“HƏMAS” İranın düşmənidir – Tofiq Zülfüqarov

14:53 04.11.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarovla budəfəki söhbətimizdə ordumuzun Qarabağın dağlıq hissəsindəki 19-20 sentyabr əməliyyatlarından ötən bir aya yaxın müddətdə dövlətimiz ətrafında formalaşmış yeni geosiyasi durumdan danışdıq. Həmin durumda Ermənistanın və beynəlxalq güclərin Azərbaycan üçün hansı təhlükələr yarada biləcəyindən bəhs etdik və Yaxın Şərqdəki son qanlı savaşların gerçək mahiyyəti və gələcək nəticələrini qısaca təhlil etməyə çalışdıq.

– Silahlı Qüvvələrimizin Azərbaycanın Yuxarı Qarabağ ərazisindəki  32 illik separatçı-terrorçu rejimin və onun qondarma “müdafiə ordusu”nun bircə sutkaya yox edilməsi ilə nəticələnmiş son lokal hərbi əməliyyatlardan  və həmin torpaqlarımızdakı ermənilərin könüllü şəkildə Ermənistana köçməsindən bir aya yaxın vaxt keçir. Bu müddətdə dövlətimiz ətrafında hansı yeni geosiyasi durum formalaşıb?

– Hazırda ölkəmiz ətrafında və regionda yeni geosiyasi vəziyyət yaranıb. Əslində, həmin bir ay öncəki günlərdə Ermənistan bir dövlət olaraq Azərbaycan ərazisindən özünün həm hərbi, həm də mülki işğalçı qüvvələrini çıxardı. Ogünədək Qarabağda faktiki Ermənistan büdcəsindən maliyyələşən erməni məmurlar, qanunsuz olsa da, faktiki bir “administrasiya” vardı. Bununla Ermənistan tərəfindən Naxçıvandakı 1 və Qazaxdakı 7 kənd istisna olmaqla, Azərbaycan ərazilərinin işğalının sona çatdığını söyləmək olar. İki ölkə arasında yeni, daha doğrusu, postkonflikt münasibətləri gündəmdədir. Hər bir tərəfdən onlara aid müxtəlif fikirlər səslənir. Hamı anlayır ki, əsas  məsələ indi Azərbaycan və Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsi mövzusudur. Nəyə görə? Digər postsovet ölkələrindən fərqli olaraq Almatı bəyannaməsində bəyan olunmuş prinsiplər Azərbaycanla Ermənistan arasında tətbiq edilə bilməz. Ona görə ki, həmin vaxtda artıq Ermənistan öz qərarı ilə keçmiş Dağlıq Qarabağ ərazisini öz ərazisinə birləşdirmişdi. İndi isə təbii ki, yeni bir yanaşma olmalıdır. Yəni, deyilən ərazini özünə birləşdiribsə, deməli, Ermənistan sərhədləri fərqli olmalıydı. Hazırda isə Azərbaycan o status-kvonu dəyişdirib. Odur ki, Ermənistan baş naziri belə fikir səsləndirir ki, respublikamız üçün yeni kadastr almalıyıq və müxtəlif rəqəmlər söyləyir. Bəzi məqamlarda Almatı bəyannaməsinə istinad edir, digər məqamlarda 1975-ci ilin xəritələrini əsas götürməyə çağırır. Bir sözlə, gələcəkdə sərhədlər barəsindəki müzakirələr böyük yer tutacaq...

İkinci əsas mövzu isə Ermənistanın Azərbaycana qarşı Qarabağdan könüllü köçmüş ermənilərə aid hansısa beynəlxalq siyasi təzyiq təşkil etmək istəyidir. Rəsmi İrəvan iddia etməyə çalışır ki, həmin ermənilərin hansısa yolla qayıdışı təmin olunmalıdır, buna beynəlxalq missiya nəzarət etməlidir...

Bəhs edilən mövzuda Ermənistan tərəfdən qeyri-məntiqi bir yanaşma mövcuddur. Hamı bilir ki, məlum münaqişədən öncə Ermənistanda da müvafiq  milli azlıq, yəni 300 minə yaxın azərbaycanlı olub və onların da hüquqlarını qabartmadan yalnız Qarabağdan köçmüş ermənilərdən danışmaq doğru deyil. Odur ki, Ermənistan və onun havadarlarının belə cəhdləri bu baxımdan da məntiqsiz və qəbulolunmazdır...

Üçüncü mövzu kommunikasiyaların bərpasıdır. Azərbaycan razıdır ki, onun digər tərkib hissəsi olan Naxçıvanla təhlükəsizliyi mütəmadi olaraq təmin edilən bir əlaqə yaradılsın...

Ermənistan isə buna getmir. Təbii ki, bu, Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bir məsələdir və dövlətimiz bu istiqamətdə öz siyasətini  davam etdirəcək.

