Gürcüstanda hazırda yüngül, ağırlaşmamış hallara səbəb olan viruslar - insan metapnevmovirusu, tənəffüs sinsitial virusu və adenovirus geniş yayılıb. Bu viruslar daha çox soyuqdəyməyə və soyuqdəyməyə bənzər simptomlara səbəb olur.
Hafta.az xəbər verir ki, bu barədə mətbuata İaşvili Mərkəzi Uşaq Xəstəxanasının tibb direktoru, Tbilisi Dövlət Tibb Universitetinin professoru İvane Çxaidze məlumat verib.
Onun sözlərinə görə, əsas simptomlar öskürək və asqırma, qızdırma, yüksək hərarət, burun axıntısı və boğaz ağrısı, nəfəs darlığı və nəfəs almaqda çətinlik, əzələ ağrısı və ağır hallarda ümumi zəiflikdir.
O deyib ki, son 3 həftə ərzində Gürcüstanda laboratoriyada təsdiqlənmiş koronavirus halları aşkar edilib. Xəstəxanalarda ağır kəskin respirator virus halları qrip kimi deyil, koronavirus kimi qeydə alınıb:
"Koronavirus xəstəxanalarda xəstəliyin daha ağır gedişində aşkarlanıb. Bu, kiçik bir göstəricidir, amma koronavirusun mövcud olduğunu göstərir”.