Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər xüsusi təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini yeni yaradılan Milli Müdafiə Universitetinin nəzdində Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına hərbi lisey, Cəmşid Naxçıvanski adına hərbi lisey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi adı altında fəaliyyət göstərirlər. Qeyd olunub ki, aparılan struktur islahatları çərçivəsində ordumuzda elm və hərbi təhsil sahəsi daha da uğurlu inkişaf edir.
Bununla bağlı hafta.az-a danışan ehtiyatda olan mayor, hərbi ekspert Ədalət Verdiyev deyib ki, bu addım ordu quruculuğu, peşəkarlığın daha da artırılması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir: “Yeni universitetin yaradılması həm idarəetmə, həm hərbi konsepsiyanın formalaşmasında, hərbi təhsilin prioritet istiqamətlərinin müəyyənləşdirilməsində, eyni zamanda, yeni silahlı mübarizə üsullarının araşdırılmasında, tətbiq edilməsində mühüm rol oynayacaq”.
Ekspert vurğulayıb ki, inkişaf etmiş bir çox ölkələrdə bu model uğurla tətbiq olunur: “Təbii ki, biz bununla bağlı xüsusi olaraq Türkiyə təcrübəsini əsas götürürük. Eyni zamanda, əksər ölkələrdə də bu model uğurla tətbiq olunur və kifayət qədər də effektiv nəticələr əldə edilib. Hesab edirəm ki, bu islahat ölkəmizdə də uğurla aparılacaq və Azərbaycan ordusu təbii ki, təhsil sistemi olaraq bununla yeni mərhələyə keçəcək.”
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən təhsil eksperti Elçin Əfəndi bildirib ki, hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universitetinin yaradılması müsbət addımdır: “Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər xüsusi təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini yeni yaradılan Milli Müdafiə Universitetinin nəzdində Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına hərbi lisey, Cəmşid Naxçıvanski adına hərbi lisey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi adı altında fəaliyyət göstərirlər. Təbii ki, bu təhsil müəssisəsinin yaradılmasında, hərbi sahədə biliklərin paylaşılmasında Türkiyə tərəfinin də dəstəyi var. Düşünürəm ki, milli olaraq, eyni millət olaraq və digər amilləri də nəzərə alaraq bu yeniliyi müsbət dəyərləndirmək olar”.
Ekspert bu təhsil ocaqlarında görmək istədiyi perspektivlərə də toxunub və qeyd edib ki, bu məsələdə təkcə ad dəyişməsi yox, məzmun da, keyfiyyət də dəyişməlidir: “Dünyada yeni çağırışlar var. Daha çox texnologiyalara üstünlük vermək lazımdır. Məsələn, müasir hərb sənayesinə daxil olan ixtisaslar üzrə kadrların hazırlığının həyata keçirilməsi daha məqsəuyğun ola bilər. Eyni zamanda, tutaq ki, dronlar üzrə mütəxəssis, müasir informasiya texnologiyaları, onun hərbləşdirilmiş versiyası kimi istiqamətlər prioritet olaraq seçilsə daha effektiv nəticələr əldə edilə bilər”.