Milli Məclisdə xoreoqrafiya sahəsində çalışan sənət adamlarının sosial təminatı məsələsi qaldırılıb.
Hafta.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Türkmənistanda keçirilən mədəni tədbirdə Azərbaycan musiqisi və rəqs sənətinin yüksək səviyyədə təqdim olunması böyük qürur hissi yaradıb:
“Azərbaycan mədəniyyətini, Azərbaycan musiqisini elə yüksək səviyyədə təqdim etdilər ki, bu, hər bir azərbaycanlıda qürur hissi yaradırdı. Bundan əlavə, qardaş türkmən xalqının musiqimizi böyük sevgi ilə qarşılaması və səmimi alqışlaması ayrıca qürur mənbəyi idi”.
H.Babaoğlu xoreoqrafların pensiya yaşı məsələsinə də toxunub. Bildirib ki, rəqs sənəti böyük fiziki hazırlıq tələb etdiyindən bu sahədə çalışanların əksəriyyəti 40 yaşdan sonra peşə fəaliyyətini davam etdirməkdə çətinlik çəkir:
“Orada məlum oldu ki, xoreoqrafların pensiyaya çıxma yaşı 65-dir. Halbuki kollektiv üzvlərinin özləri deyirlər ki, 40 yaşdan sonra artıq bu qabiliyyətimizi itiririk və özümüzə yeni peşə seçməli oluruq. Bu, nəzərə alınmalı məsələdir”.
O, xoreoqrafiya sahəsində çalışan şəxslər üçün pensiya yaşının yenidən nəzərdən keçirilməsini təklif edib.
“Düşünürəm ki, bu kateqoriyadan olan insanların əmək pensiyasına çıxma yaşı bir qədər aşağı salınsa və gələcəkdə bu məsələ nəzərdən keçirilsə, yaxşı olar”, – deyə Hikmət Babaoğlu qeyd edib.