Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən hafta.az-a verilən məlumata görə, görüş əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, onların cəmiyyət həyatında fəal iştirakının təşviqi və inklüziv dəyərlərin təbliği sahəsində maarifləndirmə məqsədi daşıyıb.
“İnsan hüquqları aylığı” çərçivəsində keçirilən tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndəsi, Agentliyin əməkdaşları, həmçinin Mərkəzin benefisiarları iştirak ediblər.
Çıxışlar zamanı əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi, onların sosial inteqrasiyasının gücləndirilməsi, peşə bacarıqlarının inkişaf etdirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və sosial müdafiə sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Həmçinin benefisiarların uğur hekayələri dinlənilib, reabilitasiya xidmətlərinin onların peşə bacarıqlarının inkişafında və əmək bazarına inteqrasiyasında oynadığı mühüm rol vurğulanıb. İştirakçılar arasında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.