Dördüncü isə təxminən, 30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycana vurulan ziyanla bağlı təzminat ödənilməsi məsələsidir. Ancaq hesab edirəm ki, təzminatdan öncə bir siyasi məsuliyyət mövzusu da gündəmdə olmalıdır.   Azərbaycana qarşı işğal siyasəti tətbiq olunub, etnik təmizləmələr baş verib və beynəlxalq qanunları pozan belə siyasətə bir siyasi qiymət verilməlidir. Ermənistan bununla bağlı məsuliyyət daşımalı və bundan irəli gələn mənəvi və iqtisadi, maliyyə və s. təzminatlar təmin olunmalıdır...

Nəhayət, beşinci mövzu dördüncü mövzudan irəli gəlir ki, bu da Ermənistan tərəfindən işğalçı siyasəti həyata keçirmiş siyasətçilərin məsuliyyətə cəlb olunmasıdır. Həm insanlığa qarşı, həm də hərbi cinayətlər törədən ünsürlər mütləq cəzalandırılmalıdır...

Təxminən, sadaladığımız bu məsələlər gündəmdədir və hesab edirəm ki, Ermənistanla gələcək təmaslar da bu istiqamətdə olacaqdır...

– Ermənistan kapitulyasıya aktını imzalamadan onun təzminat ödəməsi hüquqi baxımdan mümkün olacaqmı? Beynəlxalq hüquqda belə bir praktika mövcuddurmu?

– İndiki durumda da Ermənistan tərəfindən Azərbaycana təzminat ödənilməsinin mexanizmi mövcuddur, əlbəttə.   Azərbaycan və Ermənistan bir sıra beynəlxalq təşkilatların, o cümlədən beynəlxalq məhkəmələrin üzvüdür. Bu baxımdan həm Azərbaycanın ayrı-ayrı vətəndaşları, həm də Azərbaycan dövləti beynəlxalq qurumlardan yararlanaraq təzminat məsələsini qaldırmalıdır və son 30 ildə ayrı-ayrı vətəndaşlar bu məsələni qaldırıblar da. Belə proseslər artıq gedir...

– Sizcə, bundan sonra Azərbaycanı müxtəlif güclər istiqamətindən – Rusiya, İran, Qərb dövlətləri tərəfində daha hansı təhlükələr gözləyə bilər?

– Hazırkı durumda Azərbaycana qarşı real ciddi təhlükələr görmürəm. Bizə qarşı təbliğat kampaniyası, hansısa şəkildə siyasi təzyiqin təşkil olunmasına cəhdlər edilər bilər. Belə cəhdlər də mahiyyətcə özündə ziddiyyət daşıyır. Əgər Qarabağdan könüllü köçmüş ermənilərin hüquqları ölkəmizə qarşı hansısa təzyiqləri təşkil etmək üçün əsas götürülərsə, bir qədər əvvəl dediyimiz kimi, bununla bağlı addımlar ayrıca atıla bilməz.  Bu, 30-35 illik münaqişənin yalnız bir hissəsidir. Yəni münaqişənin başlanğıcında ilk etnik təmizləmələrin Ermənistandakı və Azərbaycanın işğal edilmiş ərazilərindəki azərbaycanlılara qarşı aparılmasını və s. nəzərə almaq gərəkdir. Bütün bunlar geniş şəkildə araşdırılmalıdır. Ermənistan buna hazırdırmı? Əminəm ki, yox... Ermənilərin Qarabağı sonuncu dəfə könüllü şəkildə tərk etməsi bütün dünyanın gözü qarşısında olub; həm 1988-1994-cü, həm atəşkəs, həm də 2020-ci ilin 44 günlük savaşından bəri Ermənistanın və onun Qarabağdakı ünsürlərinin Azərbaycan xalqına və dövlətinə qarşı hansı cinayətləri törətməsi barədəki faktlar toplanıb, bunlara yetərincə sübutlar var... Bu baxımdan ölkəmiz əleyhinə hazırkı hay-küy müvəqqəti təbliğat xarakteri daşıyan və real nəticəsi olmayacaq prosesdir. Əminəm ki,  Azərbaycan rəhbərliyi bütün bunlara cavab olaraq bir çox məsələləri gündəmə gətirəcək. Məsələn, öncə dediyimiz siyasi məsuliyyət məsələsi... Bu münaqişəni, müharibəni kim başladıb? İşğalı kim həyata keçirib? Təbii ki, bu suallara cavablarda  Ermənistanın əsasən keçmiş siyasi elitasının adının çəkilməməsi mümkün deyil. Belə olan halda Azərbaycana hansı beynəlxalq təzyiqdən söhbət gedə bilər?.. İkincisi, hazırda dünyada bu mövzunu yada salan yoxdur ki, hamının başı Yaxın Şərqə, Ukraynaya qarışıb...

– Yaxın Şərqdən söz düşmüşkən, sizin son “HƏMAS”–İsrail savaşı haqqında fikirlərinizi bilmək oxucularımız üçün də maraqlı olardı...

