Gəncədə Türkiyə şəhidlərinin xatirəsi anılıb 

19:17 15.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə “İradə bizim, Zəfər bizim" mövzusunda tədbir keçirilib.

Hafta.az xəbər verir ki, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ölkələrimizin Dövlət himnləri səsləndirilib. Sonra din xadimi şəhidlərin xatirəsinə dualar oxuyub.

Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop çıxışında Demokratiya və Milli Birlik Gününün əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, 2016-cı il iyulun 15-də Türkiyə tarixində ən ağır çevriliş cəhdi baş verdi. Ancaq xalq Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışına səs verərək küçə və meydanlara axışdı, dövlətini, demokratiyanı və milli birliyini qorumaq üçün qətiyyət nümayiş etdirdi. Bu gün türk xalqı həmin hadisələr zamanı şəhid olmuş övladlarını böyük minnətdarlıq və ehtiramla yad edir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında bildirib ki, türk xalqı milli birliyini və konstitusion quruluşunu qoruyaraq çevrilişə cəhd edən qüvvələrə qarşı tarixi qələbə qazandı. Bu hadisə zamanı Azərbaycan bir daha “Bir millət, iki dövlət” prinsipinə sadiqliyini nümayiş etdirdi. Belə ki, dövlət çevrilişinə cəhd zamanı Azərbaycan Türkiyənin yanında oldu. Hadisənin ilk anlarından böyük narahatlığını bildirən Prezident İlham Əliyev Türkiyə dövlətinə olan dəstəyini açıq şəkildə ifadə etdi.

Niyazi Bayramov çıxışında, həmçinin Şuşada keçirilən Beynəlxalq Media Forumunda Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərə də toxunub. Qeyd edib ki, dövlət başçısının "Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq” fikri iki qardaş ölkə arasında dostluq, strateji müttəfiqlik və qardaşlıq münasibətlərinin dərin tarixi köklərə, ortaq milli-mənəvi dəyərlərə söykəndiyini bir daha təsdiqləyir.

Tədbirin sonunda Demokratiya və Milli Birlik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra Ekoloji Park Kompleksində yerləşən “15 İyul Şəhidlərinin Xatirə Meşəsi” ziyarət olunub.