Azərbaycan ordusunun, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonları azad etməyə başlaması, yenə də Rusiya və Avropanı hərəkətə keçirdi və Moskvada tərəflərin iştirakı ilə atəşkəs elan olundu. Amma hər zaman olduğu kimi, Ermənistan yenə də bu sazişə uymadı və Azərbaycanın mövqelərinə hücumlarını davam etdirdi. Əlbəttə, rəsmi Bakı atəşkəsin davamlı olmasına razıdır, bir şərtlə ki, danışıqlar bütün bölgələrimizin işğaldan azad edilməsinə şərait yaratsın. Amma bu gözləntilər özünü doğruldacaqmı? Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqovla söhbətləşərək atəşkəsin məğzini açmaq istədik...
- Əvvəlcə qeyd edək ki, atəşkəs razılığı əldə edilib, hansısa atəşkəs müqaviləsi imzalanmayıb. Həm də adından da göründüyü kimi, bu yalnız humanitar məqsədli atəşkəs razılığıdır. Bu atəşkəs razılığı beynəlxalq humanitar hüququn və müharibə hüququnun prinsiplərindən irəli gələn razılaşmadır. Azərbaycan heç bir şəkildə humanitar atəşkəs razılığından imtina edə bilməz, çünki beynəlxalq ictimaiyyət qarşısında dövlətin imici çox əhəmiyyətlidir. Nəzərə alaq ki, qarşı tərəf ölkəmizin “vəhşi” və “qeyri-insani” obrazının yaradılması üçün əlindən gələni etməkdədir. Bu məqamı dövlət rəsmiləri də razılığı şərh edərkən xüsusi olaraq göstərdilər. Sonra da gördük ki, qarşı tərəf razılığa əməl etmədi.
- Humanitar atəşkəs deyirlər. Meyitlərin filanın götürülməsi üçün. Amma doğrudan da belədirsə, bunun üçün 3 gün, 5 gün... nə qədərsə vaxt qoyulmalı idi. Amma müddət bildirilmir və bu da insanlar arasında təbii olaraq bir az pessimistlik yaradıb. Bu barədə nə deyərdiniz?
- Məncə pessimizm üçün heç bir əsas yoxdur. Ordumuz qarşısına qoyulan vəzifənin birinci mərhələsini yüksək səviyyədə yerinə yetirdi. Atəşkəs elan ediləndən sonra da görürük ki, ordumuz öz işini layiqincə davam etdirməkdədir. Cənab Prezident Türkiyə telekanalına sonuncu müsahibəsində qeyd etdi ki, ordumuz yeni əraziləri azad etməyə davam edir. Başa düşürəm, insanlarımız 30 ilə yaxındır ki, dözməyə və bu günü gözləməyə məcbur olub – səbrsizləşiblər və buna görə onları qınaya da bilmərik, anlayışla yanaşırıq. Dövlət başçısı sonuncu çıxışlarından birində nəyin nə vaxt edilməsini daha yaxşı bildiyini göstərdi. Döyüş meydanındakı uğurlar diplomatiya və xarici siyasət sahəsində addımlar bir-birini sinxron formada tamamlamalı, bir-birinin işini asanlaşdırmalıdır. 90-cı illərdə torpaqlarımızın itirilmə səbəblərindən biri də məhz müharibə şəraitinə və şərtlərinə uyğun xarici siyasətin yeridilə bilinməməsiydi.
- Atəşkəs qüvvəyə minər-minməz ermənilər yenidən fəallaşdılar və həm də bütün cəbhə boyunca Azərbaycanın mövqelərini atəşə tutdular. Sizcə buna nə ad vermək olar: təxribatdır, yoxsa düşünülmüş ssenarinin bir hissəsidir?
- Bu sadəcə çarəsizlikdən, ağır vəziyyətdən doğan ağılsız, reflektiv cavabdır.
- Ermənilərin atəşkəsi pozması faktı Azərbaycanı yenidən, belə deyək, öz haqlı antiterror əməliyyatlarına başlamasına səbəb ola bilərmi? Ümumiyyətlə, Azərbaycanın bu anlaşmadan sonra torpaqların müharibə yolu ilə azad etməsi şansı varmı?
- Azərbaycanın hətta ağır və çətin vaxtlarında belə, torpaqlarını güc yolu ilə geri qaytarmaq kimi beynəlxalq hüququn ona verdiyi təbii səlahiyyəti əlindən alına bilmədi. Moskvada imzalanmış sonuncu razılıqda açıq mətnlə Azərbaycanın torpaqlarını güc yolu ilə geri qaytarma hüququnun əlindən alındığını yazıldığını kim görüb? Təbii ki, Azərbaycanın torpaqlarını müharibə yolu ilə qaytarmaq şansı əvvəlki dövrlərdəkindən daha çoxdur.
- Atəşkəsdən söz düşmüşkən, Minsk Qrupunun defakto iflas etdiyini deyə bilərik. Fransanın qrupdan uzaqlaşdırılması mümkünmü? Axı bu ölkə Ermənistana açıq dəstək verdi və üstəlik, Azərbaycanı siyasi müstəvidə kobudcasına təhqir və təhdid də etdi “Azərbaycanı Qarabağı fəth etməyə qoymayacağıq” deməklə...
- Minsk Qrupunun iflas etdiyini Dövlət başçısı hələ hərbi əməliyyatlar başlamamışdan əvvəl demişdi. Fransanın Minsk Qrupundan uzaqlaşdırılması mümkündür. Hətta ola bilər ki, Minsk Qrupunun fəalliyyətinə ehtiyac qalmadığına görə buraxıla da bilər.
- Bundan sonra Türkiyənin danışıqlar formatının tərkib hissəsi olması mümkündürmü? Məsələn, Fransanın yerinə və ya dördüncü tərəf olaraq...
- Türkiyə artıq formal şəkildə, Minsk Qrupunun üzvü olmasa da, faktik olaraq münaqişənin real həlli istiqamətində effektiv iştirakçıdır. Bu statusun və oynadığı rolun gələcəkdə hansısa formada rəsmiləşdirilməsi şəraitə və ehtiyaclara uyğun mümkündür.
- Önümüzdəki günlərdə, həftələrdə və ya ilin sonunadək Qarabağ məsələsinin gedişatını necə görürsünüz?
- Mən nikbinəm, əvvəlki illərdən və dövrlərdən daha çox nikbinəm. Ərazi bütövlüyümüzün istənilən formada yaxın zamanlarda bərpasına inanıram.