“Hər zaman müharibəyə hazır olmalıyıq” - Müsahibə

13:35 12.11.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Qarabağ bizi birləşdirdi, 31 il sonra biz yenə yumruq kimi birik, bərabərik, həmrəyik  

Noyabrın 8-də Azərbaycan Ordusu Şuşa qalasını yağı düşməndən azad etməklə yeni bir tarixini, qələbə səlnaməsini yazdı. Bu qələbə hissinin ardınca, noyabrın 10-da Azərbaycan-Rusiya Ermənistanın Azərbaycan üzərində məğlubiyyətini təsdiq edən bəyanatın qəbul olunması qalibiyyətimizin akkordlarını vurdu. Hafta.az-a müsahibə verən Konstitusiya Araşdırmaları Mərkəzinin eksperti, politoloq Zaur İbrahimli müəyyən nüanslara diqqət çəkib.

- Zaur bəy, bu gün Ermənistanın öz məğlubiyyətini etiraf etməsini suverenlik, milli birliyimiz konrekstindən necə təhlil edərdiniz?

- Ermənistanın məğlubiyyətinin etirafı Azərbaycanın üçəsrlik qələbəsi kimi qiymətləndirilməlidir. 1918-ci ildə Bakını  türk qardaşlarımızla azad edib, dövlət qurduq, Şuşanı işğal olunan 7 rayonumuzu azad edib bu dövlətin, xalqın qürurunu qaytardıq. “Newsweek” jurnalının 25 dekabr 1989-cu il sayında üz qabığında Bakıdakı mitinqlərin şəkli verilmişdi və “People of the Year” (İlin xalqı) yazılmışdı. O zaman da  Qarabağ bizi birləşdirdi, 31 il sonra biz yenə yumruq kimi birik, bərabərik, həmrəyik. 2020-ci ilə də Azərbaycan xalqı öz damğasını vurdu. Bir daha bütün dünya gördü ki, Azərbaycan xalqı Qarabağ mübarizəsində yumruq kimi birləşib. Bir birlik bərabərlik hərbi uğurlarımızın da sarsılmaz bünövrəsi oldu,  Xalq-Ordu-Ali Baş Komandan birliyi bütün maneələri aşdı, üçrəngli Zəfər Bayrağımız Şuşada dalğalandı. Qarabağın ürəyini geri aldıq, hər birimizn ürəyindəki sınıq hissəni yerinə qoyduq. Azərbaycan İranla dövlət sərhədini bərpa etdi, bütün qonşularımız və bütün dünya şahidi oldu ki,  bu xalq, dövlət üçün  suverenlik, ərazi bütövlüyü başlıca dəyərdir, elə milli ideyadır. Bütün dünya gördü ki, heç bir şərtlər altında Azrərbaycan xalqı və insanı suverenliyin itirilməsi ilə barışmaycaqdır. Düşünürəm ki, əsas naliyyətlərimizdən biri də budur.

 Prezident İlham Əliyevin Ermənistanın hərbi məğlubiyyəti qəbul etməsiylə bağlı çıxışında bu barədə qeyd etdi, dedi ki, “Dünya bizi tanıyacaq”. Ali Baş Koman bir daha vurğuladı ki, bu birliyin qorunması zəruridir. 

Ermənistanın hərbi məğlubiyyətini etiraf etməsi onların islah olunması anlamına gəlmir, ilk fürsətdəcə yenə arxadan zərbə vurmağa çalışacaqlar, təxribatalr müntəzəm olacaq. Bu məkrə, hiyləyə qarşı ən yaxşı sipər isə milli birlikdir. Xalq da özünün üç əsrilk qan yadaşına söykənərək hamımızdan bunu tələb edir.

- Azərbaycan qanunlarının bütün işğaldan azad olunan ərazilərimizdə işlək vəziyyətə gətirilməsi imkanı nə dərəcədə real olacaq?

