Bu gün Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşdırılmasında qarşısına çıxan ən böyük maneələrdən biri sadə ermənidən daha çox ermənipərəst olan Fransadır, daha doğrusu bu dövlətin prezidenti Emmanuel Makron. Ayda bir dəfə fransız ermənilərlə görüşən, Azərbaycanın daxili məsələsi olan Qarabağ problemini müzakirəyə çıxarmaqla siyasi xal qazanmağa cəhd edən, "ermənilərin hüquqlarının, azadlıqlarının müdafiəçisi" obrazını yaratmağa çalışan Makron əslində öz xalqına qənim kəsilib desək, yanılmarıq.
Tarixi keçmişi soyqırım ləkələri ilə dolu olan Fransa Prezidenti milyonlarla günahsız insanın ölümünə səbəb olduqlarına görə üzr istəməyi belə özünə rəva görmür, peniya islahatlarına etiraz edənləri polis zorakılığı, dəyənəklərlə şikəst edir, daha sonra isə "hüquq və azadlıqlar"dan danışır.
Faktlara nəzər yetirək.
Bir neçə gün əvvəl Fransada Emmanuel Makronun pensiya yaşının 62-dən 64-ə qaldırılması ilə bağlı qanun layihəsi ölkəni xaosa sürüklədi. Buna etiraz olaraq baş tutan yürüşdə bir milyondan çox insan iştirak edib. Etirazlar ictimai nəqliyyat, təhsil və dövlət xidmətlərini iflic edib. Parisdə Bastiliya meydanında bəzi nümayişçilər polislə toqquşub. Aktivistlər şüşə, zibil qutuları və tüstü bombaları atarkən, polis gözyaşardıcı qazla cavab verib. Həmkarlar İttifaqları Fransadakı etirazlarda iki milyondan çox, yalnız Parisdə 400 min insanın iştirak etdiyini və növbəti böyük etirazın yanvarın 31-də keçirildiyini açıqladı.
Əsas məsələ etirazçılara qarşı münasibətdə polisin onlara tutduğu divandır. Bu fakt aksiyalarda şikəst qalan İvan adlı gəncin yaşadıqlarının timsalında daha aydın görünür.
İvan Parisdə etiraz yürüşünün fotolarını çəkirdi. Nümayiş sakit görünsə də, sonra polis peyda olub. Heç bir zorakılığa yol verməsə də, qəfildən ayaqları arasında polis dəyənəyi ilə gözlənilməz zərbə alıb. Bu zərbə onu bir xayadan məhrum edib. O, şikayət ərizəsi yazmaq qərarına gəlib: "Polis tərəfindən zorakılığa məruz qalan ilk şəxs olmadığım üçün bunu dayandırmalıyıq. Mənim bir üstünlüyüm var: bugünkü səhnə lentə alınıb", - 26 yaşlı gənc Le Fiqaro müxbiri ilə söhbətində deyib. "Hər şey çox tez baş verdi" deyən gənc xatırlayır.
"Güclü bir səs gəldi və birdən gördüm ki, polis hücuma keçib. Hadisələrin mərkəzindən uzaqda idim. Etirazçılardan polisə taxta lövhələr atmaqda şübhəli bilinən nümayişçinin həbsinə nail olmaq istəyirdilər. Hadisə yerindən çəkilən görüntülərə görə, polisin hücumunun hədəfi məhz o olub. Amma nədənsə iki polis əməkdaşı digərlərindən daha irəli gedib və İvanın qasıq nahiyəsinə ağır zərbələr endiriblər.Niyə İvan S.-ni seçdilər?O başa düşmür və bizim bildiyimiz faktların heç bir kombinasiyası bunu izah edə bilməz. Polis onu tutur və yolun zolağında arxası üstə atır. İkinci polis köməyə gəlir. "O, qarşıma çıxdı və eyni zamanda dəyənəklə çənəmə güclü zərbə endirdi" - İvan deyir. “Səhnəni “AB7 Media” lentə alıb və BFMTV-də canlı yayımlayıb. Zərbədən sonra polis İvana kömək etmədən geri çəkilib. O, ətrafdakılardan ilkin tibbi yardım alır. İndi o, əlil arabasındadır".
