Fransanın Makron bəlası – qovulmağını istəyirlər - TƏHLİL

11:28 21.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin Rusiya mətbuatına son müsahibəsində Makron Fransası haqqında bəyanatları dünyada geniş rezonans doğurub. Dövlət başçısının Parisin son illərdə ard-arda uğursuzluqlara düçar olması, Cənubi Qafqazdakı destruktiv fəaliyyəti və beynəlxalq aləmdə sürətlə nüfuzunu itirməsi ilə bağlı dedikləri bir çoxları tərəfindən reallıq olaraq qəbul edilməkdədir. Həqiqətən də Emmanuel Makronun Fransanın prezidenti seçilməsindən keçən müddətdə ölkə özünün ən xaotik və deqradasiya dövrünü yaşamaqdadır. Azərbaycan Prezidentinin səsləndirdiyi fikirləri elə Avropanın ən öndə gedən media orqanlarının təhlilləri, hətta Makronun ölkə daxilindəki siyasi rəqibləri də təsdiqləməkdədirlər.

Məsələn, Fransa parlamentindəki sağçıların lideri Marin Le Pen "Parisien"ə müsahibəsində bildirib ki, Fransa prezidenti Emmanuel Makron həm ölkə daxilində, həm də beynəlxalq miqyasda, o cümlədən Avropa İttifaqında təsirini tamamilə itirib və mandatı bitməmiş postunu tərk edə bilər. Onun fikrincə, Makronu mandatını daha tez bitirməyə vadar edən bir çox amillər var. Le Pen əlavə edib ki, problemlər hətta baş nazirlə münaqişəyə girə bilən öz mərkəzi blokundan və ya maliyyə bazarlarından yarana bilər.

Nüfuzlu Bloomberg agentliyi isə Fransadakı siyasi böhranın iqtisadiyata ciddi şəkildə təsir etdiyini bildirir. Vurğulanır ki, bir neçə aydır, biznesin inam göstəriciləri azalır. Bütün bunlar iyunda keçirilən növbədənkənar seçkilərin və bu yaxınlarda hökumətə etimadsızlıq səsverməsinin nəticəsidir.

Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu 2025-ci ilin birinci yarısında rüblük artımın cəmi 0,2% olacağını proqnozlaşdırır. Fransada siyasi və fiskal çıxılmaz vəziyyət iqtisadi artımın yavaşlamasına səbəb olub. Bu, hökuməti qurmaq və 2025-ci il büdcəsini tez bir zamanda tərtib etmək üçün yeni təyin olunmuş Baş nazir Fransua Bayruya təzyiqi artırıb.

Ölkənin Statistika İnstitutunun yenilənmiş hesablamalarına görə, avrozonanın ikinci ən böyük iqtisadiyyatı gələn ilin birinci yarısında daxili tələbatın zəifləməsi və ixracın  yavaşlaması səbəbindən hər rübdə cəmi 0,2% artacaq.

Hesabat iyunda keçirilən növbədənkənar seçkilərdən sonra baş verən siyasi qarışıqlığın iqtisadiyyata getdikcə daha çox təsir etdiyinə dair əlavə siqnallar verir. Biznes və ev təsərrüfatlarının etimad göstəriciləri aylardır azalır. Fransa Bankı da bazar ertəsi artım proqnozlarını azaldıb.

Parisdə keçirilən brifinqdə iqtisadçısı Dorian Roucher bildirib ki, dövlət xərcləri azalacaq, biznes çətinliyə düşəcək və investisiyaları az olacaq. Yalnız istehlakçı Fransada iqtisadi artımı bir az dəstəkləyəcək.

Biznes liderləri siyasi təlatümlərin artıq biznes fəaliyyətinin sürətlə pisləşməsinə səbəb olduğu barədə xəbərdarlıq edib və növbəti hökumətin büdcə problemlərini necə həll edəcəyinə aydınlıq gətirməyə çağırıblar.

Publicis Groupe SA-nın fəxri sədri Maurice Levy, Milli Assambleyadakı fikir ayrılıqlarını nəzərə alaraq, tez bir həll gözləmədiyini və bunun 2027-ci ildə Makronun ikinci müddətindən sonra baş verə biləcəyi qənaətindədir.

"Qısa müddət üçün çıxılmaz vəziyyətə düşəcəyik - mən "qısa müddətə" deyəndə, qorxuram ki, Emmanuel Makronun mandatının sonuna qədər olacaq", - Levi Parisdəki konfransın kənarında deyib.

"Le Point" isə Makron Fransasının Afrikadan necə qovulduğunu araşdırıb. Nəşr bütün günahın ölkə prezidentində olduğu qənaətindədir: "Noyabrın 28-də Seneqal prezidenti Bassirou Diomai Fay Fransa hərbi kontingentinin ölkədən çıxarılmasını elan edib. Elə həmin gün Fransanın xarici işlər naziri Jan-Noel Barrotun səfərindən bir neçə saat sonra Çad hakimiyyəti Parislə müdafiə sazişinin ləğv edildiyini elan etdi. Bu qərarlar Fransız qoşunlarının Malidən, Burkina Fasodan, daha sonra Nigerdən məcburi çıxarılması məntiqinə uyğun gəlir.

2017-ci ilə qədər, on minə yaxın fransız əsgəri hələ də qitənin doqquz ölkəsində qalırdı. Yeddi il sonra Fransa Saheli tərk etmək məcburiyyətində qaldı və onun hərbi mövcudluğu Cibutidə 1500, Fil Dişi Sahilində 600 və Qabonda 300 əsgərə endirildi. Yeddi ildə Emmanuel Makron Fransa ilə Afrika arasında 70 illik imtiyazlı münasibətlərin mirasını məhv edərək ölkəmizi diplomatik və strateji tənəzzülə sürüklədi.

Fransanın uğursuzluğunu xarici siyasətimizin səhvləri və təsir alətlərinin itirilməsi ilə izah etmək olar. Diplomatiyamız Afrikada baş verən transformasiyaları düzgün qiymətləndirməyi bacarmadı. Emmanuel Makronun təkəbbürlü və qeyri-ciddiliyi daxili siyasətdə olduğu kimi, Afrikada da kövrək sistemin dağılmasına səbəb oldu. “Yumşaq güc” baxımından da vəziyyət eyni dərəcədə fəlakətlidir. Fransız şirkətləri və hər şeydən əvvəl banklar Afrikanı tərk etdilər. Fransanın qitədən qovulması ölkəmizi müttəfiqlər və tərəfdaşlarla, eləcə də BMT-də əsas təsir mənbəyindən məhrum edir və onun tənəzzülünü simvollaşdırır. Fransanın Afrika ilə imtiyazlı əlaqələri öz əlləri ilə məhv etdiyi Beşinci Respublikanın əsas sərvətlərindən biri idi".

Göründüyü kimi, Makronun ölkəni hansı duruma saldığını elə Fransanın öz siyasətçiləri, media orqanları etiraf edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin son fikirləri isə bu reallıqların olduğu kimi dünyaya bir daha bəyan edilməsi, Makrona arxalanaraq Azərbaycan əleyhinə fəaliyyət göstərənlərə xəbərdarlığı idi. 

Ləman Əliyeva