Hamımızın istəyi birdir: Xocalıya ədalət - Ayhan Dəmirçi

13:27 25.02.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hər kəsin özünün doğru bildiyi bir yol var ki, bu da bəzi məqamlarda müsbət, bəzən isə mənfi dəyərləndirilə bilər

Xocalı soyqırımının növbəti ildönümünə sayılı günlər qalıb. Dünyanın bir çox ölkəsində soydaşlarımız, diaspor qurumlarımız anım tədbirləri keçirirlər. Bu istiqamətdə ən çox fəallığı ilə seçilən təşkilatlardan biri də Belçika-Azərbaycan Dostluq Cəmiyyətidir. Budəfəki müsahibimiz cəmiyyətin sədri Ayhan Dəmirçidir. Ayhan bəylə pandemya şəraitində Xocalı soyqırımının tanıdılması işlərindən danışdıq: 

- Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı hansı tədbirləri keçirməyi planasdırırsınız? Builki tədbirlərinizi əvvəlkilərdən fərqləndirən hansı məqamlar olacaq?

- Bu il, təbii ki, digər illərdən fərqlidir. Məlum səbəblərdən dünyanın, demək olar ki, hər yerində hər bir şey adət etdiyimizdən fərqli gedir. Belçikadakı durum barədə də geniş yazmaq istəmirəm, bu barədə həm mətbuatdan  məlumat almaq olar,  həm də dünyanın  hər bir yerində, təxminən, eyni qaydalar hökm sürür. Təbii ki, Xocalı bizim yaralı yerimizdir. Bu il də Xocalı soyqrımını anmaq, yaşadığımız ölkənin insanlarına bunu anlatmaq üçün tədbirlər keçirtməyi düşünürdük. Təəssüf ki, yuxarıda qeyd etdiyim səbəblərdən bunu istədiyimiz kimi edə bilmədik. Sizin də qeyd etdiyiniz səbəblərdən çoxtərəfli görüşlər, kütləvi tədbirlər keçirmək məhdudlaşdırılıb.  Belçikada yaşayan bir neçə gənc soydaşımızla birlikdə oradakı Ham şəhərindəki “Qarabağ atı” abidəsini ziyarət etdik və  abidənin önünə gül dəstələri qoyduq.  Hazırkı ağır durumda “Qarabağ atı” abidəsinin önünə  azsaylı soydaşlarımızla yığışmaqla, bir növ, birlik mesajı da vermək istədik ki, yəni heç bir çətin vəziyyət Xocalı soyqrımını bizlərə unutdura bilməz. Bundan başqa isə yalnız internet üzərindən müxtəlif dövlət qurumlarına, təşkilatlara emaillər, müraciətlər göndərmək imkanlarımız oldu.  Keçirəcəyimiz tədbirlər, təbii ki, var, ancaq onları da internetin xidmətlərindən istifadə edərək  edəcəyik. Belə ki,  onlayn konfrans keçirməyi düşünürük. Konfransı  facebook üzərindən canlı yayımlamağı düşünürük ki, beləliklə, onun  gedişini çoxsaylı izləyicilərin olmasını təmin edək.

- Budəfəki anım ili Azərbaycanın qələbəsindən sonraya təsadüf etdi. Dünyaya mesajlarımızı məğlub yox, qalib xalq kimi çatdırırıq. Bununla bağlı sizin də fikirlərinizi öyrənmək istərdik...

- Doğru qeyd etmisiniz,  bu il  qələbəmizdən sonra ilk dəfədir, Xocalı soyqrımını anacağıq.  Təbii ki, Xocalı soyqrımını heç vaxt unuda bilmərik, Xocalıda vəhşicəsinə qətlə yetrilən insanları hər zaman xatırlayacağıq və bu faciəni dünya ictimayətinə çatdırmaq üçün bacardığımız nə varsa edəcəyik. Budəfəki əhvalımız da fərqlidir, indi daha inamlıyıq.  Əgər illərsonra yenidən Qarabağımıza qovuşa bildiksə, demək, mübarizə əzmi olduqda çox şeyə nail olmaq olar, həmçinin də  Xocalını dünyaya tanıtmaq.  Həm də dünya son müharibədə Azərbaycan adını daha çox eşitdi və bir daha Qarabağın kimin olduğunu, Azərbaycan dövlətinin, xalqının əzmini  gördü.  Qeyd edi ki, bizim də əzmimiz artıq bir başqadır və ümid edirəm ki, bu əzmlə irəliləyən illərdə daha çox nəticələr əldə edəcəyik.

- Diaspora-dövlət münasibətləri və Xocalı soyqırımının tanıdılması. Nələr dəyişib keçən bir il müddətində?

- Bir ildir ki, məlum virus səbəbindən bütün sahələrdə fəaliyyət göstərmək çətinləşib, həmçinin də diaspor sahəsində. Bütün dövlət və ictimai təşkilatlarla  vacib olmadıqda görüşmək də mümkün olmur. Tədbirlərin keçrilməsi məhdudlaşdırılıb.  Buna baxmayaraq ötən bir il ərzində yerli mətbuatda çıxışlar etməyə cəhd etdik və müəyyən qədər də istədiyimizə nail ola bildik.  Təbii ki, daha çox işlər görmək istəyərdik, ancaq məlum səbəblər buna mane oldu. İnanıram ki, tezliklə dünya öncəki halına  geri dönəcək və biz də öz fəaliyyətimizə daha sərbəst davam edə biləcəyik.

- Avropadakı diaspor qurumlarımız Xocalı soyqırımı və digər milli məsələlərdə nə dərəcədə birlik nümayiş etdirə bilir? Müsbət və çatışmayan məqamlar hansılardır?

- Xocalı elə bir məsələdir ki, burada ayrılıq söhbəti ola bilməz. Bu məsələdə hamı eyni məqsədə xidmət etməlidir.  Hamımızın istəyi birdir: Xocalıya ədalət. Bu özü müsbət haldır ki, bu məsələdə fikir ayrılığı yoxdur.  Təbii ki, hər kəsin özünün doğru bildiyi bir yol var ki, bu da bəzi məqamlarda müsbət, bəzən isə mənfi dəyərləndirilə bilər.

- Hər il Azərbaycandakı Xocalı ailələrinə yardımlar edirsiniz. Bu il də planlarınızda bu cür aksiyaların təşkili varmı?

- Açığı, hər vaxt çalışmışıq ki, yardımlarımız barədə danışmayaq. Sadəcə, bizə inanan insanların fəaliyyətimiz barədə məlumatlarının olması, digər dostları da yardım kampaniyalarına həvəsləndirmək məqsədilə bəzən işlərimizlə də bağlı danışmaqdan çəkinmirik.  Bu günə qədər həm Xocalıdan olan ailələrə, həm şəhid ailələrinə, həm imkansız ailələrin övladlarına, məktəblilərə əlimizdən gələn qədər yardım etmişik və bu yardımları etməkdə də imkanlarımız daxilində davam edəcəyik.