Dünyada qlobal problemə çevrilən koronavirus pandemiyası bütün sahələrə öz təsirini göstərir. Bu təsirlər Azərbaycandan da yan ötüşmür. Bəs koronavirus pandemiyası ölkədə daşınmaz əmlak bazarına necə təsir edib?
Mövzu ilə bağlı hafta.az-a əmlak bazarı üzrə ekspert “Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-nin rəhbəri, Günay İsgəndərova bildirdi ki, hazırda bu təsiri rəqəmlə ifadə etmək olmur, amma iki-üç aydan sonra bu rəqəmi müəyyən etmək olacaq:
“Hazırda mənzil bazarı tamamilə dayanıb, gəlirlər sıfır vəziyyətə düşüb. Zaman lazımdır ki, mənzil bazarından bu durğunluq aradan qalxsın. İki aydan sonra biz durğunluğun tədricən aradan qalxmağının şahidi olacağıq. Bundan əlavə qeyd edə bilərəm ki, ölkədə cənab Prezidentin fərmanı ilə kirayə evlər satışa çıxarılıb. Bu mənzillər də kirayə bazarında, ən çox da satınalmalarda öz fərqini göstərib. Ola bilsin koronavirus pandemiyası bitdikdən sonra vəziyyət bir qədər də dəyişsin. Belə ki, kirayə yolla mənzil əldə etmək istəyənlərin sayı çoxalsın. Bu isə açıq bazara təsir edəcək. Ümümilikdə bu haqda danışmaq bir qədər tezdir. Daşınmaz əmlak bazarında tələb və təklif yenidən formalaşmalıdır”.
Ekspert pandemiyanın sona çatdığı müddətdən sonra mənzil bazarında ən çox həyət evlərinə təlabatın qaçılmaz olduğunu bildirdi:
“Koronavirus müddətində insanlar evlərində qaldılar. Bina evləri qalanlar üçün cansıxıcı keçir. Həyət evlərində yaşayanlar daha çox həyətə çıxa bilirlər, gəzirlər və ya müəyyən işlər görə bilirlər. Bu, bir qədər insanların stresinin azalmasına köməklik göstərir. Bunu nəzərə alaraq imkanlı adamlar gələcəkdə həyət evlərinə üstünlük verəcəklər. Bağ evlərinə üstünlük verildikcə qiymət bazarında dəyişiklik olacaq”.
Günay İsgəndərova qeyd etdi ki, ölkədə alıcılıq qabiliyyətindən çox şey asılıdır, təəssüf ki, hazırda alıcılıq qabliyyəti də aşağı səviyyədədir:
“Qeyd etdiyim kimi, həm kirayə mənzil bazarında, həm də satışlarda azalmaların şahidi olacağıq. Bu qaçılmaz hadisədir. Pandemiyadan doğan problem nəticəsində gəlirlərin azalması müşahidə olunmaqdadır. İnsanlar vardır ki, illərdir hazırlaşır ki, mənzil ala bilsin. İnsanlar gələcəyi görə bilmədiyi üçün əlində olan sərbəst vəsaiti xərcləmək istəmir. Yəni pulunu mənzilə və digər dəyərlərə çevirməkdən qorxur. Nağd pul şəklində saxlamağa üstülük verir. Yəni gələcəkdə daha böyük problem ortaya çıxarsa, obrazlı desək, təhlükəsizlik yastığından istifadə edə bilsin. Düşünürəm ki, kirayə və mənzil satışlarında qiymətlərdə enmə olacaq. Əsasən də bu azalma lüks mənzillərin qiymətində daha çox müşahidə olacaq. Orta və kiçik mənzillərə maraq yenə üstün olaraq qalacaq. İndiki dövrdə, yaxın aylarda isə mənzil bazarında durğunluğunun şahidi olacağıq”.
Ekspert dünya praktikasındakə vəziyyətdən də danışdı. Onun fikrincə, son hadisə dünya bazarında hər bir şeyə mənfi təsir etdi, elə diqqətlə analiz edəndə görərik ki, bu təsir ən zəif Azərbaycanda görünür:
“Artıq bir çox ölkələr öz sərhədlərini bir-birinə bağlayıb. Neftin və qızılın qiymət meyarlarında gah azalma, gah da artım müşahidə olunur. Bu temp iqtisadçıları da çaşdırır. Məsələ ondadır ki, son aylarda vəziyyət bir qədər də çətinləşdi. Artıq ölkələrdə yaşayan turistlər öz ölkələrinə qayıtmalı oldular. Yəni adicə kirayə qalanların sayında azalma müşahidə olundu. Daşınmaz əmlak bazarında turistlər də xüsusi rol oynayır. Onlar kirayə üçün müracit edirlər. Birdəfəlik ev alma çox az olur. Bu kimi durğunluğa görə hazırda bir çox ölkələrdə daşınmaz əmlak bazarı çökür. Satışlar zəifləyir. Təbii ki, bu enən xətlə davam etməyəcək. Təhlükə aradan qalxan kimi mərhələ-mərhələ vəziyyət normallaşacaq. Biz bunu qarşı aylarda müşahidə edə biləcəyik”.
Qeyd edək ki, “Qiymətləndirmə Xidməti Mərkəzi” MMC istənilən növ daşınmaz və daşınar əmlakın, nəqliyyat vasitələrinin, müəssisələrin, digər mülkiyyət növlərinin və sığorta hadisələri nəticəsində dəymiş zərərin Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti” haqqında Qanununa və digər qanunvericilik aktlarına əsaslanaraq, beynəlxalq qiymətləndirmə standartlarına və prinsiplərinə uyğun şəkildə müxtəlif metodlarla qiymətləndirilməsi üzrə xidmətlərini təklif edir. Peşəkar mütəxəssislər, təcrübəli ekspert-qiymətləndiricilər tərəfindən operativ olaraq yüksək səviyyədə göstərilən qiymətləndirmə xidmətləri hüquqi və fiziki şəxslərin müraciətləri əsasında rəsmi qaydada həyata keçirilir. Mərkəz ilə əlaqə saxlamaq üçün facebookdan https://www.facebook.com/Qiymetlendirme.az/?ref=br_rs linkinə keçid edib ətraflı məlumat ala bilərsiniz.