O zaman Moskvadan gələn əmrlər əsasında bizə göstərişlər verir, dediklərimizlə hesablaşmırdılar...
1988-1992-ci illərdə Şuşa Rayon Daxili İşlər Şöbəsinin rəisi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) Daxili İşlər İdarəsinin rəis müavini və Ağdərə Rayon Polis Şöbəsinin rəisi vəzifələrində xidmət etmiş, istefada olan polis polkovniki Sadir Məmmədov “Həftə içi”nə müsahibəsində bugünkü Qarabağ savaşının uğurları, bölgəyə Rusiya sülhməramlılarının gəlişi, Şuşanın azad olunmasının strateji əhəmiyyəti və s. mövzularda diqqətəlayiq fikirlər səsləndirib.
- Sadir müəllim, 1-ci Qarabağ savaşının od-alovundan keçmiş bir qazi, həm də peşəkar polis polkovniki olaraq ordumuzun böyük qələbəsi ilə nəticələnməkdə olan Vətən müharibəsini necə dəyərləndirərdiniz?
- Bilirsiniz, əsrlərdən bəri ermənilər öz xislətlərinə uyğun olaraq qonaq kimi gəldikləri Azərbaycan və Türkiyə ərazilərini mənimsəməyə çalışıblar və təəssüf ki, öz beynəlxalq havadarları sayəsində ölkəmizdə buna xeyli şəkildə nail olublar. Bu günlər çox şükür ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin beynəlxalq siyasət və diplomatiya sahəsindəki, eləcə də hərbi komandan kimi qüdrətli fəaliyyəti, ordumuzun, Azərbaycan əsgərinin şücaəti, şəhidliyi sayəsində son 30 ilə yaxın dövrdə işğal altında qalmış torpaqlarımızı tamamilə azad etmək üzrəyik. Burada güclü ordu quruculuğuyla yanaşı, son 17 ildə Prezidentimiz tərəfindən ölkə daxilində və xaricində aparılmış ideoloji-siyasi işlərin də böyük rolu olub. Bu mənada işğalçı Ermənistana vurulan ideoloji və mənəvi-psixoloji zərbə Milli Ordumuzun vurduğu zərbə qədər ağırdır. Cənab İlham Əliyevin Prezident və Ali Baş Komandan olaraq 44 günlük hərbi əməliyyatların fonunda 30-dan çox xarici, xüsusən Amerika və Avropa media vasitəsinə verdiyi müsahibələr, əcnəbi jurnalistlərin qeyri-adekvat suallarına sərrast və mükəmməl cavabları dünyaya Azərbaycanın haqlı mövqeyinin çatdırılmasında çox müstəsna bir rol oynadı. İndiyədək Qarabağ məsələsinin mahiyyətindən bixəbər çoxları artıq anladı ki, biz, sadəcə, öz haqqımızı, öz hüquqi-tarixi torpaqlarımızı tələb edirik. Nəhayət, ordumuzun hazırlığı, gücü, müasir texniki və texnoloji imkanları, eləcə də dini inancı, milli mənşəyi, siyasi mövqeyinə rəğmən bütün xalqın Ali Baş Komandan ətrafındakı sarsılmaz birliyi rəşadətli əsgərimizin, şəhid və qazilərimizin hesabına düşməni diz çökməyə, ağ bayraq qaldırmağa məcbur etdi... Yeri gəlmişkən, mən bir Qarabağ qazisi olaraq keçmiş və budəfəki döyüşlərdə canını fəda etmiş bütün şəhidlərin ailələri, o ata-analar qarşısında baş əyir, onların övladlarını öz övladım, dərdlərini öz dərdim hesab edirəm. Şəhidlərimizə də, bu müddətdə Gəncə, Bərdə, Tərtər, Ağdam, Goranboy, Ağcabədi və s. şəhər və rayon ərazilərində xain erməni hücumları sayəsində həlak olmuş dinc sakinlərə də Allahdan rəhmət diləyirəm...
İşğal altındakı Kəlbəcər, Laçın və Ağdam ərazilərinin dinc yolla azad olunması ilə bağlı məlum bəyanat-razılaşmaya gəldikdə, bunu Ali Baş Komandanımız başda olmaqla ordumuzun və xalqımızın böyük bir uğuru kimi dəyərləndirirəm. Əvvəla, bununla hərbçilər və mülki əhali arasında artıq itkilərin qarşısını almış oluruq. İkincisi, 30 ildən sonra Naxçıvanla quru yol bərpa edilir və bu ərazimiz blokadadan qurtulur... Sülhməramlı qüvvələrin atəşkəsə nəzarət mərkəzində Türkiyə Ordusunun iştirakı da Azərbaycan üçün çox müsbət amildir...
-Siz Qarabağda müxtəlif vəzifələrdə çalışdığınız dövrdə Şuşada, Xankəndidə, Laçında, Əsgəranda və s. guya azərbaycanlı və ermənilər arasında sülhməramlı missiyası daşıyan sovet-rus ordusu komandanlığı və zabitləri ilə sıx ünsiyyətdə olmusunuz. Bu baxımdan xalqımızın hazırda Laçın “dəhlizi” və işğalçı Ermənistanla sərhədə yerləşdirilən Rusiya sülhməramlılarının gəlişindən narahat olmağa əsası varmı?
