“44 günlük Vətən müharibəsindən keçən bir il yaralarımızı sağalda bildimi?” – sualı gündəmin əsas müzakirə mövzusu olaraq aktuallığını qoruyur. Belə hesab edilir ki, müharibənin insanlara, torpağa, təbiətə vurduğu ziyan həllini tapmayana qədər aktual olaraq qalacaq. Müharibədə qazanılan zəfərimizə özünün canı, qanı, sağlamlığı ilə qoşulan insanlar daim diqqətdə saxlanılır və mövcud problemlərin üstünə gedilir. Əlil və qazilərimizdən, onlara göstərilən qayğı və problemlərdən söz açacağıq. Həmsöhbətimiz “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadədir:
- Müharibədən ötən bir il ərzində qazi və şəhid ailələrinə sərgilənən sosial-ictimai siyasi münasibətlərdə diqqətçəkən məqamlar nə ilə bağlıdır? Bu istiqamətdə rastlaşdığımız problemləri nə dərəcədə geridə qoya bilmişik?
- Vətən Müharibəsinin bir ilini tamamladıq. Bu bir ili qələbədolu yaşasaq da, böyük itkilərimiz, şəhidlərimiz, müharibədə ağır yaralanan qazilərimiz var. “YAŞAT” fondunun ictimai şurasının üzvüyəm. Məlumdur ki, səhhəti ağır vəziyyətdə olan qazilərimizi həkimlərimizin tövsiyəsi ilə Türkiyədə müalicələrə cəlb ediblər. Hər bir qazinin müalicəsinin aparılmasına xüsusi diqqət ayrılıb...Bu bir ildə həm yaralarımzı sarımağa, həm də 3000-ə yaxın şəhid ailəsinin sosial-məişət problemlərini həll etməyə çalışırıq.
Bu gün şəhid ailələri üçün ağır problem onların ev təminatı lə bağlıdır. Rayon və bölgələrdə yaşayan ailələrimizin maddi-məişət vəziyyəti ürəkaçan deyil. “YAŞAT” fondu olaraq şəhid ailələrinin evlərinin təmiri ilə bağlı müəyyən vəsait ayırdıq. Həmin pul evin tam bərpası, şəraitin yaxşılaşdırılması üçün kifayət deyil. Gələn ildən şəhid ailələri üçün fərdi ev tikintisi üçün Prezident sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə vəsait ayrılıb. Ümid edirik, bu il həmin ailələr üçün evlər tikilər və onların məişət şəraiti yaxşılaşar.
Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərində yaşayan şəhid ailələrinin mənzil təminatı ilə bağlı proses Sosial Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. Bu istiqamətdə Bakı və Sumqayıtda vəziyyət stabildir. Vətən Müharibəsi qəhrəmanlarının mənzil təminatı ilə bağlı Prezident ayrıca sərəncam verdi. Bu proses yekunlaşmaq üzrə olsa da, hələ ki, bəzi problemlər qalır.
Əsas problem şəhid ailələrində olan xəstə övladlarımıza göstərə biləcəyimiz dəstək, köməklə bağlıdır. O ailələrdə sağlamlığı bərpa olunmayan uşaqlarımız var. Əksəriyyəti şəhərdən kənarda yerləşən daimi reabilitasiya mərkəzinə gedib-gəlir. Daimi reabilitasiya mərkəzlərinə gedən uşaqların ailələrinin şəhərdən kənarda mənzillərlə təmin olunması narazılıq yaradır. Biz o ailələrin reabilitasiya mərkəzlərinə yaxın yerlərdə evlərlə təmin olunmasına çalışırıq. Hələ ki, buna nail ola bilməmişik. Çalışırıq, sosial tərəfdaşlarla Azərbaycanın mənzil-tikinti kooperativləri, şirkətləri ilə bu problemi çözək ki, məsələ həllini tapsın. Ailə tanıyıram ki, Vətən müharibəsi şəhidinin ailəsidir və 3 övladının daimi reabilitasiyaya ehtiyacı var. O, hər gün şəhərə reabilitasiya üçün gəlib-gedə bilmir. Çalışmalıyıq, bir az da belə problemlərə fərdi yanaşaq. Bir şəhid ailəsinin, qazinin yükü təkcə dövlətin yükü deyil. Bu məsələ Azərbaycanda və xaricdə yaşayan, fəaliyyət göstərən bütün iş adamlarının, şirkət sahiblərinin də problemi olmalıdır. Əminəm, bu problemləri çözə biləcəyik.
