Florida Nümayəndələr Palatası respublikaçı üzvlərinin təklif etdiyi, valideynlərin icazəsindən asılı olmayaraq, 16 yaşından kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsinə səs verib.
Hafta.az-ın yazdığına görə, qanun layihəsi 106 “hə”, 13 “xeyr”lə qəbul edilib.
Hansı sosial media şirkətlərinin bu qadağalardan təsirlənəcəyi ilə bağlı heç bir siyahı olmasa da, “istifadəçi hərəkətlərini izləyən, uşaqların məzmun yükləməsinə və digər istifadəçilərlə əlaqə saxlamasına imkan verən və asılılıq yaradan məzmun ehtiva edən” bütün platformaların bu qadağaların əhatəsində olduğu bildirilib.
Qanun layihəsinin sponsorlarından olan Tayler Sirois çıxışında, "Sosial media şirkətləri böyüyən uşaqlardan istifadə edirlər. Bu, onların biznes modelidir" deyib.
Qanun layihəsi sosial media şirkətlərindən 16 yaşından kiçik uşaqların istifadə etdiyi aşkarlanan hesabları bağlamağı tələb edir. Sözügedən layihənin qanuna çevrilməsi üçün Florida qubernatoru Ron DeSantisin təsdiqi tələb olunur.
Digər tərəfdən, Facebook və Instagram da daxil olmaqla bir çox sosial media platformasına ev sahibliyi edən Meta tərəfindən verilən şərhdə, Florida Nümayəndələr Palatasına bu mövzuda qadağa deyil, başqa bir həll tapılması çağırılıb.
Açıqlamada deyilir: "Hazırda bir çox gənc part-time iş, ali təhsil, dini görüşlər və hərbi xidmətlər kimi bir çox sahədə məlumat almaq üçün internet və tətbiqlərdən istifadə edir. 16 yaşdan kiçiklərin sosial mediadan istifadəsini qadağan etməklə siz gəncləri digər regionlardakı həmyaşıdlarına nisbətən dezavantajlı olmaq riski altına salırsınız".