Fransadan Ermənistana "hərbi dəstək" vədi    

12:19 11.02.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Son günlər Azərbaycan və Ermənistan, həmçinin Rusiya mətbuatının ən çox üzərində dayandığı məsələlərdən biri Fransanın Ermənistana hərbi yardım edəcəyi ilə bağlı səsləndirilən iddialardır.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunən Fransanın bu ölkədəki səfiri Conatan Lakotla görüşüb. Yayılan xəbərlərə görə, tərəflər iki dövlət arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.  Fransanın Ermənistana hərbi yardım etməyə hazır olduğu xüsusilə vurğulanıb və müəyyən razılaşmalar da əldə edilib.

Təbii ki, məlum məsələ Azərbaycanda ciddi narahatlıq doğurmaya bilməz. Ən azından, Fransanın Azərbaycanın əsas müttəfiqi sayılan Türkiyəyə qarşı Aralıq dənizi böhranı ilə bağlı yanaşması göz önündədir. Paris hər vəchlə Türkiyənin maraqlarını zərbə altında qoymaq və onu zəif duruma düşürmək üçün Yunanıstana ən müasir hərbi texnikalar verir - ya pulu ilə, ya da hədiyyə olaraq.

44 günlük Vətən müharibəsi zamanı Parisin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ermənipərəst bəyanatları da çox yaxın keçmişdir. Ölkə Senatının qondarma rejimin "müstəqilliyini" tanımasına dair bədnam qətnaməsinin izləri də itməyib. İndi isə Paris özünün yeni məkrli planlarını işə salır. Layiqli cəzasını almış təcavüzkarı silahlandıraraq yenidən işğala və qisasa körükləyir. Fransanın bölgədə hərbi mövcudiyyətini artıqmaq istəyi tək Azərbaycanı yox, həm də Rusiya və Türkiyəni də düşündürür. Ekspertlər isə Fransanın Ermənistana "hərbi dəstək vədinin elə söz olaraq qalacağı qənaətindədir.  

Politoloq Məhəmməd Əsədullazadə “Həftə içi”nə şərhində bildirib ki, Fransanın Azərbaycandakı səfiri Ermənistanla Fransa arasında silah ticarəti ilə bağlı danışıqların aparılmasını təkzib edib.  Fransa, eləcə də Minsk Qrupunun həmsədri olaraq nə Azərbaycan, nə də Ermənistanla hərbi-ticari əlaqələr qurmadığını qeyd edib. M.Əsədullazadə vaxtilə Azərbaycanla Fransa arasında müəyyən hərbi əlaqələrin  mövcud olduğunu xatırladaraq, bu əlaqələrin Ermənistanla da qurulmasına cəhdlərin ola biləcəyini inkar etməyib.

“II Qarabağ savaşı ərəfəsində Fransa ilə Azərbaycan arasında əlaqələrdə soyuqluq yaşandı. Fransa Minsk Qrupunun həmsədri kimi birtərəfli olaraq işğalçının yanında oldu. Bu xüsusda Fransanın Ermənistana diqqət ayırması və onu silahlandırması mümkündür. Əgər Ermənistanın müdafiə naziri Fransanın səfiri ilə görüşürsə, tərəflər arasında müəyyən dialoq varsa, deməli, hərbi təyinatlı silahların Ermənistana göndərilməsi mümkündür.

Fransanın bu hərəkətləri Makronun Azərbaycan və Türkiyəyə qarşı fobiya siyasətinin nəticəsidir.

Ermənistanın o silahları almağa maddi imkanı çatmasa da, bu silahlar  hədiyyə kimi də verilə bilər.  Əlbəttə ki, bu regionda hərbi pariteti dəyişməyəcək. Bununla Fransa yalnız özünün vasitəçilik missiyasına kölgə salacaq. Nəticədə, Azərbaycan gələcəkdə Fransanın vasitəçilik missiyasınadan kənarlaşdırılmasını tələb edə bilər.

Fransanın bu hərəkətləri Makronun Azərbaycan və Türkiyəyə qarşı fobiya siyasətinin nəticəsidir”. 

Politoloqun sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və əgər Fransa Ermənistanı silahlandırmaqla ərazinin təhlükəsizliyini yenidən zərbə altına salacaqsa, Bakı qəti şəkildə buna öz etirazını bildirməlidir.

Politoloq  vurğulayır ki, Azərbaycan buna mane olmaq üçün daha çox iş görməli, qətiyyətli şəkildə Ermənistanın silahlandırılmasını həyata keçirən xarici ölkələrə regionda müharibəni alovlandıran tərəflər kimi ciddi mesajlar verməlidir:

“Əgər Ermənistan kapitulyasiyaya imza atırsa və Azərbaycan haqlı tərəfdirsə,  ilk şərt  Ermənistanın silahlandırılmaması barədə olmalıdır. Ermənistanla yalnız o xüsusda sülh müqaviləsi bağlanıb, iqtisadi əlaqələrin qurulması barədə razılıq əldə oluna bilər ki, İrəvan silahlandırılmaması ilə bağlı öhtəlik götürsün.  Ermənistan artıq Qarabağda “Arsax” iddiasından əl çəkməldir”. 

Aleksandr Xrolenko, rusiyalı hərbi ekspert: 

- Üçtərəfli bəyanata əsasən Fransa Dağlıq Qarabağdakı sülhməramlıların tərkibində yer ala bilməz. İrəvan və Paris arasındakı hərbi-texniki əməkdaşlıq imkanları isə Ermənistanın Kollektiv Təhlükəsizlik Şurası Təşkilatına üzvlüyü səbəbindən çox məhduddur. Bu əməkdaşlığa maneə yaradan digər səbəblər də var. Ermənistanla Rusiya arasında əldə olunmuş razılaşmalara əsasən, hər iki dövlətin Hava Hücumundan Müdafiə sistemləri birləşdirilib, burada rus hərbi bazaları var. Ən əsası isə İrəvanın hərbi büdcəsi çox kiçikdir - cəmi 664 milyon dollar. Fransanın təklif edə biləcəyi hərbi texniki vasitələr isə çox bahalıdır. Parisin İrəvana kredit xətti açması da inandırıcı deyil.

Zakari Qross, Fransanın Azərbaycandakı səfiri: 

- Fransa ATƏT-in Ermənistan və Azərbaycana silah ixracına tətbiq etdiyi çoxdankı məhdudiyyət tədbirlərinə hörmət edir. Ermənistan da Azərbaycanda xarici hərbi məhsul tədarükçülərini müəyyən edib. Bu tədarükçülər hər kəsə məlumdur. Ermənistanın və Azərbaycanın həm də region dövlətləri ilə müdafiə sazişləri mövcuddur. Fransanın nə Ermənistanla, nə də Azərbaycanla bu cür razılaşması var. Bu, Fransanın regiondakı təhlükəsizliyə qərəzsiz yanaşmasına uyğundur. Fransa ATƏT Minsk qrupunun həmsədri qismində mandatının icra olunmasında tamamilə qərəzsizdir. Fransa Ermənistanla Azərbaycan arasında baş vermiş müharibədən və insan ölümlərindən təəssüflənir və atəşkəs rejiminə ciddi əməl etməyə, dayanıqlı sülhə, barışığa və əməkdaşlığa çağırır.