- Siz cəmiyyətin bütövlükdə bu işdə səfərbər olunmasını qeyd etdiniz. Bəs icra hakimiyyətlərinin bu məsələdə sərgilədiyi yanaşma necədir? Qazi və şəhid ailələrinin problemlərini YAŞAT fonduna istiqamətləndirməklə həll olunurmu?
- Maraqlı tendensiya yaranıb. Bir qazi, şəhid ailəsi icra hakimiyyətlərinə müraciət edən kimi, onlar müraciətin səbəbinə baxmadan YAŞAT fonduna yönləndirirlər. YAŞAT fondu da özü bir xeyirxahlıq platformasıdır. İanələri qəbul edir, onları yönləndirir və açıq-şəffaf hesabat irəli sürür.
YAŞAT Fondunun da səlahiyyətlərinə aid olan və olmayan məsələlər var. İcra hakimiyyəti ərazisində olan qazisinin, şəhidinin sayını, probleminin nə olduğunu bilir. Onlar soruşan kimi bildirməlidir ki, bəli, bu ailədə bu problemlər var və aradan qaldırılması üçün hansı işləri görmüşük. Hər icra hakimiyyətində şəhid ailələri ilə bağlı şöbələr yaradılıb. Biz gözləyirdik ki, o şöbələr bir qədər aktiv olacaq, amma elə bil onlar da məmur sifətinə yaxınlaşdılar.
Yəni şəhid, qazi problemlərinə sənədlə tutulan plan, proqram şəklində baxıla bilməz. Bu işdə ürəklə can qoymalısan. Gücün nəyə çatır özün et, çatmayanlarla bağlı müraciətlərin olmalıdır. Amma deməliyəm ki, yaxşı işləyən icra hakimiyyətləri də var və biz onlarla aktiv surətdə işləyirik. Hərdən onların zənglərindən yoruluruq da. Sonra da deyirəm, yaxşı ki, maraqlanırlar. Eləsi də var, onlardan səs çıxmır. Sanki hər şey qaydasındadır.
- Son vaxtlar qazilərin problemləri ilə bağlı müraciət edilən icra nümayəndəliklərinin, hətta bəzi deputatların “Biz dəstək veririk, daha nə etməliyik, pulu haradan alaq” kimi aqressiya ilə yanaşmaları müşahidə olunur. Bu cür yanaşmaların əsasında nə dayanır və bunların aradan qaldırılması üçün nə edilməldir?
- Bizim cəmiyyətdə güvən problemi var. İnsanlar məmura güvənmir. Ona görə də hər hansı “qazinin, şəhid ailəsinin problemi var” - deyəndə, çox vaxt ona adekvat cavab verilmir. Ən böyük problem güvənsizlikdədir, çünki səmimi deyilik. Şəhid qapısını yüksəliş, şəkil çəkdirmək xatirinə açmaq lazım deyil. Onun uşağının başını sığallayanda bunu da ürəkyanğısı, sevgi ilə etməlisən. İki-üç nəfərlə o ailələrə gedib, onu da hesabat xatirinə edirsənsə, etməsən, daha yaxşıdır. Orada çəkilən şəkillərin mahiyyətini bilməyə bilərik, amma evinə getdiyin insan sənin nə qədər səmimi olduğunu duyur axı. Sən vəziyyət sosiallaşandan sonra gedib qazinin qapısını döyüb onunla maraqlanmalı deyilsən. O problem sosiallaşmayana, KİV-ə çıxmayana qədər sənin onun problemindən xəbərin olmalıdır. Özün edə biləcəyini etməlisən. Haqlıdır, yaxud haqsızdır, artıq bunu məsələ ilə tanış olandan sonra biləcəksən. Biz demirik ki, bütün müraciət edənlərin hamısı haqlıdır. Müraciətin kökünü, eləcə də qazinin sənə güvənsizliyinin də kökünü araşdırmalısan. Qazilərin məmurlara qarşı belə bir mövqeyinin olmasını araşdırıb tapmalısan.
