Bakının Yasamal rayonunda yerləşən yaşayış evində baş verən partlayış zamanı yaralanan şəxslərin vəziyyəti məlum olub.
Hafta.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, bu gün saat 08:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış hadisəsi baş verməsi ilə əlaqədar çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2 qadın, 1 kişi) termiki yanıq diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Zəruri tibbi xidmət göstərilən pasiyentlərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə baş verən ərazidən keçərkən 1 nəfər də (qadın) xəsarət alıb. Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan pasiyentə zəruri tibbi xidmət göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir, ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.
***
Bakının Yasamal rayonunda ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində yanğınla müşayiət olunan partlayış baş verib, ölən var.
Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 250 kvadratmetr olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.
Bundan başqa, üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xilasedicilər 2010-cu il təvəllüdlü vətəndaşın meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.