Fransa Azərbaycanın daxili işinə qarışa bilməz - RƏY

14:55 25.10.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Fransanın Azərbaycana qarşı qeyri-konstruktiv, qərəzli siyasəti davam edir. İkinci Qarabağ müharibəsindən sonra Fransa bölgədə formalaşmış yeni siyasi nizamı qəbul etmir”.

Bunu hafta.az-a Avropa Parlamentində ölkəmizə qarşı göstərilən açıq qərəzlə bağlı açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq qeyd edib ki, Fransa Azərbacana qarşı müxtəlif mövzularda təzyiqlər etməyə çalışır. Bu, xüsusilə insan hüquqları istiqamətində, həmçinin digər məsələlərdə həyata keçirir.

“Amma Fransa özü imperialist siyasət həyata keçirir, bir çox xalqları hələ də əsarət altında saxlayır, ölkədə insan hüquqları da kobud şəkildə pozulur. Ona görə də, Fransa tərəfinin Azərbaycana qarşı insan hüquqları ilə bağlı iradları siyasi riyakarlıqdır. Fransa Azərbaycanın daxili işinə qarışa bilməz. Fransa indi də öz imperialist xislətindən əl çəkmir. Yeni Kolendoniyada və digər Dənizaşırı bölgələrdə xalqların hüquqlarını pozub soyqırıma məruz qoyub. 20-ci əsrdə Əlcəzairdə böyük bir soyqırım həyata keçirdi. Bir sözlə, İmperialist Fransanın Azərbaycanda insan hüquqlarının pozulması iddiası gülüncdür”.

Avropa Parlamentinə gəldikdə isə M.Əsədullazadə bu qurumun da Azərbaycana qarşı qərəzli mövqe tutmasını absurd sayıb.
“Avropa Parlamenti erməni separatçıları, terrorçularla bağlı qətnamələr qəbul edib, çağırışlar həyata keçirir. Ukrayna separatçıları ilə bağlı tamamilə başqa mövqe ortaya qoyur, amma Azərbaycanın milli təhlükəsizliyini təhdid edən qətnamələr qəbul edir. Yəni, biz Avropa İttifaqının da mövqeyində ikili standartları görürük. Orada da insan hüquqları getdikcə deqradasiyaya uğrayır”.