- Nəyə görə əlilliyin təyini ilə bağlı problemlər bitmək bilmir?
- Əlilliyin alınmasına qədər çox uzun bir mərhələ keçməlisən. Düzdür, dövlət qanunları çalışır ki, həqiqətən əlilliyi olan insanlar o statusu alsınlar. Axırıncı məlumata görə, müharibədən sonra ötən bir il ərzində 2300-ə yaxın əlillik statusu alan qazimiz var. Əlil də olsalar, insanlar istəyir ki, özləri çalışıb nəyəsə nail olsunlar. Bizim cəmiyyətimizdə insan o vəsaitə möhtacdır. Qazilər deyirlər ki, gedib Vətən uğrunda öz əzalarımı qurban vermişəmsə, diqqət və qayğı tələb etmək mənim haqqımdır. O istəyir ki, hansısa sənədlərin dalınca sürünməsin; istəyir ki, hər işi tezliklə həll olunsun, suallarına tez cavab tapılsın. Əlilliyin alınması prosesi çətinləşdikcə bu, anlaşılmazlığa gətirib çıxarır. Nəinki bugünkü əlillərin, əvvəlki əlilliyi bitmiş şəxslərin də yenidən dəyərləndirilməsi aparılır. Bu günlər VTEK-in qarşısında yenidən əyani müayinəyə gələn böyük insan dalğasını gördüm. Bu mənzərənin özü də böyük gərginlik yaradır. Onsuz da cəmiyyətdə problem çoxdur. Belə olan halda, 3 aydan bir əlilliyin imtina edilməsi, qazinin yenidən müayinəyə dəvət olunaraq əlilliyin müəyyən olunmasına cəlb olunması əsəbilik yaradır. Çalışırsan ki, bu proses tez baş versin. Amma yenə də baxırsan ki, uzadılır. Biri bunu sistemin üzərinə atır, digəri poliklinikanın yanlışlığı sayır; biri deyir, həkim düzgün baxmayıb. Yəni vətəndaş qalır müraciətlərə baxan orqanların arasında. Get-gəllər onu özündən çıxarır və inamı itir. Yenə də əziyyəti qazi, vətəndaş çəkir. Bu prosesdə saxtakarları təmizləməyə çalışırlar, amma elə o saxtakara əlillik satatusu verən də dövlət orqanının nümayəndəsi olub. Günahımızı boynumuza alaq və çalışıb bu insanları az incidək. O saxta əlilliklərin sıradan çıxarılması hesabına əsl qazilər, əsl əlillər də əziyyət çəkirlər. Bir çox halda qazilər öz hüquqlarını bilməməkdən haqlarını ala bilmir. Halbuki qazilərin siyahısı yerlərdə səfərbərlik xidmətlərində var. O, hərbdən necə qayıdırsa, bu barədə Hərbi Komissarlığa kağız gəlir. Deməli, o qurumlar bilirlər ki, yola saldığı əsgərin neçəsi şəhid, neçəsi qazi, neçəsi sağlam qayıdıb.
Eşitdiyimə görə, məşğulluqla bağlı müraciətlər tez qeydə alınır. Bu barədə bizim də müraciətlərə adekvat cavab veriblər. Çox incə bir məqam var. Əgər o qazi bir sənət bacarmırsa, onu bacarmadığı bir işə yönəltmək də düzgün deyildir. Ona sənət öyrədilməli, sonra məşğulluğu təmin olunmalıdır. Əks halda bu, hesabat xarakteri daşıyacaq.
