Həyat yoldaşı və bir oğlu şəhid, biri qazi, digəri hərbiçi - 30 ildir yataqxana künclərində qalan Ziba xanım  

11:37 15.07.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

“Həyat yoldaşım və bir oğlum şəhid, o biri qazi, digəri isə hərbçidir. Di gəl, özüm 30 ildir yataqxana künclərində qalmışam”. Bu sözləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanasında məskunlaşmış 73 yaşlı məcburi köçkün Ziba Orucova hafta.az-a  danışarkən söylədi.

Ziba xanım 1992-ci ildən məcburi köçkün olaraq paytaxtda məskunlaşıb. Gələrkən evindən, elindən-obasıbdan dərddolu yükdən başqa bir şey gətirə bilməyib. 30 ildə tək yurdundan didərgin düşməyib, həm də canından bir parça qoyub o torpaqlarda...

Əslən Laçın rayonundan olan Ziba anamızın 4 oğlu, 2 qız övladı var imiş. Deyir, həyat yoldaşım Miri Yusif kişi Laçının sayılıb-seçilən adamlarından olub, Qarabağda kimdən soruşsaydın tanıyırdılar. Ermənilər  çəkinirdilər ondan, başına pul da qoymuşdular. İşğaldan sonra kəndin bütün evlərini yandırsalar da,  qəbirlərə toxunmayıblar. Bir Miri Yusif kişinin məzarından başqa. Onu güllələyiblər. Yaman od salımışdı düşmənin ürəyinə, ona görə də xoşları gəlmirdi yoldaşımdan.

Gözlərindən kədəri aydınca oxunan bu yaşlı qadından 30 il öncəsini soruşduq. Kövrəldi...

- Nə deyim, qızım, hamı bilir oradan necə çıxmışıq. Allah ermənilərin başına daş salsın. O qədər ağır zərbələr vurublar mənə, dərdim cahana sığmaz...

Bax, o gördüyün (divardakı şəkillərə üzünü tutur) dağ boyda igidləri aldılar məndən. Biri yoldaşımdır, digəri oğlum. Yoldaşım Orucov Miri Yusif 48 yaşında Xocalı, oğlum isə 1994-cü ildə Fizuli-Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə şəhid olublar. Dərdim bununla da bitmir.

2 övladım - şəhid olan və böyük oğlum Kərim Orucov hərbçi idi. Kərim Tümen Ali Hərbi Məktəbini bitirmişdi, Rusiyada işləyirdi. Torpaqlarımızın işğal xəbərinə dayana bilməyib işini atıb gəldi. Döyüşlərə qatıldı. Daha sonra döyüş şəraitində minaya düşüb çox ağır yaralandı. 30 ildir, yataq xəstəsidir. 8 dəfə əməliyyat olunub, bədəninin bir hissəsi yoxdur.  Bir oğlum da uzun illərdir soyuq səngərlərdədir, üzünü gördüyüm yadıma gəlmir, zabitdir. İkinci Qarabağ müharibəsində 45 gün torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. İndi də Kəlbəcərdədir. Torpaqlarımız azad edilən ilk vaxtlarda evimizin yandırılmış, dağıdılmış şəklini və videolarını çəkib göndərirdi bizə. Bir çarpayı salamat qalıb, bir də qaz sobasının yarısı.  Elə həsrətəm ki o torpaqlara… Deyirəm, birdən gediş-gəlişə icazə verilənə qədər Allah canımı alar. Nə olar, ay bala, apar məni də oraya. Evimi-yurdumu görüm, qəbirləri ziyarət edim. Heç yaxın durmur. Deyir, “Olmaz, təhlükəlidir”.

- Bəs Laçına qayıdıb-qayıtmamaqla bağlı rəsmi qurumların apardığı sorğulardan hansındasa iştirak etmisiniz?

- Laçına köçürülmə ilə bağlı bir dəfə zəng gəldi. Danışan cavan oğlan  dedi ki, “Qaçqınkomun əməkdaşıyam”.  Soruşdu: "Torpaqlarınıza qayıtmaq istəyərsiniz?". Dedim: "Niyə istəməyim ki, ay oğul, adam da öz torpağını istəməz?". Mənə belə sualın verilməsi elə qəribə gəlir ki. Düşünürəm: görəsən, həqiqətənmi torpağına – o cənnətə qayıtmaq istəməyənlər var? Laçının təmiz havasını, daşını, torpağını, yaylağını, çayını dünyanın heç bir naz-nemətinə dəyişmərəm. Oralar yadıma düşəndə içim-içimə sığmır.  Kəndimiz Laçının Xankəndi istiqamətdən qurtaracağındadır. Qırxqız dağının bir tərəfində biz, bir tərəfində ermənilər yaşayırdı…

-Dediniz ki, 1992-ci ildən Bakıdasınız, bəs yataqxanaya nə vaxt yerləşdiniz?

- 1997-ci ildən bu yana bax, bu yataqxanada yaşayıram. Ondan əvvəl bir müddət Badamdar qəsəbəsində qaldıq. Hazırda da qeydiyyatımız oradadır. İndi yataqxanada qızım və nəvəmlə yaşayıram.

- Bizə bildirdilər ki, yataqxanalarda cəmi 3-5 ailə qalıb. Onlar da problemi olanlardır. Siz nə əcəb hələ də köçürülməmisiniz?

