Hindistan hökumətinin son aylar ölkədəki hərbi pilotsuz təyyarə istehsalçılarına Çin istehsalı olan hissələrdən istifadəni qadağan etdiyi iddia edilir.
Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, bu qərar mümkün təhlükəsizlik zəifliklərinin qarşısını almaq üçün qəbul olunub.
Məlumdur ki, Hindistan ordusu üçün modernləşdirmə proqramı üzərində işləyən Dehli administrasiyası pilotsuz robot helikopterlərin, uzunömürlü sistemlərin və digər avtonom platformaların istifadəsini genişləndirmək istəyir.
Hindistanda yeni yaranmaqda olan sənaye ordunun ehtiyaclarını ödəmək üçün addımlar atmağa çalışsa da, ölkənin müdafiə və təhlükəsizlik dairələri Pekin tərəfindən kəşfiyyat məlumatlarının toplanması üçün pilotsuz təyyarələrdə istifadə olunacaq Çin istehsalı hissələrin istifadəsindən narahatdır.
Fevral və mart aylarında pilotsuz təyyarə istehsalçıları ilə iki görüş keçirən Hindistan ordusunun səlahiyyətliləri, "Hindistanla quru sərhədi olan ölkələrdən alınan hissələr təhlükəsizlik baxımından qəbul edilməyəcək" deyiblər.
Mövzu ilə bağlı dərc edilən tender spesifikasiyasında istehsalçılardan dron hissələrinin hansı ölkədə istehsal olunduğunu bildirmələri istənilib.
Hindistanda müdafiə sənayesinin Çindən asılı vəziyyətə düşdüyünü ifadə edən yüksək səviyyəli müdafiə rəsmisi, istehsalçılara “qonşu ölkələr” xəbərdarlığının Çinin adının çəkilməməsi üçün bu şəkildə ifadə olunduğunu bildirib.
Eynilə, ABŞ Konqresi 2019-cu ildə Pentaqona Çindən dron hissələri almağı qadağan etmişdi.
2023-24-cü illərdə ordunun modernləşdirilməsinə təxminən 20 milyard dollar ayıran Hindistanın bu məbləğin 75 faizini yerli müdafiə sənayesində istifadə etməyi planlaşdırdığı məlumdur.