Heydər Əliyev bolşevik siyasi xəttini sındıra bildi – Fəzail İbrahimli

11:07 06.10.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.  Prezidentin Sərəncamına əsasən “2023-cü il Heydər Əliyev ili” elan edilib. Bu istiqamətdə hafta.az-a müsahibə verən Milli Məclisin sədr müavini Fəzail İbrahimli tarixi faktlara istinadən çox mühüm məqamlara toxunub.

– 2023-cü ilin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlanması və həmin ilin “Heydər Əliyev ili” olması hansı tarixi  əhəmiyyətə malikdir?

- Cənab Prezidentin təklifi ilə 2023-cü ilin Ulu Öndərin şərəfinə elan olunması tamamilə qanunauyğundur. Tariximizə, dünənimizə, bugünümüzə və gələcəyimizə olan bir münasibətdir.  Ulu Öndər 1923-cü ildə dünyaya gəlib. Amma onun həyat salnaməsi iki tarixi dövrə bölünür: sovet dövründə Heydər Əliyev və Müstəqil Azərbaycan dönəmində Heydər Əliyev. Heydər Əliyev dünyaya gələndə - 1923-cü ildə Azərbaycanın tarixi üçün ən böyük faciəvi dövr başlamışdı. “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması məhz 1923-cü ildə baş vermişdir. Azərbaycanın Qarabağla bağlı olan keçmişi Heydər Əliyevin doğulduğu bir ilə təsadüf edirdi və o, ömrünün sonunadək həmin problemin həlli uğrunda vuruşdu, ancaq həyat ona bu problemi həll etməyi nəsib etmədi.

– Sovet dönəmində Heydər Əliyevin fəaliyyəti üçün səciyyəvi cəhət nədən ibarət idi?

– 1920-ci il aprelin 27-də baş verən sovet bolşevik işğalından, təxminən, iki ay sonra Azərbaycan Kommunist Partiyasının II qurultayı çağırıldı və qurultayda bolşeviklərin əsl simasını ifadə edən bir fikir səsləndi: azərbaycanlı – müsəlman yaxşı bolşevik ola bilər, ancaq ona etibar etmək olmaz,  çünki onun içərisində müsavatçılıq və müsəlmançılıq var. Bu siyasi xətt sovet hökuməti dağılanadək davam etdi.  Bu xətt Heydər Əliyevin taleyində öz izini buraxdı.

Burada bəzi məqamlara diqqət çəkək:  “Müsəlmana etibar etmək olmaz!” - siyasi xətti məhz tarixi şəxsiyyət Nəriman Nərimanovun zəhərlənməsinə gətirib çıxarmışdı. Əsrin ikinci yarısında Mircəfər Bağırov güllələndi. Bu, təkcə Mircəfər Bağırov dövrünün 1937-ci il hadisələri ilə bağlı deyildi, əslində, həmin o siyasi xətt davam etdirilirdi. Hətta Partiyanın VI qurultayında bəyan etdilər ki, Azərbaycanda azərbaycanlılardan ibarət millətçi qrup var. Həmin o “millətçi qrup” adı altında Azərbaycanda nə qədər ziyalı var idi, yerlə-yeksan etdilər. Heydər Əliyev bu bolşevik siyasi xəttini özünün şəxsi xarakteri,  siyasəti, diplomatiyası, zəkasının qüdrəti ilə sındıra bildi.  Söhbət ondan gedir ki, Heydər Əliyev 1967-ci ildə, ilk dəfə olaraq Dövlət Təhlükəsizlik Komitəsinin sədri seçildi. O, Azərbaycanın tarixində ilk insan idi ki, ona etibar edildi.  Sovet bolşevizminin siyasi xətti belə idi ki, müsəlmana etibar etmək olmaz. Heydər Əliyevin şəxsi nüfuzu, zəkası o qədər qüdrətli idi ki, ona etibar edildi. Xalqın taleyi məhz Dövlət Təhlükəszilik Komitəsinin divarları içərisində həll olunur,  məsələlər sonra Kommunist Partiyasına ötürülürdü. Kommunist Partiyası ancaq siyasi qərarlar verirdi. 