–    Bu mövzuda danışanda, ilk növbədə, İranı heç cür başa düşə bilmirəm. Bu ölkənin mövqeyi təəccüblüdür. İsrailə qarşı vuruşan və rəsmi Tehranın faktiki olaraq dəstəklədiyi “HƏMAS” İranın bir nömrəli düşmənidir. Yəni Suriyada “HƏMAS” “Hizbullah”la vuruşurdu.  “HƏMAS”ın yaradılmasında İsrailin də əli var...

Hazırda bəhs edilən savaşda istər Qəzza, Fələstin tərəfdən, istərsə də İsrail tərəfdən insanların, xüsusən uşaqların həlak olması çox acınacaqlı və ağrıdıcı bir faciədir. Təəssüflər olsun, bunlar baş verir. İndi söhbət ondan gedir ki, sonda Qəzzada “HƏMAS”a bağlı qaçqınların yeni axını başlayacaq və onları bundan əvvəl olduğu kimi, qonşu ölkələrdə deyil, digər ərazilərdə yerləşdirəcəklər. Nəticədə orada çox az sayda fələstinli qalacaq ki, onlar da gec-tez İsrail dövlətinə reinteqrasiya olacaqlar...

– Hansı əraziləri nəzərdə tutursunuz? Fələstinin digər ərazilərinimi?

– Xeyr. Fələstin Azadlıq Təşkilatı ilə də “HƏMAS”ın düşmənçiliyi var. Vaxtilə bir-birlərini qırırdılar. Heç Livan da onları qəbul etməyəcək. 1970-ci illərdə oradakı Fələstin qaçqınları ilə Livan arasında savaşlar gedirdi. Misiri də bilirik. “HƏMAS” elə əslində, Sinay vilayətində “Müsəlman qardaşları” adlı bir təşkilatın qolu kimi yaranıb.  Vaxtilə  İsraillə Misir həmin təşkilatın yaraqlılarını bombalayır, onların tunellərini dağıdırdılar. Yəni  bir sözlə, “HƏMAS” sonda Qəzzanı tamamilə tərk etməli olacaq...

– Bəs hara gedəcəklər?

– Bəzən bizdə Türkiyənin “HƏMAS”la bağlı mövqeyinə təəccüblənənlər olur. Əslində, “HƏMAS”ın Qəzzanı tərk etməsi üçün ona bir siyasi libas lazımdır. Əgər “HƏMAS”ı hamı terrorçu təşkilat kimi qəbul etsə, onda onlar Qəzzadan heç cür çıxmaz və dinc sakinləri də buraxmazlar. İndi “HƏMAS” üzvləri mühacir adı ilə hərəsi bir ölkəyə, yəni onları terrorçu kimi yox, siyasi partiya kimi tanıyan ölkələrə qaça biləcəklər.

– Türkiyə ilə İsrail arasında “HƏMAS”la bağlı real siyasi qarşıdurma var?

– Heç bir real qarşıdurma yoxdur bu iki ölkə arasında. Hamı yaxşı bilir ki, “HƏMAS” İsrailin təşkil etdiyi bir qurumdur. Əslində, onu FAT-a qarşı yaradıblar ki, danışıqlar mövqeyini parçalasınlar və nəticədə əraziləri də bölsünlər. Qəzza sektorunda cəmi 500 kvadrat kilometrlik ərazi var. İordan çayının Qərb sahili, təxminən, 5 min kvadrat-kilometrə yaxındır. FAT da həmin ərazinin yarısını İsrailə verib, 25 faizini müştərək idarə edirlər. Beləliklə, FAT-ın əlində deyilən ərazinin yalnız 25 faizi qalıb. Yəni bu baxımdan Fələstin dövlətinin gələcəyi həll olunub...

– Necə düşünürsüz, Azərbaycan Rusiyanın hələ də Qarabağda qalan “sülhməramlı” adlanan hərbi kontingentinin 2025-ci ilədək tamamilə çıxmasına nail ola biləcəkmi?

– Onların nəinki 2025-ci, heç 2024-cü ilədək Qarabağda qalacaqlarına inanmıram. Guya bu saat orada qalıb hansı real işlə məşğul olurlar ki?

– Özlərinə müxtəlif funksiyalar düşünürlər...

– Hazırda Rusiyanın özündə, Ukraynada ordunun, hərbçilərin görəcəyi o qədər işlər, həll edəcəyi o qədər problemlər var ki, günlərin bir günü Azərbaycan ərazisindəki “sülhməramlı” adlananlar özləri xahiş edəcək ki, bizi yola salın, gedək... Zənnimcə, hazırda Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Qrupu qalsa, kifayət edər...

– Ərazidə ermənilər, separatçılar, onların silah və texnikaları olmayandan sonra həmin monitorinq qrupu nə işlə məşğul olacaq ki?

– Sadəcə, üçtərəfli razılaşmaya əsasən, formal olaraq 2025-ci ilədək qala bilərlər...