“Əhali gəlirlərinin formalaşmasında sosialyönümlü xərclərin xüsusi çəkisi var. Təkcə 2022-ci ildə büdcə xərclərinin 40 faizə qədəri sosialyönümlü istiqamətlər üzrə nəzərdə tutulub. Bu da təxminən 13-14 milyard manat həcmində olan vəsaitin sosial yön istiqamətində formalaşması deməkdir. Burada söhbət birbaşa təyinatdan deyil, ümumi sosialyönümlü istiqamətdən gedir”. Bu fikirləri hafta.az-a dövlət büdcəsindən ayrılan sosialyönümlü vəsaitlərin Azərbaycan əhalisinin gəlirlərində neçə faiz təşkil etməsinə münasibət bildirərkən iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
Ekspert vurğulayıb ki, Azərbaycanda bu göstərici dünya standartlarına uyğun sayılır: “Təbii ki, büdcə xərclərinin 40 faizə qədərinin sosialyönümlü istiqamətlər üzrə nəzərdə tutulması faiz etibarilə kifayət qədər yüksək göstərici hesab olunur. Sadəcə olaraq kəmiyyət ifadəsində, yəni məbləğ olaraq müəyyən ölkələrdə bundan yuxarı, bəzi ölkələrdə isə aşağıdır. Deməli, bu istiqamətdə olan bir məsələyə də toxunum. 2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri təxminən bir-birinə bərabər olacaq. Belə ki, 5 milyard 307 milyon manat olaraq nəzərdə tutulur. Bu da cari ilin göstərisindən təxminən 253 milyon manat artıqdır”.