adlı bir yəhudinin fələstinlinin ölümünə səbəb olan tapançadan atəş açmasından şübhələnildiyi, ancaq başına dəyən daş səbəbiylə xəstəxanada müalicə olunduğu üçün hələlik haqqında heç bir qərar verilmədiyi bildirilir.
Baş nazir Binyamin Netanyahunun 2022-ci ilin sonunda İsraildə qurduğu koalisiya hökumətində fələstinlilərə qarşı irqçi hərəkətləri və çıxışları ilə tanınan Bezalel Smotriç və İtamar Ben-Gvir kimi adlar, yəhudi məskunlaşmaçıların tərəfdarları təyin edilib.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin açıqladığı məlumatlara görə, ilin əvvəlindən bəri yəhudilərin Fələstin ərazilərinə 581 hücumundan 149-u fələstinlilərin yaralanması və ya ölümü ilə nəticələnib.
İnsan haqları təşkilatları isə Fələstin ərazilərində yəhudi məskunlaşanların hücumlarında günahkar olanları cəzasız qoyduğuna görə İsrail hakimiyyətini tənqid edir.
Xatırladaq ki, avqustun 4-də işğal altındakı İordan çayının qərb sahilindəki Ramallahın Burqa kəndinə yəhudilərin basqını zamanı baş verən hadisələrdə 19 yaşlı fələstinli Kusay Camal Mətan güllələnərək öldürülüb.