Geyim bazarında endirimlərsiz bahar durğunluğu - Aktual

14:53 09.04.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Koronavirusa görə Bakıda və bölgələrdə bütün ticarət mərkəzləri bağlanıb. Alış-veriş tamamilə dondurulub. Artıq bahar fəslinin ilk ongünlüyü bitmək üzrədir. Bu fəsildə geyim materiallarının ən çox dəbdə olduğu və satıldığı vaxt hesab etmək olar. Eləcə də bu fəsildə alış-veriş edənlərin sayında artım müşahidə olunardı. Havaların istiləşməyə doğru getməsi ticarət mərkəzlərində canlanma yaradırdı. Təəssüflə qeyd edə bilərdik ki, bu fikirləri yalnız keçmiş zamanda demək mümkündür. Bu ilin isə mənzərəsi hamıya məlumdur.

Dünən Nazirlər kabineti yanında “Operativ Qərərgah” brifinq keçirdi. Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov  bildirdi ki, dinamika qalarsa karantin müddəti nəinki uzadıla bilər, hətta vəziyyət daha da sərtləşdirilə bilər: "Bu xəstəliyin xüsusiyyəti, nəticələr onu göstərir ki, karantin rejiminə əməl edilmir. Belə olan halda qaydalar sərtləşdirilə bilər. Saxta icazələrlə küçələrdə dolanan insanların çox olması onu göstərir ki nəinki, karantin rejimi ləğv edilə bilər. Bu şərtlərə əməl etməsək qaydalar sərtləşə bilər. Şərtlərə əməl etsək əksinə olacaq. 63 sağalma faktı var. Mayinələr sürətləndirilib, özünütəcrid sürətləndirilib. Yüksək keyfiyyətli testlər alınıb. Azərbaycan dövləti qiymət nəzərə allnmadan yüksək keyfiyyətli testləri alıb. Onların kifayət qədər qiyməti var".

Bu, isə onu göstərir ki, ticarət mərkəzlərində eləcə də pərakəndə satış yerlərində canlanma hələ ki, olmayacaq. Karantin rejimi hələlik aprel ayının 20-dək davam edəcək. Mütəxəsislər bildirirlər ki,  virus müəyyən qədər vaxt aparacaq. Professor Adil Qeybulla isə deyib ki, bu, situasiyadan asılı olaraq dəyişə bilər: "Xəstəliyin yayılma müddəti 15 gün olaraq proqozlaşdırılıb. Aprelin 20-nə qədər karantin tətbiq olunub. Amma bu tarixdən sonrakı epidemioloji vəziyyət uzadıla və ya yüngülləşdirilə bilər. Bu, situasiyadan, insanların karantin qaydalarına nə dərəcədə əməl etməsindən, ən əsası sosial izoliyasiya tədbirləri və gigyenik qaydalara nə dərəcədə əməl edilməsindən asılıdır". Tibbi ekspert həmçinin qeyd edib ki, beynəlxalq səviyyədə isə COVID-19 epidemiyasının zəifləməsini mayda müşahidə etmək mümkün ola bilər.

Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1 milyard manat ayrıldı.

Bu barədə Prezident İlham Əliyev göstəriş verdi. Dövlət başçısı İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiə nazirləri və Mərkəzi Bank sədrinin rəhbərliyi ilə, müvafiq olaraq, dörd işçi qrup yaradılması barədə də sərəncam verib.

İqtisadiyyatın əsas mərkəzi sayılan bazarlar və “Mallar” fəaliyyətini dayandırıb. Azərbaycan fəaliyyət göstərən brend ticarət mərkəzlərindən sayılan “LC Waikiki”, “ZARA”, “Mustafa Tayat” kimi məşhur geyim mağazaları Bakıda karantindən sonra bütün filiallarını müvəqqəti bağlayıblar. Onlar saytımıza açıqlamasında bildirdilər ki, “online” rejimində də işləmirlər, karantin bitdikdən sonra fəaliyyətlərini davam etdirəcəklər.

Xatırladaq ki, adətən insanlar məhz mart-aprel aylarında qış malları üçün tətbiq edilən endirim kampaniyalarından yararlanırdılar. Bütün mağazalar əllərində qalan malları sürətlə satıb yeni kolleksiyalar gətirirdilər. Amma indi vəziyyət dəyişib. Hər yer bağlıdır. Geyim sahəsində onlayn ticarət də azdır. İnsanların evdə qalmaları geyimə olan marağı da azaldıb.

Karantin rejimi qalxdıqdan sonra geyim bazarında hansı proseslr muşahidə edilə bilər?

Hafta.az-a danışan iqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, hazırdakı mövcud durumun davamı geyim satan mərkəzlərin gəlirləri bir az da azalacaq. Ona görə ki, karantin bitdikdən sonra da əhalinin özünü toparlaması və psixoloji təsirdən çıxıb bu mərkəzlərə baş çəkməsi vaxt aparacaq:

"Karantin bitdikdən sonra əhalinin alıcılıq qabiliyyətinin düzəlməsi prosesi bir neçə aya mümkün olacaq. Həmçinin bu müddət ərzində əhali ciddi maliyyə itkiləri ilə üz-üzədir. Buna görə də geyim və tekstil satan mərkəzlər yeni strategiya ilə işləməyə məcbur olacaqlar".

Ekspert yüngül sənaye ilə məşğul olan - geyim, tekstil mərkəzlərin kampaniyalarla mövcud durumlarını dəyişə biləcəklərinə ümid etmədiyini dedi:

"Hazırda kompaniyaların müddəti keçir. Qış geyimləri bu vaxtlar satıla bilirdi. Və bu on günlükdə o malların xüsusi güzəştlər edərək əllərindən çıxarırdılar. Yaz satış planı artıq özü də donub və yerinə yetirilmir. Bütün sahələr kimi, burada da ciddi itkilər olacaq. Endirimlər satış dövriyyəsinin geniş olduğu vaxt öz töhvəsini verir. Karantinə görə satış dövriyyəsinin zəif olacağını deyiriksə endirim heç nəyi həll etməyəcək".

A. Nəsirli karantin bitəndən sonra bu kimi satış mərkəzlərinin maddi vəziyyətinin düzəlməsi üçün sui-istifadə hallar məsələsinə də toxundu. O, bildirdi ki, inanmıram bu variantlara əl atsınlar. Çünki bu tamamilə vəziyyəti əksinə dəyişə bilər. Olsa belə heç nə dəyişməz. Çünki əhalinin gəlirləri hazırda planlı şəkildə dövr elətdirilir. Onların təklif etdiyi kampaniyalar belə insanları maraqlandırmaya bilər. Yalançı reklamların effekti olmayacaq.