- Mən düz, 30 ildir ev növbəsindəyəm. Növbəm də müharibədən əvvəl gəldi çatdı. Dedilər: sənəd topla, onları da hazır etdim. Elə oldu ki, müharibə düşdü araya. O hay-həşirdə də ev yadıma düşmədi. Müharibə də qurtardı, hələ ortalıqda bir şey yoxdur. İndi də bilmirəm, hələ nə qədər bu zülmü çəkəcəyəm...

Ziba ana bizi yaşadığı şəraitlə tanış elədi, balkona sığdırılmış kiçik mətbəx və hamam otağını da gəzəndən sonra sağollaşıb yolumuza davam etdik. Köhnə taxtaların cırıltısı, qaranlıq, kimsəsiz və dağılıb-sökülmüş dəhlizdə bir kimsə gözə dəymir.

Aşağıda binanın komendantı burada cəmi 3-5 ailənin yaşadığını söyləmişdi. Yəqin, ondandır bu səssizlik. Mərtəbələri dolaşıb, otaqlara boylandıq. Nəhayət, 3-cü mərtəbədə qapını üzümüzə bir gülərüz xanım açdı. “İçəri buyur” deyib, bir qədər söhbətləşdik. Ortayaşlı müsahibimiz əslən Qərbi Azərbaycandan olan Sədayə xanımdır. O, düz 20 ildir bu yataqxanada yaşayır, 3 övladı var. Deyir ki, həyat yoldaşımgil 1948-ci ildə gələn göyçəlilərdəndir, lakin Şəkidə doğulub böyüyüb:

- Evlənəndən sonra Şəkidə yaşamışıq. Sonra evimizi erməni ilə dəyişib Mingəçevir şəhərinə gəldik. Bir müddət orda yaşadıq. Böyük oğlum əsgərlikdə  olanda yoldaşım rəhmətə getdi. Qızım da həmin vaxt universitetə qəbul olunmuşdu. Gördük ki, iş-güc yox, atam-anam, yaxınlarım da başqa-başqa rayonlarda, əlacsız qalıb Bakıya gəldik. Xeyli vaxt burada kirayə qaldıqdan sonra, 1500 dollar verib bu balaca otağı aldım. Daha sonra övladlarım ailə qurdu. İndi yandakı otağı da oğlum üçün hazırlamışam.

- Qərbi Azərbaycandan olsanız da, yəqin, azad olunmuş torpaqlara köçürülmə sizə də şamil olunacaq.

- Bizə deyildi ki, sizi Ağoğlan qəsəbəsinə köçürəcəklər. Mən də razılıq vermişəm. Axı niyə istəməyim ki? Lap ürəyimcədir.

Nəzərinizə çatdıraq ki, daha əvvəl də yataqxanaya baş çəkib sakinlərin problemlərini dinləmişdik.

Bu səbəbdən, əvvəllər burada yaşamış, daha sonra evlə təmin olunan  məcburi köçkünlə əlaqə saxladıq.

Zəngilandan Bakıya gələn müsahibimiz (adının gizli qalmasını xahiş etdi) bir neçə il öncə Qobu park yaşayış kompleksindən ona ev verildiyini və hazırda orada yaşadığını söylədi.

Onun sözlərinə görə, evlə təmin edilsə də problemi bitmək bilmir. Belə ki, illərəvvəl ona ayrılmış 60 manatlıq aylıq məvacib 2020-ci ilin ilk aylarında dayandırılıb. Ailə vəziyyəti özü ilə eyni olan başqa şəxslər  hələ də almağa davam edirlər. Əgər qanundursa, onda hamı üçün eyni olsun:

- Mən müəlliməyəm, istəmərəm ki, 60 manat üçün məhkəmələrdə sürünüm. Qışqır-bağırla da iş həll etmək xarakterimə ziddir. 2006-cı il təvəllüdlü bir oğlum var. Rəsmi nikahım isə yoxdur. Pul ayrılanda dedilər ki, atası başqa yerdən olduğu üçün uşağa düşmür. Qanunlara görə, iki valideyndən biri qaçqın olmasa belə, 2011-ci ilə qədər doğulan uşaqlara həmin o müavinət verilir. Bu dəqiqə də alanlar tanıyıram. Övladıma verilmədi, razılaşdım. Mənə düşən ödəniş isə dayandırıldı. Səbəbini soruşanda da dedilər ki, "Nazirlər Kabinetinin belə bir qərarı var". Heç bir qərar isə mənə aid edilə bilməz. Mən nə evli olub ayrılmışam, nə də  rəsmi olaraq evlənmişəm. O vaxt müavinət 20-30 manat dəyərində idi, indi isə 60 manat olub.

Məcburi köçkün olan müsahiblərimiz belə məsələlərin daha dəqiq araşdırılmasını tələb edir.

Məcburi köçkün yataqxanasına budəfəki səfirimiz yenə də az sayda da olsa ağır vəziyyətdə yaşayan insanlarımızın üzləşdikləri çətinliklərin bizdə kədərli təəssüratlar oyatması ilə yadda qaldı. İnanırıq ki, bu insanlar ən qısa zamanda doğma yurdlarında haqq etdikləri həyatı qazanacaqlar.