Gəncin vəkili Lüsi Simon bildirir ki, o, şikəstliklə nəticələnən qəsdən zorakılıqdan şikayət edir: “O, əlində kamera ilə yerdə uzanmışdı ki, polis məmuru bilərəkdən onun cinsi orqanına nişan alıb. Sadizmlə bərabər olan zorakılığa haqq qazandırmaq olmaz, bu, qəbuledilməzdir və geri dönməz nəticələrə malikdir”.
Ən dəhşətlisi isə Makronun polislərinin və hakimiyyət orqanlarının zorakılıq nəticəsində əlil qalan bu cavan oğlanın şikayətinə bianə münasibətidir. Paris prefekturası polisin bu zorakılığına, bir gənci ömürlük şikəst etməsinə haqq qazandırır. Daxili araşdırma aparıldığını söyləyərək məsuliyyətdən yayınır. Hökumət sözçüsü Olivier Veran, şəkillərə baxdıqdan sonra şikəstliyin səbəblərini şübhə altına alan bəyanat verir.
Bu sadəcə illər ərzində vəhşicəsinə dağıdılan dinc etirazlarda həlak olan, yaralanan, şikəst qalan insanlardan birinin üzləşdiyi münasibət və acı taleyidir.
Öz xalqının gələcəyi sayılan gəncini belə şikəst etməkdən çəkinməyən Makron iqtidarının ölkəsinin keçmiş müstəmləkələrindəki milyonlarla insanı hansı əzab və işgəncə ilə qətlə yetirməsinə münasibəti isə ikiqat utancdır.
Bir müddət əvvəl Makron Le Point qəzetinə verdiyi müsahibədə ölkəsinin müstəmləkə keçmişinə görə Əlcəzairdən üzr istəməyəcəyini açıq şəkildə bəyan etdi.
"Mən üzr istəməyə ehtiyac görmürəm, əsas o deyil, çünki bu jest bütün əlaqələri qıra bilər. Ən pisi isə üzr istəməyimiz və sonra ayrı yollarımıza getdiyimizi söyləmək olardı", - Fransa prezidenti deyib. Onun fikrincə, tarixi yaddaş üçün hesablaşmaq deyil, keçmişdə “təsvir edilməyən, anlaşılmaz, həll olunmayan və bəlkə də bağışlanmaz” nəyinsə olduğunu etiraf etmək vacibdir. Bəli, Makronun anlayşında günahsız milyonların qətli sadəcə "anlaşılmaz" olaydır. Elə Fransa vətəndaşı İvanın polis zorakılığı nəticəsində qəsdən şikəst edilməsi kimi...
