COVİD-19 nə qədər qorxunc virus olsa da, insanlar öz ruhlarını gözəlləşdirmək, bəylər xanımlarının könlünü almaq üçün güllərə ehtiyac duyurlar. lakin ölkədə ciddi karantin rejimi tətbiq olunub. Mağazalar öz işlərini müvəqqəti dayandırıblar.
Hazırda gül dükanları necə işləyir, sifarişlər olurmu? Suallarımıza cavab tapmaq məqsədi ilə məşhur gül satılan mağazalarla maraqlandıq.
“Ağ çiçəyim”in baş filalından hafta.az-a bildirdilər ki, sifarişlər əvvəlki qaydada davam edir:
"Koranavirus təhlükəsi ilə əlaqədar ölkədə karantin rejimi tətbiq olunub. Biz də ona görə artıq “online” sifarişlərə başlamışıq. Müştərilərimiz sosial səhifələrimizdə bəyəndiklərini sifariş edirlər və ünvana çatdırırıq. Çatdırılma yalnız Bakı daxilidir”.
"Lalələr" gül dükanından isə bildirdilər ki, həm mağaza müvəqqəti fəaliyyətini dayandırıb, həm də ünvanlara çatdırılma xidməti:
"Ölkədə karantinlə əlaqədar olaraq biz də işimizi müvəqqəti dayandırmışıq. Ola bilər ki, müştəri hansısa gülün şəklini çəkib göndərə bilər, biz də onu çatdıraq. Hələ ki, belə hal olmayıb, satışımız yoxdur".
Buket.az-ın əməkdaşı Firuzə xanım dedi ki, biz “online” işləyirik: “Gün ərzində sifarişlərimiz olur. Düzdür bu, əvvəlki kimi olmasa da tək-tək olur. Sifariş olduqda müştərinin ünvanına çatdırırıq. Satış yerimizə baş çəkmək istəyənlərə də bildiririk ki, yalnız “online” sifari verə bilərsiniz”.
Asangül.com-un əməkdaşı Gülnarə xanım isə bildirdi ki, biz dövlətin qoyduğu məhdudiyyətlərə əməl edirik: “Mağazamız “online” iş qrafikinə keçib. Bakı-Abşeron yarımadası daxilində bütün sifarişləri çatdıra bilirik. Bölgələrdən də sifarişlərimiz olur. Amma bizim bölgələrə çatdırma xidmətimiz yoxdur. Yalnız Bakı daxildir. İşlərimizdə problem yoxdur. Əvvəl mağazamıza baş çəkirdilərsə, indi saytımızda baxıb sifarişlərini verə bilirlər”.
Güldükanı.az-dan isə bildirdilər ki, karantin müddəti biz də internet üzərindən satışlarımızı həyata keçiririk: “Sifarişlər yalnız Bakı şəhərini əhatə edir. Bölgələrə çatdırılma yoxdur”.