- 1988-1991-ci illərdə, yəni hələ sovet dövründə bizim Azərbaycanın hökumət qurumlarının, o cümlədən o vaxt milis adlanan Daxili İşlər Nazirliyi əməkdaşlarının Qarabağda fəaliyyət göstərməsi çox çətin idi. Öz ordumuz isə yox idi, yalnız 1991-ci ilin payızında ilk nizami hərbi birləşmələrin təməli qoyulmağa başlandı. Erməni terrorçu və işğalçılarına qarşı rəsmən yalnız Azərbaycan milisi və Dövlət Təhlükəsizlik Komitəsinin kiçik dəstələri, bir də kortəbii halda könüllü dəstələr mübarizə apara bilirdi.
Digər tərəfdən, bizim əlimiz-qolumuz bağlı idi... Mən bunu Xankəndidə vilayət Dİİ rəisi müavini, eləcə də Şuşada milis rəisi işləyərkən çox açıq və əyani şəkildə hiss edirdim. Bütün respublikada olduğu kimi, Qarabağda, Xankəndi, Şuşa, Laçın, Əsgərandakı və s. sovet ordusunun, SSRİ Daxili Qoşunlarının komandanlığı, eləcə də Qarabağ üzrə Xüsusi İdarə, komendantlıq və Təşkilat Komitəsi Moskvadan gələn əmrlər əsasında bizə göstərişlər verir, çox zaman dediklərimizlə hesablaşmırdılar. Son nəticədə çox zaman ermənilərin xeyrinə olan qərarlar verirdilər. Odur ki, biz erməni ekstremistləri və terrorçularına qarşı planlı və sistematik müqavimət göstərə bilmirdik. Hazırda Laçından-Xankəndinədək və Azərbaycan-Ermənistan sərhədi boyu yerləşdiriləcək Rusiya sülhməramlıları ovaxtkı rus qoşunlarından çox fərqlidir. Əvvəla, onlar müstəqil Azərbaycan Dövlətinin razılığı əsasında bizim hüquqi ərazilərə daxil olurlar. İkincisi də həmin Rusiya hərbi birləşməsinin xüsusi və məhdud missiyası var. Onların işi, sadəcə, Ermənistan və Azərbaycan orduları arasında atəşkəsin qorunmasını və Qarabağda Azərbaycan vətəndaşı kimi yaşamağa razılıq vermiş ermənilərin Laçın “dəhlizi” deyilən yol vasitəsilə Xankəndinə və digər yerlərə təhlükəsiz gedib-gəlməsini təmin etməkdən ibarətdir. Qarabağdakı rus hərbçiləri artıq Azərbaycan dövlət qurumlarının işğaldan azad edilmiş digər ərazilərində apardığı digər məsələlərə qarışa bilməzlər. Buna müdaxilə edə bilməzlər. Odur ki, Rusiya sülhməramlılarının müvəqqəti olaraq işğaldan azad edilmiş ərazilərimizin kiçik bir qismində fəaliyyət göstərməsindən əndişələnməyə dəyməz.
- Gənclik illərindən Şuşada olmuş, orada milis rəisi işləmiş biri kimi bu cənnətməkan yurdumuzun azad olunmasını, strateji əhəmiyyətini necə dəyərləndirirsiz?
- Şuşanın, Şuşa qalasının tarixindən, onun strateji əhəmiyyətindən çox danışılıb. Tarix boyu neçə fatehlər bu qalanı fəth edə bilməyib. 1992-ci ildə isə hiyləgər və məkrli ermənilər Rusiyanın dəstəyi və hərbi-siyasi xəyanətlər sayəsində bu şəhərə yiyələnə biliblər. Eyni zamanda Şuşa öz qədim tikili və abidələriylə açıq səma altında bir muzeydir. Odur ki, müzəffər, peşəkar və fədakar ordumuz bunu nəzərə alaraq, Şuşanın tarixi gözəlliyinə xələl gətirməmək məqsədilə ağır arilleriya qurğularını işlətmədən, əsasən əlbəyaxa döyüş sayəsində, çox mükəmməl və ildırımsürətli bir əməliyyatla bu qədim şəhərimizi mənfur düşməndən azad etdilər...
Yadıma 1991-ci ilin 20 noyabrında vertolyot teraktı zamanı Qarakənddə - faciə yerində rastlaşdığım o vaxt Qarabağdakı Təşkilat Komitəsinin rəhbəri olan Viktor Polyaniçkonun bir cümləsi yaxşı yadımdadır. Ona yaxınlaşıb soruşdum ki, sizcə, bundan sonra nə olacaq? Sakitcə cavab verdi ki, Şuşa kimdədirsə, Qarabağ da onda olacaq... Deməli, bu gün Qarabağ bizdədir... Şuşanın azad olunmasını, bax, belə dəyərləndirirəm...
Bir daha Ali Baş Komandan başda olmaqla, ordumuza və bütün xalqımıza yeni uğurlar, düşmən üzərində tam və qəti qələbə diləyirəm...