Azov dənizində gəmilərə edilən hücum nəticəsində həyatını itirən azərbaycanlı dənizçinin qardaşı hadisə ilə bağlı danışıb.
Hafta.az İTV-yə istinadla xəbər verir ki, onun sözlərinə görə, mərhum ailənin böyük övladı olub və peşəkar dənizçi kimi fəaliyyət göstərib.
“İki qardaşıq. Mən kiçik qardaşıyam. O məndən böyük idi. Dəniz Akademiyasını bitirmişdi. Dörd ildir işləyirdi. Öz ixtisası üzrə çalışırdı, kapitan köməkçisi idi”, – deyə o bildirib.
Mərhumun qardaşı hadisə barədə xəbəri iş yoldaşlarından aldığını qeyd edib:
“İş yoldaşı zəng edib xəbər verdi. Dedi ki, sakit ol, belə bir hadisə baş verib”.
Qardaşının sözlərinə görə, mərhum ailəli olub və iki yaşlı oğlu var.
“İki yaşında oğlu var. Hələ anamın xəbəri yoxdur. Digər ailə üzvləri isə hadisədən xəbərdardır”, – deyə o əlavə edib.
Xatırladaq ki, iyunun 5-nə keçən gecə Azov dənizində gəmilərə hücum nəticəsində bir neçə nəfər həlak olub. Ölənlər arasında Azərbaycan vətəndaşının da olduğu bildirilir.