Bu gün 2 fevral Gənclər Günüdür. Ölkəmizdə gənclər gününün tarixi, onlara hər zaman qayğı və diqqət göstərən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda gənclər siyasətinin təməli qoyulmuşdur. Ardınca isə dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir. Elə bunun nəticəsidir ki, 1994-cü ildə, gənclər siyasətini həyata keçirən Gənclər və İdman Nazirliyi yaradıldı. Bu müddət ərzində gəncliyin sağlam inkişafı üçün xeyli işlər görüldü. 2 fevral 1996-cı ildə isə, Ümumilli Liderin böyük dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. 1997-ci ildən etibarən, prezidentin sərəncamı ilə, 2 fevral tarixi Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Bu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
Bu gün ölkəmizdə 300-dən çox gənclər təşkilatları var. Say nə qədər çox görünsə də, yaranmış mənzərə heç də rəqəmlərlə ilə üst-üstə düşmür. Baxmayaraq ki, təşkilatların sayı çoxdur, lakin onlardan aktiv fəaliyyət göstərənləri olduqca azdır. Görəsən buna səbəb və ya səbəblər nələrdir? İndi ölkədə gənclər siyasəti gəncləri qane edirmi? Gənclər bu siyasəti nə cür görmək istəyər? Çatışmayan tərəflər və digər önəmli məqamlar gənclərin gözü ilə...
Hafta.az gənclərdən ibarət birliklərin əməkdaşları ilə həmsöhbət oldu.
İlk olaraq “Sağlam Düşüncə” Gənclər Təşkilatının sədri Orxan Bayramov söylədi ki, hal-hazırda problem daha çox gənclər təşkilatlarındadır:
“Bu gün ölkəmizdə çoxlu sayda belə təşkilatlar var. Adından da göründüyü kimi, gənclərdən ibarət birlik olmalıdır. Buna baxmayaraq, bizdə təşkilatların çoxu yaşlı nəsil tərəfindən idarə olunur. Bəzən də, təşkilatlar “Gənclər fondu”ndan, Qeyri Hökümət Təşkilatı (QHT) Şurasından layihələri qəbul edib, onu uğurla həyata keçirmək əvəzinə gələn pulu hədəfləyir. Bu da gəclərin səsinin eşidilməsinə mane olur. Tək bu təşkilatların özündə deyil, elə gənclər siyasətinin formalaşdırılmasında da gənclərin iştirakı önəmlidir.
Təşkilatın sədri Avropadan könüllülər qəbul etdiklərini, lakin viza məsələlərində problem yaşadıqlarını da söylədi:
Azərbaycanda gənclər təşkilatlarının çoxu yaşlı nəsil tərəfindən idarə olunur
“Onlar ölkəmizdə bir il müddətində könüllülük edə bilirlər. Vizanın alınmasında bir problem var ki, könüllü yalnız 6-aylıq oturum vizası alır. Bu proqramdan hər kəs ömründə yalnız 1 dəfə istifadə edə bilər. Təbii ki, könüllü də bu şansdan tam yəni, 1-il müddətində istifadə etmək istəyir. Bu baxımdan QHT-sektorunda ciddi boşluqlar var. Onlar aradan qaldırılmalıdır ki, təşkilatlar inkişaf etsin”.
Digər müsahibimiz isə “İşıq” İctimai Birliyinin rəhbəri, Azərbaycan Könüllü Təşkilatları İttifaqının Baş koordinatoru Mirzaur Hüseynli oldu. Onun sözlərinə görə, hal-hazırda ölkədə gənclər siyasəti olduqca yaxşıdır. Azərbaycan Könüllü Təşkilatları İttifaqı yaradılması, təşkilatların bir birinə dəstəyi çox gözəldir. Lakin, Bakıdan kənarda könüllülük fəaliyyəti aşağıdır:
“Bütün təşkilatlar paytaxtda cəmlənib, rayonlar üzrə isə gənclər siyasəti çox zəifdir. Buna səbəb Gənclər və İdman Nazirliyinin məsuliyyətsizliyi, yaxud da, bütün ictimai təşkilatların hamısının baş ofisinin sırf Bakıda yaradılması ola bilər. Bölgələrdə adı çəkiləcək böyük gənclər birliyi demək olar ki yoxdur. Yalnız “Regional İctimai Birliyi” və Asan Xidmətin özünün gənclər təşkilatı var ki, onlar rayonlarda fəaliyyət göstərir. Bununla da regionlardakı gənclər ictimai fəallıqdan və sosial tədbirlərdən geri qalır”.