Makronun siyasi obrazı ilə bağlı daha bir ziddiyyətli məqamı yada salaq. Seçkilərdə səs qazanmaq üçün o, daha əvvəl 1957-ci ildə Əlcəzair Milli Qurtuluş Müharibəsi zamanı riyaziyyatçı Maurice Auden və hüquqşünas Əli Boumangelin öldürülməsinə görə Fransanın məsuliyyətini etiraf etmişdi. O, həmçinin 1961-ci il oktyabrın 17-də Parisdə əlcəzairlilərin etiraz aksiyasının yatırılması zamanı fransız polisinin hərəkətlərini bağışlanmaz adlandırmışdı. Fransa lideri həmçinin tarixçi Benjamin Store-a “Müstəmləkəçilik və Əlcəzair Müharibəsi Yaddaşı” adlı məruzə hazırlamağı tapşırmışdı. Lakin sonradan yenidən siyasi maraqlar və iqtidarını itirmək qorxusuna yenilərək siyasi "əqidəsini" dəyişdi, bütün bu baş verənlərə görə üzr istəməkdən imtina etdi. Buna cəsarəti çatmadı. Çünki o, hələ də Fransa parlamentində 60 yeri saxlayan sağçılarla ittifaqların buxovundadır. Makron üzr istəməkdən qorxur və tarazlıq yaratmağa çalışır. O, sağçılarla ittifaqları davam etdirməlidir, çünki partiyası son parlament seçkilərində mütləq səs çoxluğu qazana bilmədi və sağçıların səsləri olmasa, bir dənə də olsun qanun layihəsini qəbul edə bilməyəcək. Həmçinin millətçi sağlar "üzr" addımının ardınca gələ biləcək milyardlarla təzminat məsələsinə görə Makronu siyasi cəhətdən "edam kürsüsünə" də çıxaracaqdırlar. Bu səbəbdəndir ki, Makron Fransada məskunlaşmış millətçi, terrorçu, azərbaycanlılara, türklərə qarşı soyqırım həyata keçirən erməniləri dəstəkləyir. Çünki onlar Makronun əqidədaşlarıdırlar...
Maraqlısı odur ki, bu gün hətta fransız siyasətçilər belə Makronun psixi pozğunluğunun araşdırılmasını tələb edir. Onun açıqlamaları və hərəkətləri böyük narahatlıq doğurur. Belə ki, bir müddət əvvəl ABŞ-dan qayıdan təyyarənin göyərtəsində Fransa prezidenti deyib: "İki həftə əvvəl ciddi əsəb böhranı keçirdim. Bütün nazirlərin, eləcə də hökumət başçısının işini görmüşəm".
Prezidentliyə keçmiş namizəd Fransua Asselino qeyd edib ki, əgər bu doğrudursa, tez və qətiyyətli addımlar atılmalıdır: "Birincisi, ona görə ki, belə bir bəyanat hər kəsə aydın olan dərin siyasi böhranı əks etdirir. Makron ölkə üçün dağıdıcı siyasət yürüdür və onun psixi sağlamlıq problemləri varsa, o zaman nüvə silahı buraxmaq üçün kodun belə bir şəxsdə olması böyük təhlükədir. Üstəlik, prezident nazirləri və ya baş naziri əvəz etmək üçün deyil, ölkəni idarə etmək üçün seçilib: bu, sadəcə olaraq konstitusiyaya ziddir. Makronun dünya çempionatındakı hərəkətlərinə və sosial şəbəkələrdə yayılan fotolara heç kim haqq qazandıra bilməz. Açığı, Makronun psixoloji problemləri var".
Buradan çıxış edən fransız mətbuatı yazır:
"Ölkənin daxili siyasətində uğur qazanan hər kəs öz xarici mövqeyinə hörmət gözləyə bilər, lakin Fransa prezidenti səhiyyə sektorunu və iqtisadiyyatı məhv edir, eyni zamanda enerji böhranını həll edə bilmir. Beləliklə, dağıdıcı siyasət Makronun prezidentliyi dövründə kulminasiya nöqtəsinə çatdı. Makron öz ölkəsinə təklif edə bilmədiyini xaricə necə təklif edəcək?".
Bəli bu sual indi Azərbaycanı da ciddi şəkildə düşündürməkdədir. Çünki Praqa görüşündən sonra sülh sazişinin imzalanacağına dair ümidlərin xeyli artdığı bir zamanda Makron "fenomeni" ortaya çıxdı. Ölkəsindəki dağıdıcı fəaliyyətinə bənzər addımlarla iki il ərzində əldə edilənləri bir göz qırpımında məhv etməyi bacardı. Paşinyanı Cənubi Qafqaz bölgəsində özünün yeni "fransız kuklası" etdi. İndi isə əksəriyyəti fransızlardan ibarət "müşahidə missiyası" sərhəddimizə gəlir, özü də iki il müddətinə...