“Sağlam həmkar” minifutbol turniri başa çatıb

14:07 15.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) birgə təşkil etdiyi “Sağlam həmkar” minifutbol turnirinə yekun vurulub.

AHİK-dən Hafta.az-a bildirilib ki, final qarşılaşmasından əvvəl iştirakçılar və azarkeşlər üçün maraqlı idman proqramı təqdim olunub. Karate üzrə Avropa çempionu Mədinə Sadıqova, yunan-Roma güləşi üzrə dünya çempionu Əli Nəzərov və Avropa çempionu Emin Cavadlı idman musiqisinin sədalarında nümunəvi çıxışlar ediblər.

Sonra turnirin final görüşünə start verilib. Final oyununda Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının komandası ilə Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin komandası qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən və tamaşaçıların böyük marağına səbəb olan oyunun yekununda Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının komandası 2-1 hesablı qələbə qazanıb.

Beləliklə, yekun nəticələrə əsasən, birinci yeri Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının komandası, ikinci yeri Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin komandası, üçüncü yeri isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin komandası tutub.

Qaliblərə kubok, medal və diplomlar təqdim edilib. “Ən yaxşı oyunçu”, “Ən yaxşı qapıçı” və “Ən məhsuldar futbolçu” nominasiyaları üzrə qaliblər isə xüsusi mükafatlarla təltif olunublar.

Xatırladaq ki, iyunun 6-da start götürən “Sağlam həmkar” minifutbol turnirində ümumilikdə AHİK-in üzv təşkilatlarını təmsil edən 17 komanda 4 qrup üzrə mübarizə aparıb.