- SSRİ-nin dağılmasından, Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra DQMV-nin də daxil olduğu keçmiş Azərbaycan SSR-in inzibati sərhədləri beynəlxalq sərhədlər olaraq tanındı və beynəlxalq hüququn mühafizəsi altına alındı. Bu anlayış Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf ərazilərindəki münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrində də öz əksini tapmışdır. Eyni zamanda, Avropa Birliyi, Avropa Parlamenti, AŞPA, İslam  Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır. Ermənilərin və havadarlarının, diasporunun titanik səylərinə baxmayaraq, 29 ildə qondarma “Dağlıq Qarabağ Respublikasını”  heç bir dövlət tanımadı. Sonuncu dəfə Avropa İttifaqı ilə parafalanmış sazişdə ölkəmizin ərazi bütövlüyü bəyan edilib. Bütün bunlar Azərbaycanın öz ərazi bütövlüyü, suverenliyini müdafiə etmək üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycan son illər beynəlxalq  ictimai rəyi gerçəkləri qəbul etməyə inandıra bilib, erməni yalanları  ifşa edilib. Azərbaycan öz ərazisində istənilən separatçı, konstitusion dövlət quruluşuna qarşı olan hərəkətlərə öz qanunvericiliyi çərçivəsində tədbirlər görmək suverenliyinə malikdir. Yəni Azərbaycan torpağında, o cümlədən Xankəndi, Xocavənd, Əsgəran, Hadrut  və digər  şəhər, kənd və qəsəbələrdə yaşamaq istəyən ermənilərin heç bir xüsusi imtiyazı olmayacaq. Onlar Azərbaycan Respublikasının qanunlarına tabe olacaq, həm hüquqlara malik olacaq, həm də vəzifələr daşıyacaqlar. Bu müsair beynəlxalq hüququn təməl daşı olan dövlətlərin suverenlik hüququndan doğur. Azərbaycan  bu sahədə beynəlxalq təşkilatlara sıx əməkdaşlıq edəcək,  dövlət suverenliyinin bərpası, təmin edilməsi tədbirləri  əsas insan hüquq və azadlıqlarının qorunması,  hər kəs üçün qanunun aliliyinin təmin edilməsi prinsipləri əsasında həyata keçiriləcəkdir.

Təbii ki, ilk növbədə təhlükəsizlik məsələləri həllini tapmalıdır. Ərazilər minalardan təmizlənməlidir, daha sonra hüquq-mühafizə tədbirləri həyata keçirilməli və müvafiq hüquq-mühafizə orqanlarının fəaliyyəti  tam həcmdə təmin edilməlidir, daha sonra mülki infrastruktur bərpa olunmalı, paralel olaraq hakimiyyət orqanları fəaliyyətə  başlamalıdırlar.  İstisna etmirəm ki, bir müddət bu ərazilərdə hərbi vəziyyət qala bilər. Lakin təhlükəsizlik tədbirləri ən qısa  müddətə yekunlaşdıqdan sonra  mülki idarəemə tam həcmdə bərpa olunacaq.

- İnsanlarımız Ermənistan təslim olsa da, buna riayət edəcəyinə inanmır...

- Ermənistanda rəsmi şəkildə bildirirlər ki, hərbi əməliyyatları davam etdirmək imkanları olmadığından, həmçinin daha ağır məğlubiyyətdən qurtulmaq üçün Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması ilə bağlı razılaşmanı qəbul ediblər. Yəni hərbi müstəvidə uduzduqlarını həm siyasi, həm də hərbi rəhbərlik açıq şəkildə bəyan edir. Bu o demək deyil ki, onlar bu razılaşmaya daim sadiq qalacaqlar. Ermənistan hərbi hissələrinin Azərbaycanın işğal altında qalan torpaqlarından çıxarılması 01 dekabr 2020-ci il tarixdə başa çatmalıdır.  Güman edirəm ki, razılaşmanın bu hissəsi yerinə yetiriləcək. Ermənilər belə qısa müddətə yenidən hərbi əməliyyatları başlamaq gücünü əldə edə bilməyəcəklər. Onların ümumiyyətlə, Azərbaycana qarşı iddialardan, qəsbkarlıq planlarından vaz keçməsini düşünmək sadəlöhvlük olardı. Biz hər an hazır olmalıyıq. Bütün bunlar gözləniləndir.  Şübhəsiz ki,  adekvat tədbilər görülür və görüləcəkdir. İlk növbədə, starteji üstünlüyü hər zaman əldə saxlamaq. Məsələn, Britaniya Birinci Dünya  Müharibəsindən əvvəl çalışırdı ki,  Fransa və Almaniyanın ikisinin birgə donanmasından güclü donanmaya malik olsun.  Yaxud  “soyuq müharibə” illərində ABŞ və SSRİ çalışırdı ki, bir neçə dəqiqə  ərzində qarşısı alınmaz nüvə zərbləri endirmək imkanına malik oslunlar. Bu strateji çəkindimə adlandırdı. Yəni tərəflərdən biri başa düşürdü ki, hücum etsə, qarşı tərəf təminatlı onun özünü də məhv etmək imkanlarına malikdir. Düşünürəm ki, Azərbaycan belə bir starteji üstünlüyünü saxlayacaq, yaxud saxlamaq üçün əlindən gələni etməlidir. Digər çəkindirici amil Türkiyə ilə hərbi  ittifaqın inkişaf  etməsi və bu əməkdaşlığın hüquqi  əsaslarının möhkəmləndirilməsi olacaq. Həmçinin  beynəlxalq müstəvidə  mövqelərimizi möhkəmləndirməliyik.  Ən başlıcası isə xalqımız sayıq olmalı, hər zaman müharibəyə hazır olmalıdır. Müharibəyə hazırlıq hər birimizin artıq həyat tərzimizə çevrilməlidir. Bütün bu sadaladıqlarım da erməniləri qəsbkarlıqdan çəkindirməyə  yetməyə bilər.  Ona görə deyirəm ki, müharibəyə hazırlıq,  fədakarlıq  əsas milli ideyamız  olmalıdır.