İsrail ordusu “HƏMAS” lideri Yəhya Sinvarın Qəzza zolağında istifadə etdiyi konspirativ evi aşkar edib.
Hafta.az xəbər verir ki, bu haqda İsrailin “9-cu kanal” portalı məlumat yayıb
Gizli məkan 162-ci zirehli dviziyanın 14-cü briqadasının ehtiyatda olan əsgərləri tərəfindən aşkar edilib. Mənzil Qəzza şəhərinin ətrafında yerləşib. İçəridə Sinvarın şəxsən ona sığındığına dair çoxlu sübutlar tapılıb.
Komandanlıq bu binaya baxış keçirmək üçün "Yahalom" bölməsinin istehkamçı xüsusi təyinatlılarını göndərib. Əsgərlər xüsusi avadanlıq vasitəsilə mənzilə baxış keçiriblər. Altında tunel də tapılıb. Görünür, ondan "HƏMAS"-ın hərbi və siyasi rəhbərliyinin yüksək vəzifəli üzvləri istifadə ediblər.
Yeraltı tikili 20 metr dərinlikdə yerləşib və uzunluğu 218 metr olub. Bütün lazımi kommunikasiyalarla təchiz edilib; işıq, ventilyasiya, kanalizasiya, rabitə olub. Rəhbərlərinin rahatlığı üçün tuneldə inşaatçılar hətta lift də təmin ediblər. Bundan əlavə, içəridə namaz və tualet otaqları aşkar edilib. Bu binada uzun müddət qalmaq və hərbi əməliyyatlara nəzarət etmək mümkün olub.
Əsgərlər tuneli tədqiq edib bütün lazımi məlumatları topladıqdan sonra istehkamçılar yeraltı tikilini partladıblar.