Heydər Əliyev “Müsəlmana etibar etmək olmaz!” şüarını rədd etdi, o sipəri qırdı və ilk dəfə olaraq  millətinin taleyini öz imzası ilə  həll etmək imkanına malik oldu.  Bu hadisə nə qədər insanın taleyinə təsir göstərdi. 

1969-cu ildə isə Azərbaycan Kommunist Partiyasının Birinci katibi seçilməklə,  demək olar ki, Azərbaycan artıq keçmiş ittifaq respublikaları içərisində əsas yerlərdən birini tutdu. Azərbaycan o vaxtadək adının düzgün deyilmədiyi bir məmləkətdən İttifaq miqyasında öndəgedən bir məmləkətə çevrildi. Bu da Ulu Öndərin ikinci əsas addımlarından biri idi.

Baxaq görək, Heydər Əliyevin üçüncü addımı nə oldu?

...Stalinin ölümündən sonra Siyasi Büroda qeyri-leqal qərar qəbul edilmişdi. Qafqaz, türkmənşəli insanları Siyasi Büroya gətirmək olmazdı; Beriya güllələnir, Stalin “antisovet” çıxarılır... Bundan sonra Siyasi Büroda, ancaq slavyanmənşəli şəxslər yerləşdirilirdi. Heydər Əliyev Siyasi Büroya üzv seçilməklə bu siyasi xətti də darmadağın etdi.  Heydər Əliyev təkcə Siyasi Büronun üzvü deyildi, həm də SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini idi, yəni hökumətdə ikinci adam idi. O dövrdə Heydər Əliyevin adı ilk beşlikdə çəkilirdi. Nəticə çıxarmaq olar ki, işğal olunan, əyalət kimi baxılan, millətinə müsəlman və türk parçası kimi yanaşılan bir məmləkətin nümayəndəsi böyük bir imperiyanın idarəçiliyinə gedib çıxa bildi. Bununla da idarə olunan milləti, idarə edən millət statusuna qədər qaldıra bildi. Bax, Heydər Əliyevin böyüklüyü bu idi.  Bu, sovet dövrü mərhələsində idi. Bu siyasi xətti sonda sağlıq durumu ağırlaşanadək gətirib çıxara bildi. Həyat davam etdi və Ulu Öndər qüdrətli cəngavər, bir insan kimi heç nəyin qarşısında əyilmədi...

- Ulu Öndərin, qeyd etdiyiniz kimi, SSRİ-nin tərkibində olduğumuz dövrdə Azərbaycanımızın inkişafı naminə gördüyü işlər və müstəqillik dövründə apardığı dövlətçilik siyasəti bugünümüz  üçün hansı bazanı yaratdı?

- 1990-cı illəri Ulu Öndərin Azərbaycan Dövləti, xalqı qarşısında gördüyü böyük işlərin ikinci dövrü hesab etmək olar... Azərbaycanı zaman iki dəfə böyük imtahana çəkmişdi: əsrin əvvəllərində və sonunda. Əsrin əvvəllərində zaman məsələni belə qoymuşdu: ya ayağa dur, dövlətinə sahib ol, dünya dövlətləri sırasında dayan və bütün dünyaya bəyan et ki, “Mənim dövlətçilik tarixim var, mən dövlətimiz qurmalıyam!..”.

Bu, cümhuriyyət liderlərinin fəaliyyət göstərdiyi dövr idi. Birinci dünya müharibəsi qurtarıb, rus imperiyası dağılıb, zaman çox münbit bir şərait yaratmışdı. Məhz bu həqiqəti dərk edən, bu tarixi missiyanı üzərinə götürən, Avropanın qabaqcıl düşüncələrinə sahib olan, rus təhsilinə yiyələnən Zaqafqaziya Seyiminin Azərbaycan nümayəndə heyətinin üzvləri – 44 kişi bu ağırlığı öz üzərinə götürdü və Tiflisdə Azərbaycan adında bir məmləkət elan edib, onu 23 ay yaşatdı.  Paytaxt yarandı, sərhədlər müəyyən olundu. Ancaq deyir, “zalımın başı qarışanda , məzlum bildiyini edər”...

