Cənubi Qafqazda geosiyasi rəqabətin dərinləşdiyi, regional güc balansının yenidən formalaşdığı bir dövrdə Azərbaycana qarşı müxtəlif istiqamətlərdən aparılan informasiya və siyasi təzyiq kampaniyaları yenidən diqqət mərkəzindədir. Son dövrlər Rusiya mətbuatında ölkəmizə qarşı müşahidə olunan qərəzli materiallar, anti-Azərbaycan təbliğatının intensivləşməsi, eyni zamanda Ermənistanda keçirilən parlament seçkilərindən sonra bəzi Avropa institutlarında nümayiş etdirilən qərəzli mövqelər bu proseslərin arxasında dayanan geosiyasi maraqlar barədə müzakirələri daha da aktuallaşdırıb.
Ekspertlərin fikrincə, Azərbaycanın artan regional nüfuzu, enerji təhlükəsizliyindəki rolu, nəqliyyat-kommunikasiya layihələri və müstəqil xarici siyasəti fonunda informasiya müharibəsi də geosiyasi rəqabətin əsas alətlərindən birinə çevrilib.
Mövcud vəziyyət, regionda baş verən proseslər və Azərbaycana qarşı aparılan informasiya kampaniyalarının mahiyyəti ilə bağlı Hafta.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə danışıb. Deputat qeyd edib ki, bu gün Cənubi Qafqaz hazırda qlobal və regional güclərin geosiyasi maraqlarının kəsişdiyi mühüm məkanlardan biridir. Bu baxımdan, regionda baş verən siyasi proseslər, o cümlədən Ermənistanda keçirilən parlament seçkilərindən sonra bəzi Avropa institutlarında Azərbaycana qarşı qərəzli mövqelərin nümayiş etdirilməsi təsadüfi deyil. Onun fikrincə, belə yanaşmaların arxasında təkcə insan hüquqları və ya demokratiya məsələləri deyil, daha geniş geosiyasi maraqlar dayanır. Bəzi siyasi dairələr Ermənistanı öz təsir dairəsində saxlamağa çalışarkən, Azərbaycanı artan regional nüfuzu, müstəqil xarici siyasəti və strateji əhəmiyyəti səbəbindən müxtəlif informasiya və siyasi təzyiq kampaniyalarının hədəfinə çevirməyə cəhd göstərirlər.
A.Əlizadə qbildirib ki, Azərbaycan son illərdə regionda yeni siyasi və iqtisadi reallıqlar formalaşdırıb. Xüsusilə enerji təhlükəsizliyinə verdiyi töhfə, beynəlxalq nəqliyyat dəhlizlərində oynadığı mühüm rol, Zəngəzur dəhlizinin açılması istiqamətində irəli sürdüyü təşəbbüslər və Türk dövlətləri arasında inteqrasiyanın güclənməsinə verdiyi dəstək ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırıb. Məhz bu amillər bəzi xarici dairələrdə narahatlıq doğurur və zaman-zaman Azərbaycana qarşı qərəzli qətnamələrin, siyasi bəyanatların və informasiya kampaniyalarının meydana çıxmasına səbəb olur.
“Digər tərəfdən, həm Qərblə Rusiya arasında davam edən geosiyasi rəqabət, həm də regionda təsir imkanlarının yenidən bölüşdürülməsi prosesi Ermənistan faktorunu ön plana çıxarır. Bu şəraitdə informasiya müharibəsi də siyasi mübarizənin əsas vasitələrindən birinə çevrilib. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan milli maraqlarına söykənən müstəqil və balanslaşdırılmış xarici siyasət kursunu davam etdirir. Ölkəmiz beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq sülh gündəliyini irəli aparır, regional əməkdaşlığın genişlənməsini dəstəkləyir və çoxtərəfli tərəfdaşlıq əlaqələrini inkişaf etdirir.
Hesab edirəm ki, Cənubi Qafqazın gələcəyi qarşıdurmadan deyil, əməkdaşlıqdan keçir. Region ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə hörmət olunması, kommunikasiyaların açılması, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və qarşılıqlı etimadın formalaşdırılması sabitliyin əsas şərtləridir. Azərbaycan da bundan sonra milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı, diplomatik fəallığını, beynəlxalq informasiya siyasətini və strateji tərəfdaşlıqlarını daha da gücləndirməklə regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməyə davam edəcək”-deputat əlavə edib.