FTB-dən Nyu-Cersidə sinaqoqlara hücum xəbərdarlığı

19:05 04.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) Nyu Cersi ştatında sinaqoqlar üçün " təhlükə ilə bağlı etibarlı məlumata malik olduğunu açıqlayıb.

"FTB Nyu-Cersidəki sinaqoqlara qarşı geniş yayılmış təhlükə barədə etibarlı məlumat əldə edib. Bu zaman biz sizdən icmanızı və obyektinizi qorumaq üçün bütün təhlükəsizlik tədbirlərini görmənizi xahiş edirik", - FTB-nin Nyuark ofisi tvitter hesabında yazıb.

Əlavə məlumat əldə olunarsa ən qısa zamanda paylaşılacağı qeyd edilən açıqlamada əlaqədar şəxslərdən diqqətli olmaları və fövqəladə hallar zamanı polisə müraciət etmələri istənilib.
Yazıda heç bir bölgə və ya sinaqoqun adı çəkilməyib.

FTB-nin açıqlamasından sonra yerli hökumətlər öz bölgələrindəki sinaqoqların ətrafında təhlükəsizlik tədbirlərini artırarkən, polis patrullarının yəhudi icmasının yerləşdiyi əraziləri də gəzəcəklərini açıqlayıblar.