Hansı halda əcnəbi dildə reklam yerləşdirmək olar? - Açıqlama

11:46 31.07.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar paytaxtın bir sıra nöqtələrində reklam və elan lövhələrində əcnəbi dillərdən istifadəyə rast gəlirik. Lazım gəldi-gəlmədi rus, ingilis, hətta ərəb dillərində elanları şəhərin bir sıra nöqtələrində görmək olar.

Yeməkxana və restoranların reklam çarxlarından tutmuş, gözəllik salonlarının reklamlarına qədər... Daha çox rus dilli tanıtım plakatları, lövhələr gözə dəyir.

Ölkə konstitusiyasına görə dövlət dili Azərbaycan dilidir. Yəni, başqa dillərdə reklamların yayımı qadağandır. Məsələ ilə bağlı Dövlət Reklam Agentliyi ilə əlaqə saxladıq. Adıçəkilən qurumdan hafta.az-a bildirildi ki, əgər sifarişçi başqa dildə patent alıbsa, o, Azərbaycan dili ilə yanaşı əcnəbi dildə də yayım təşkil etmək hüququna malikdir: “Qanun buna icazə verir. Hüquqi və ya fiziki şəxs patent alıbsa, yayımın əcnəbi dildə gerçəkləşməsini istəyirsə, hüquqi cəhətdən bu mümkündür. Əks halda yolverilməzdir. Bunun üçün patent.gov.az-dan qeydiyyatdan keçmələri əsas şərtdir”.

Bəs hansı növ reklamlar qadağandır?

Qurumdan bildirildi ki, buraya bir çox məsələlər daxildir: “Hamiləliyin süni yolla pozulması üzrə tibbi xidmətlər, eləcə də süni mayalanma üzrə tibbi xidmətlərin reklamı qadağandır.  Bundan başqa, tütün, tütün məmulatları və onların ləvazimatları, o cümlədən tənbəki çubuqları, qəlyanlar, elektron siqaretlər, siqaret kağızları, alışqanlar da reklam oluna bilməz. Satışa çıxarılması barədə qərar qəbul edilməmiş qiymətli kağızlar, eləcə də qumar oyunlarının, pornoqrafiyanın da reklamı yasaqdır”.