Bütün təşkilatlar paytaxtda cəmlənib, rayonlar üzrə isə gənclər siyasəti çox zəifdir
M.Hüseynli deyir ki, hazırda çatışmayan cəhət, gənclərin tədbirlərə və təlimlərə marağının olmamasıdır. Belə ki, Azərbaycan gənclərinin dijital platformalardan istifadəsi çox zəifdir:
“Dünyada və ölkəmizdə ən yüksək platforma olan "YouTube"də gənclərimizin nümunə kimi göstərə biləcəyimiz böyük bir kanalı yoxdur, buna dəstək verilmir. Regionlarımızda yaşayan gənclərin problemi odur ki, rayon mərkəzində tədbir olur və kənddə yaşayan ora qatıla bilmir. Bu da nəqliyyatın olmamasından irəli gəlir. Bir çox hallarda gənclər keçirilən tədbirlərdən geri qalır. Digər məsələ isə ondadır ki, cavanların "PlayStation"a marağı daha çoxdur, nəinki tədbirdə iştirak edib burdan nə isə öyrənməyə... Prezidentin verdiyi tapşırıqlar olduqca yaxşıdır, 325-yə yaxın QHT olmasına baxmayaraq onlardan göz önündə yalnız 6-7-sini göstərmək mümkündür, çoxu ümumiyyətlə fəaliyyətini dayandırıb”.
Elə “Ümidli Gələcək” Gənclər Təşkilatının nümayəndəsi Nabil Seyidov da həmkarları ilə eyni fikirdədir. O da dövlətin yürütdüyü gənclər siyasətini yüksək qiymətləndirir:
“Müstəqillik qazandığı gündən ölkədə gənclər siyasətinin formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində geniş işlər aparılıb. Bu işlər davam etdirilir. Prosesə nəinki Gənclər Və İdman Nazirliyi, hətta bütün nazirliklər, Dövlət qurumları, Qeyri-Hökumət təşkilatları, ictimaiyyət də qoşulub.
Prioritet məsələ, ilk növbədə, müasir tələblərə cavab verən təhsil imkanlarının genişləndirilməsi olmalıdır
İndi hamı çox gözəl dərk edir ki, ölkənin gələcəyi gənclərimizdir. Respublikamızın və vətəndaşlarımızın rifahı, onların bilik və bacarıqlarından asılıdır. Mövcud vəziyyəti nəzərə alaraq düşünürəm ki, ən mühüm prioritet məsələ, ilk növbədə, müasir tələblərə cavab verən təhsil imkanlarının genişləndirilməsi olmalıdır. Xüsusilə də qeyri-formal təhsil və gənclər arasında liderlik bacarıqlarının inkişaf etdirilməsi prosesinə nə qədər erkən başlanılsa, o qədər yaxşı olar. Bununla yanaşı, innovativ yanaşmaların tətbiqi, texnologiyaların gənclər arasında aşılanması mövzusunda da gənclər arasında geniş təbliğat aparılmalıdır. Fikrimcə, digər vacib məqam isə əməkdaşlıqdır. Pandemiyanın varlığından asılı olmayaraq, gənclərin digər ölkələrdə olan həmkarları ilə şəbəkələşməsi, onlarla əməkdaşlıqların yaradılması zəruridir. Birgə layihələrin və tədbirlərin həyata keçirirlməsi, ən əsas isə bilik mübadiləsi çox önəmlidir”.
Bəli, sağlam gənclik uğurlu gələcəyin təməlidir. Ümid edirik ki, çiçəklənən Azərbaycanın uğurlu gələcəyi üçün sadalanan bütün problemlər tezliklə öz həllini tapacaqdır.
Bayramınız mübarək olsun, Azərbaycan gəncləri!
Torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən bütün gənclərimizə isə Allah rəhmət etsin!