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimai Şurada təmsil olunursunuzsa, şübhəsiz, şəhid və qazilərin üzləşdikləri problemlərə yaxından bələdsiniz. Bu gün qazilərin hansı problemləri daha aktualdır?
- Hələ də əlilliyin dəyərləndirilməsi ilə bağlı problemlər aktualdır. Hələ də bu proses gedir. Elə xəstəliklər var, onların sağalma müddətləri var. Xəstəliyin hansı fəsad yaradacağını gözləyib, ona görə əlillik təyin edilsin. Bir çox qazilərin sağlamlığı yenidən dəyərləndirilib əlillik veriləcək. Ən böyük problem odur ki, qazilər müharibədən sonra işləmirlər və onların ailələri dolanışıq baxımından çətin vəziyyətə düşüb. Əlillik də gec təyin olunduğu üçün maddi təminatları çətinləşir. Düzdür, YAŞAT Fondu hər bir yaralıya 2500 manat maddi dəstək ayırdı ki, tibbi xərclərindən savayı, heç olmasa, evində xərcliyi olsun.
Qazilərin, şəhid ailələrinin mənzil-məişət məsələlərinin yaxşılaşdırılması iə bağlı məsələlər aktivdir. Rayonlarda əlillərin çoxuna mənzil tikib verə bilməmişik, inşAllah, bu proses gələn ildən başlayacaq. Uçuq evlərdə yaşayan şəhid ailələrimiz, qazilərimiz var. Kimə ki əlillik verilib, onların pensiya təminatı ilə bağlı problemi yoxdur. Pensiya və müavinətlərlə təmin olunublar. İxtisasa uyğun və diploma əsasən işlə təmin olunmada da problemlərimiz var. Bizdə iş yerləri problem olaraq qalır. Təklif etmişik, savadı olmayanları peşə təhsilinə cəlb edək. Təhsili yüksək quraq ki, o insanlar öyrənsinlər və biliklərini iş işlərində tətbiq etsinlər.
- Cəmiyyətdə dəyişməyən belə fikir var ki, qazi, şəhid adı üstün tutulmalı, hər bir əsgərin döyüşdə geyindiyi paltara da müqəddəs baxılmalıdır. Bəzən bunun əksi olan məqamlarla rastlaşırıq. Bəziləri qazi adından sui-istifadə edir...
- Belə neqativ hallar Birinci Qarabağ müharibəsi ərəfəsində də olub, indi də var. Çox təəssüflər olsun, müharibədən sonra bu cür “işbazlar” həmişə ortaya çıxır. O formadan boş yerə istifadə edənlər əsl döyüşçü ola bilməz. Mən o formaya müqəddəs baxıram. Həmin forma mənim üçün çox əzizdir. Yoladışımı o formada tanımışam, həmin formada şəhidliyə yola salmışam. Formanı saxta adamlarda görəndə bizim kimi insanların hansı hisslər keçirdiyini bir Allah bilir. Döyüşdün və müharibə bitdi. Formanı hara gəldi geyinmək olmaz. Öz oğluma da deyirəm: Raquf Orucov döyüşdü, şəhid oldusa o, borcunu yerinə yetirdi. Sənin isə bir vətəndaş kimi Vətənə öz borcun var. Yəni Vətən darda idi, çağırdı getdiniz, döyüşdünüz, qalib gəldiniz və bu, böyük fəxarət hissidir. Hər şeyin müqəddəsliyini qorumalıyıq.
Lazım olanda döyüşçüləri tədbirlərə çağırıram. Deyirəm, forma ilə gəlin. Gənclərin qarşısına tanıdığım qaziləri çağırıram. Elə döyüşən insanlarımız var ki, onları bu gün də tanımamışıq. Allah hər birini qorusun. Bu formadan saxta istifadə edənlər utanmalıdır. Döyüşüb, Vətənə borcunu veribsə, özünü reklam etmək üçün geyinib ortada gəzməməliyik.