Sovet rejimi aprel işğalında Azərbaycan Xalq Cümhuriyyətinə son qoydu və bu tarixi missiya bolşeviklərin əlinə keçdi.

...1991-ci ildə Azərbaycan yenə müstəqilliyini qazandı.  Yenə o qara buludlar Azərbaycanın üstünə çökdü.  Azərbaycanın bölünməsi, parçalanması, vətəndaş müharibəsi, artıq reallaşmaq ərəfəsində olanda bu dəfə Cümhuriyyət liderlərinin hamısının birgə gördüyü işi, tarixi missiyanı Heydər Əliyev öz çiyninə götürdü, yenidən Azərbaycana rəhbərliyə qayıtdı və Azərbaycan özünün müstəqillik tarixini yaşamağa başladı. Təkcə 1994-cü ildə “Əsrin Müqaviləsi”ni bağlamaqla, gələcək Azərbaycanın taleyinə qızıl imza atdı. Ulu Öndər dünyasını dəyişdikdən sonra onun yolunu layiqli davamçısı İlham Əliyev  davam etdirdi. Ulu Öndər öz vəsiyyətində yazır ki, “Mən İlham Əlyevə özüm kimi inanıram, özüm edə bilmədiyim işləri o həll edəcək...”. 

İlham Əliyevin prezidentliyi dövründə  Azərbaycan dünyaya yeni bir simada daxil oldu, Qafqazda güclü dövlətə çevrildi, hərbi gücünü artırdı və Ulu Öndərin nisgillə dünyadan getdiyi, həll edə bilmədiyi Qarabağ probleminin həllinə nail oldu. Onun Şuşanın işğaldan azad olunduğu dövrdə elan etdiyi “Atamın vəsiyyətini yerinə yetirdim” sözləri  böyük məna kəsb edirdi. Bu tarixi missiyanı təkcə ata vəsiyyətinin yerinə yetirilməsi ilə məhdudlaşdırmaq olmaz.  Bu, Azərbaycan xalqının kimliyini özünə qaytardı. Bu, ikiyüzillik əzilən, lakin tabe olmayan bir millətin tarixdə ermənilrə qarşı ilk qələbəsi idi. Zəfəri reallaşdıran cənab Prezident oldu.  Bu gün Ulu Öndərin ruhu şaddır.  Azərbaycan müstəqildir, güclüdür və onun övladı İlham Əliyev Bayrağımızı əlində qaldıraraq bütün xalqı öz ardınca uğurla aparır.  Allah Ulu Öndərə rəhmət eləsin...

– Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyevin düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini düşündürən məsələləri uğurla həll etdiyini qeyd etdiniz. Ulu öndərin adı ilə yazılan tariximiz gələcək məqsədlərə çatmağımız üçün hansı imkanları açır?

– Cənab Prezident dəfələrlə bəyan edib ki, biz Ulu Öndərin qoyduğu ideyalar əsasında gedirik. Müstəqilliyimizin möhkəmləndirilməsi və Azərbaycanın bugünükü durumu Ulu Öndərin o ideyalarına söykənərək həyata keçib. Ulu Öndər kifayət qədər öyrənilib. Onun izi hər yerdə görünür. Əslində, onun irsinin öyrənilməsindən çox, onun izlərinin hər bir yerdə görünməsi Azərbaycan xalqı üçün çox dəyərləndirilən məqamlardandır. Güman edirəm ki, xüsusi proqram hazırlanacaq, tədbirlər həyata keçiriləcək və onunla bağlı üzə çıxmayan məqamlar bundan sonra da üzə çıxarılacaqdır. Azərbaycan xalqı “Heydər Əliyev İli”ni özünün ömür salnaməsinə yazacaq...