Milli Məclisin İntizam komissiyasının sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Eldar İbrahimovun “Həftə içi”nə müsahibəsi
- Prezidentin sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin əhəmiyyətini necə dəyərləndirərdiniz?
– 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə bağlı Prezidentin imzaladığı sərəncam xüsusi əhəmiyyətə malikdir. Əlbəttə, Ulu Öndəri dünyada böyük siyasi xadim kimi tanıyırlar. Bunun əsas mahiyyəti odur ki, gənc nəsil Ulu Öndəri tanımalı, öyrənməlidir. “Heydər Əliyev İli” Ulu Öndərin 1993-2023-cü illərdə – 20 il ərzində həyata keçirdiyi işləri gənclərə bir daha anladacaq.
Bununla yanaşı, düşünürəm, türkdilli dövlətlərdən tutmuş, bir çox digər ölkələr Ulu Öndərin 100 illiyi ilə əlaqədar tədbirlər keçirmək arzusunda olacaqlar.
Elə xalqlar var, 1 000 ildə Heydər Əliyev kimi şəxsləri dünyaya gətirməyib. Çox şükürlər olsun, Azərbaycan xalqının Heydər Əliyev kimi dahi oğlu var və o, canından əziz tutduğu Azərbaycan xalqını həmişə zirvələrə qaldırıb.
Azərbaycan xalqı xoşbəxtdir ki, Allah ona böyük, dahi bir dövlət xadimi, xalqın xilaskarı, müstəqilliyimizi qoruyan, əbədi dönməz edən belə bir insan qismət edib. Bu gün dövlətimiz də fəxr edir ki, varlığı belə bir dahi şəxsiyyətin adı ilə bağldır. Ulu Öndər Azərbaycanın fəxridir, qürurudur. Hesab edirəm, Ulu Öndərin böyük xidmətləri qarşısında belə bir sərəncam lazım idi.
– Heydər Əliyevi Azərbaycanı birincilər sırasına çıxaran dövlət xadimi kimi qısa da olsa, necə xarakterizə etmək olar?
– Heydər Əliyev kimi tarixi şəxsiyyət haqqında saatlarla danışmaq olar. Heydər Əliyevin siyasi həyatını iki hissəyə bölsək, biri Sovetlər, digəri müstəqil Azərbaycan dövrünə təsadüf edir.
Hələ 1969-cu ildə Heydər Əliyev KP MK-nın birinci katibi seçiləndə Azərbaycan keçmiş SSRİ-də öz inkişafına görə ən geridəqalmış respublikalardan biri idi. Ulu Öndərin hakimiyyətə gəlməsindən qısa müddət sonra görülən işlər nəticəsində Azərbaycan ən axırınci resbuplikalardan, ən öndə dayanan ölkələrdən birinə çevrildi. Ulu Öndər Azərbaycanda bir çox məsələlərdə – iqtisadiyyat, kənd təsərrüfatı, sənaye və digər sahələrdə böyük dönüş etdi. Ümummilli Lider sovet büdcəsi hesabına Bakıda neftayırma zavodlarını yenidən qurdurdu. Düzdür, o vaxt biz keçmiş ittifaqa neft verirdik, amma Heydər Əliyev SSRİ-nin büdcəsi hesabına Azərbaycanda quruculuq, abadlıq işləri həyata keçirdi. Həmin illərdə respublikamızda nə qədər binalar tikildi, böyük müəssisələr yaradıldı.
– Onun növbəti dəfə hakimiyyətə dönüşünü zəruri edən səbəblər nə idi?
- Heydər Əliyevin müstəqilli dövründə hakimiyyətə qayıdışı asan olmadı. 1990-cı ilin 22 iyununda Moskvadan Naxçıvana qayıtdı. Bilirsiniz ki, sovet hökuməti dağıldı. Azərbaycanda hakimiyyətsizlik yaranmışdı. Bakıda olduğu kimi, Naxçıvanda da vəziyyət ağır idi. O vaxt “DEMblok”, “KOMblok” var idi. Hərə Ali Sovetə öz blokundan sədr seçmək istəyirdi. Ağıllı insanlar yığışdılar, mən də o vaxt Ali Sovetin deputatı idim, çıxış edib dedim ki, Heydər Əliyevin Naxçıvanda alternativi yoxdur. Heydər Əliyev olmasa, Naxçıvanın ermənliər tərəfindən işğalı qaçılmazdır.
Nəhayət, proseslər Heydər Əliyevin Naxçıvanda Ali Sovetə sədr seçilməsi ilə yekunlaşdı. Ondan sonra Heydər Əliyev Naxçıvanı qorudu. Ovaxtkı hakimiyyətdə olan Xalq Cəbhəsi və Müsavat cütlüyünün səhvləri üzündən 1992-ci il iyunun 4-də Gəncə hadisələri baş verdi. Qiyam oldu, qan töküldü...
1993-cü ilin iyun hadisələrindən sonra Azərbaycanın bütün bölgələrində insanlar Ulu Öndərdən Naxçıvandan Bakıya dönməsini təkidlə tələb edirdilər. Onların ümidi Ulu Öndərə idi. Heydər Əliyev iyunun 9-da Bakıya gəldi və bildiyiniz kimi, ayın 13-də Ali Sovetdə keçirilən iclasda çıxış edərək Gəncəyə getdi. Ayın 15-də isə Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Heydər Əliyev Ali Sovetə sədr seçilən kimi Azərbaycanı bu qoçu dəstələrindən qorudu. Cənubda Əlikram Hümbətovun “Talış Muğam Respublikası” yaratmaq iddiası ilə baş verən hadisələri, Şimalda sadvalçı separatçı qüvvələrin hərəkatını yatırtdı. Bakının özündə dövləti qoçu dəstələri idarə edirdi. Heydər Əliyev bunların hamısını yerində oturtdu və torpaqlarımızı işğaldan müəyyən dərəcədə qorudu...
