Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti nazirliyin Muğan Regional Mərkəzi ilə birgə Neftçala rayonunun Kürkənd kəndi ərazisində - Kür çayının sahilində təhlükəsiz istismar qaydalarının tələblərini pozan kiçikhəcmli gəmiləri aşkarlamaq məqsədilə monitorinq keçirib.
FHN-in mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, tədbirdə Kürkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları da iştirak ediblər.
Monitorinq zamanı Kür çayı sahilində kustar üsulla inşa edilmiş və istismara yararsız 20 sahibsiz taxta qayıq aşkarlanıb. Həmin qayıqlarla Kür çayında insanların daşınmasının təhlükəli olduğu və qanunvericiliklə bu tip yararsız qayıqların istismarının qadağan olunduğu nəzərə alınaraq, insanların sularda təhlükəsizliyinin təmin olunması məqsədilə istismara yararsız həmin qayıqların ərazidən kənarlaşdırılmaqla istismardan çıxarılması üçün aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlərin görülməsinə başlanılıb.