Ümummilli Lider Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib.
Ulu Öndərin atdığı ən mühüm addımlardan biri – 1994-cü ildə atəşkəs haqqında sazişin əldə edilməsi oldu. Ölkəni böhrandan çıxarmaq üçün müharibə dayandırılmalı, daxildə ictimai-siyasi sabitlik təmin edilməli idi.
Ən önəmlisi isə "Əsrin müqaviləsi” kimi tanıdığımız neft müqaviləsinin imzalanması idi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, o cümlədən TANAP, TAP kimi qlobal iqtisadi layihələrin də əsası məhz Ulu Öndər Heydər Əliyevin zamanındı atdığı addımlarla, həyata keçirdiyi xilaskarlıq missiyası ilə birbaşa bağlıdır.
O vaxt Azərbaycan adlı bir məmləkət yox dərəcəsində idi. Həmin vaxtlar 11 transmillli şirkət Heydər Əliyev şəxsiyyətinə inanaraq bu müqavilədə iştirak etdi. Bu müqavilələrin də Azərbaycana çox böyük əhəmiyyəti, xeyri oldu. Bu gün də möhtərəm Prezidentin apardığı işlər nəticəsində həmin layihələr Azərbaycanı dünyada Avropanın enerji təchizatında xüsusi rolunu oynamaqdadır.
Məsələn, Aqrar Siyasət Komitəsinin sədri kimi, 1996-cı ildə biz torpaq islahatını apardıq. SSRİ respublikaları arasında yeganə olaraq Azərbaycanda çox rahat, düzgün islahat getdi. Münbit torpaqlar insanlara paylandı - xüsusi mülkiyyətə verildi. Bunun da nəticəsində istehsal olunan kənd təsərrüfatı məhsullarının 98 faizi ancaq buna görə təmin olundu.
Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Heydər Əliyev yolu ilə Azərbaycanı daha böyük zəfərlərə doğru aparır. Məhz Heydər Əliyev yolunun Prezidentimiz tərəfindən uğurla davam etdirilməsi nəticəsində torpaqlarımız işğaldan azad olundu, xalqımız böyük qələbə sevincini yaşadı.
– Azərbaycan öz zəfər tarixini yaşıyır. Bu iki il Ulu Öndərin apardığı siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla sonlandırılması və tarixə qızıl hərflərlə yazılmasıdır. Bu məqamı necə dəyərləndirərdiniz?
– Əsası Ulu Öndər tərəfindən qoyulmuş bu siyasəti möhtərəm Prezidentimiz, onun layiqli davamçısı həyata keçirir. Hamımızın yaralı yerimiz olan Qarabağ işğaldan azad edildi. Özü də necə: 30 il işğal altında olan torpaqları 44 gün ərzində işğaldan azad etdi. Təbii ki, möhtərəm Prezdentimiz də hakimiyyətə gəldiyi 2003-cü ildən indiyədək ordumuzu gücləndirib, onu ən müasir silahlarla təmin edib. Bunu da qeyd etmək lazımdır ki, bu müharibədə Rəcəb Tayyib Ərdoğan başda olmaqla, türk qardaşlarımızın bizə olan qayğısı nəticəsində qələbəni əldə etdik. Azərbaycan xalqı - bizim hər birimiz qürur hissi keçiririk ki, dünənədək məğlub dövlətin məğlub vətəndaşları idiksə, bu gün qalib ölkənin qalib vətəndaşlarıyıq. Biz bununla qürur duyuruq. Bundan böyük nə ola bilər?!Torpaqlarımz geri qayıdıb və o ərazilərdə bərpa-quruculuq işləri gedir. Heydər Əliyevin siyasi xətti əsas hədəflərimizə, məqsədlərimizə çatacağıq. Bu yolda qarşımıza çıxan heç bir maneə yolumuzu kəsə bilməz. Belə maneələr yaratmaq istəyənlər çoxdur, amma onların heç biri Prezidentimizin apardığı, onun dərin təməllər üzərində qoyulmuş siyasəti qarşısında dayana bilməyəcək və istəyimizə nail olub, ölkəmizi gün-gündən çiçəkləndirəcəyik.
– Heydər Əliyev hər zaman dünya azərbaycanlılarını həmrəyliyə çağırıb. Ulu öndər dünyada yaşayan həmvətənlərimizin əlaqəli şəkildə fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd etməklə, həmrəyliyin əsasını qoydu. O, dünya azərbaycanlılarını Azərbaycan naminə vahid güc olmağa səslədi. Heydər Əliyevin qoyduğu bu ənənə dünyada yaşayan azərbaycanlıların vahid mərkəzdən koordinasiyası baxımından necə qorunur?
- Heydər Əliyevin dövlət, milli dəyərlərimiz naminə dünya azərbaycanlılarının vahid bir gücə çevrilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində sərgilədiyi həmrəylik ideoloji siyasi xətti bu gün də yaxşı mənada irəliləməklə müşahidə olunmaqdadır...
...17 noyabr 1990-cı ildə Naxçıvan Ali Sovetinin sessiyası çağırıldı. Heydər Əliyev orada Azərbaycan Xalq Cümhuriyyətinin siyasi bayrağını qaldırmaqla bizə göstərdi ki, yolumuz müstəqillikdir. Və o vaxt “sovet sosialist respublikası” sözləri də yığışdırıldı. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olundu. Bu gün diasporalarımız dünya səviyyəsində, ayrı-ayrı ölkələrdə xüsusi işlər aparırılar. Hesab edirəm bu, çox fərəhli bir haldır.
Tahirə Qafarlı